Yezidilər – Mələk Tausnın törəmələri Featured

 

 

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru. “Ədəbiyyat və incəsənət” üçün

  

Laliş məbədindən Şahid Bincar əfsanəsinə

 

Xristianlığın mənəvi əzəmətindən, zərdüşdülüyün nurundan bəhrələnən, özlərinə yeni bir dünya, aləm və inanc sistemi yaradan, Mələk Tausun, Şahid Bincar soyunun, Laliş məbədinin müqəddəsliyinə bağlı olan yezidilər barədə az danışılıb, az yazılıb. Orta Şərqin ortasında savaşların, dinlərin, imperiyaların arasında bərqərar olan, amma hər birindən təcrid edilən yezidilər yüz illər boyu cəmiyyətdən uzaq tutulmuşdur. Sürgünə məhkum edilsələr, cəmiyyətdən kənar saxlanılsalar da, hələ də varlıqlarını qorumaqdadırlar.

Mesopotamiyanın minillik mədəniyyət xəritəsindən boylanan, zərdüşdülükdən od, atəş və günəş inancını alan, xristianlıqdan vaftizəbənzər arınma ayinlərini, islamdan isə surə və ayələrin, dini mərasimlərin özəlliyini götürən yezidilər ayaqda qalmaq, varlıqlarını qorumaq üçün mübarizə apardılar. Ayrı-ayrı xalqlardan və dinlərdən əxz etdikləri düşüncə sistemindən özlərinə məxsus inanc sistemi yaratdılar.

 

 

Mən yalnız məni yaradan Tanrıya itaət edərəm

 

Yezidilərə görə, Tanrı aləmi yaratmış, sonra onu yeddi mələyin ixtiyarına vermişdir. Bu yeddi mələyin ən önəmlisi Mələk Tausdur. Mələk Taus tovuzquşunun qanadlarında göy üzünün bütün rənglərini özündə ehtiva edən, həm gözəgəlimli, həm də sirli, möcüzəvi bir varlıqdır. İslamda şeytan kimi qəbul edilən bu varlıq – Mələk Taus yezidilikdə yaradılışın ən mühüm ünsürlərindən biri sayılır. Tanrı ona insanları yaratmaq izni və eyni zamanda vəzifəsidir.

Tanrı Mələk Tausa həm də belə bir göstəriş də verir: Tanrıdan ruh, vəzifə və səlahiyyət almasına baxmayaraq, Mələk Taus “Mən yalnız məni yaradan Tanrıya itaət edərəm” deyərək, buna etiraz edir. Qüruru, daha doğrusu, hikkəsi üzündən Tanrıya etiraz edən Mələk Tausun cəzası “40 min il odda yanmaq olur. Bir gün odda yanarkən göz yaşlarını sel kimi tökən Mələk Tausun ah-naləsi Tanrını yumşaldır. Onun göz yaşları təkcə alovu söndürmür, Tanrı ilə barışmasına da vəsilə olur. Bu səbəbdən Mələk Taus yezidilər üçün həm yaxşılığın, həm də pisliyin qaynağı kimi qəbul edilir. Yer üzündəki düzən və mizanı o yaradır”.

 

 

Tanrı Şahid Bincara bir mələk göndərir...

 

Yezidi inancının mərkəzində dayanan Şahid Bincar hekayəsi – əfsanə, nağıl və dastan özəlliyi ilə yaddaşdan yaddaşa ötürülərək günümüzə qədər gəlib çatmışdır. Əfsanəyə görə, Tanrının yaratdığı ilk iki insandan 80 uşaq dünyaya gəlir. Lakin aralarındakı səmimiyyət və hüzur uzun sürmür və onlar bir imtahana çəkilirlər. Tanrıdan nida gəlir: hər biri ruhunu və düşüncələrini bir küpəyə dolduracaq, ağzını bağlayıb 40 gün gözləyəcək. Qırx gün sonra küpələr açılır. Kişinin küpəsindən Şahid Bincar çıxır, qadının küpəsindən isə əqrəblər, ilanlar, sürünənlər və qorxulu varlıqlar, məxluqlar çıxır.

İlk baxışda ata və anaları Şahid Bincarı elə sevirlər ki, digər uşaqları unudarlar. Söhbətin böyüməsi digər 79 övladın kininə, nifrətinə, paxıllığına səbəb olur və onları bir araya gətirərək Şahid Bincarın öldürülməsinə qərar verirlər. Küpədən ilan, çayan, əqrəb çıxan qadın tayının gizli xəbər verməsindən sonra edam başlanacaqdı. Hər şeyi duyan və görən Mələk Taus dörd cinə əmr verir. Gecə olarkən cinlər bu 79 uşağın ağızlarına üfürərək onlara yeni nəfəs verirlər. Səhər oyandıqlarında artıq onlar başqa bir ruh halında idilər. Ana “öldürün” əmri verərkən artıq kimsə onu dinləməz. Beləliklə, Şahid Bincar ölüm hökmündən, edamdan xilas olur.

Sonra Tanrı Şahid Bincara bir mələk göndərir. Onun mələklə izdivacından doğulan körpə bu gün yezidilər kimi tanıdığımız soyun atası, soy ağacı olaraq qəbul edilir. Bu səbəbdən də yezidilik üzərindən keçiləcək adi bir din və ya sadə bir xalq deyil; ulu Tanrıdan doğulmuş, törə-mirası olan bir qövmdür. Onu da qeyd edək ki, dinə sevgi və inanc kitabdan öyrənilmir. Yezidilərdə bu ali məqam yazı mədəniyyətinə deyil, yaddaşdan yaddaşa ötürülmə ənənəsinə bağlıdır. Hələ də yaşayan və yaşadılan bir tarix kimi dəyərlidir.

 

 

Bir yezidi yalnız öz inancına mənsub biri ilə ailə qurub nəsil artıra bilər

 

Dinlənilən, anlaşılan və yaddaşdan yaddaşa ötürülən bu inanc sayəsində yezidilər yüz illərdir ayaqdadırlar. Əldə olunan məlumatlardan bəlli olur ki, dinini, dilini, mədəniyyətini, adət-ənənələrini, tarixini və inancını bir bütöv halda qoruyan yezidilər milli kimliklərini və mənəvi əzəmətlərini qorumaq üçün bir toplum olaraq üç istiqamətdə idarə olunurlar. Əsas qatda inancı qoruyan və mühafizə edən zümrə, ikinci səviyyədə cəmiyyəti idarə edən rəhbərlik, alt qatda isə rəhbər strukturların qaydalarını və inancın mahiyyətini icra edən xalq dayanır.

Yezidi təliminə əsasən, bir yezidi harada doğulubsa, orada qalmalı, artıb-çoxalmalı, inancına və dəyərlərinə sahib çıxmalıdır. Ailə münasibətləri, evlilik məsələsi və nikah mərasimi yezidiliyin əsas şərtlərindəndir. Yezidilik dininin qaydalarına görə, bir yezidi yalnız öz inancına mənsub biri ilə ailə qurub nəsil artıra bilər. Bir yezidi özgə dinin və millətin daşıyıcısı ilə nikaha girib genetik kodlarını qarışdıra bilməz. Hətta eyni inanca sahib olsa belə, özgə soya və ya etnik qrupa mənsub biri ilə də nikah qadağandır. Kənardan baxanda qəribə görünən bu fakt sübut edir ki, yezidilər də yəhudilər kimi gen və qan bağlarını, inanclarını qoruyan qövmlərdəndir. Qapalı həyat tərzi sürən, milli və dini kimliyini qoruyan yezidilər məhz bu səbəbdən min illərdir yaşayır, mənəvi əzəmətlərini qorumaq uğrunda mücadilə edirlər. Qoyduqları sərt qanunlarla keçmişdən bu günə gəlib çıxan yezidilər minillər boyu çoxsaylı soyqırımlar, qətliamlar, müharibələr və sürgünlər görsələr də, məhz bu qaydalarla özlərini yaşadıblar. Din dəyişdirməyi, inancdan dönməyi və yaddaşdan qopmanı ölümdən ağır hesab edirlər.

 

 

 

İŞİD-in Şənqala hücumu yezidiləri yurdundan didərgin saldı

 

Yezidilərin üzləşdiyi ən böyük təcavüz və təhdid dolu hücum isə 2014-cü il hadisələri ilə bağlıdır. İŞİD-in Şənqala hücumu yezidiləri yurdundan didərgin saldı, kütləvi soyqırıma səbəb oldu. Minlərlə yezidinin öldürülməsi, on minlərlə insanın dağlara çəkilməsi, qocaların, qadınların, körpələrin köləyə çevrilməsi, ailələrin dağıdılması insan haqlarından danışan dünyanın sükutu ilə müşayiət olunub, səssizliyini ortaya qoydu. Şənqal qalasının süqutu, Şənqalın yerlə-yeksan edilməsi onu sadəcə bir xatirəyə və soyqırım ünvanına çevirdi.

Bütün bunlara baxmayaraq, yezidilər hələ də həyatda qalmaqda, yurda dönmək arzusu ilə mübarizə aparmaqdadırlar. Bəziləri Avropada yeni həyat qursalar da, böyük əksəriyyəti köçkün şəhərciklərində yaşayır, kiçik bir qismi isə Şənqala dönərək ata-baba yurdlarında dağılmış yuvalarını yenidən qurur. Beynəlxalq siyasətin dəstəyindən məhrum qalan, unudulan Şənqalın da, yezidilərin də etiraf edək ki, bu gün hələ də bir ümidi var – özlərinə və Tanrıya.

 

 

 

Şimali Mesopotamiya – Yezidiliyin döyünən qəlbi

 

Yezidilik bir məzhəb din, daha doğrusu dini düşüncə və inanc sistemi kimi Şimali Mesopotamiyada, xüsusilə Şənqalda döyünür. Yezidilər üçün İraqın Laliş vadisi Yer üzündə ən müqəddəs, qudsal yer hesab edilir. Harada yaşamasından asılı olmayaraq, hər bir yezidi ömründə bir dəfə də olsa Laliş vadisinə ziyarətə gəlməyi, hac etməyi mənəvi borc bilir.

Əldə olunan məlumatlardan görünür ki, Yezidilər ibadət zamanı qibləni günəşin doğduğu yer olaraq qəbul edir. Üzü günəşə tərəf ibadət edir, gündə üç dəfə dua edərək səcdəyə dururlar. Suyu, odu və atəşi arınmanın simvolu kimi qəbul edən yezidilər bunu Tanrıya ibadətin və təbiətə sevginin nümunəsi sayırlar.

Əski gələnəklərini, oda, işığa, atəşə və axar suya inancını qorumaq üçün yezidilər İŞİD-in dəhşətli hücumlarına baxmayaraq ibadətlərini dayandırmamışlar.

 

 

Kahı – yezidilərin rasionundan niyə çıxarıldı?

 

Yezidilik haqqında tez-tez yanlış başa düşülən məsələlərdən biri də onların müəyyən qidaları yeməməsi ilə bağlıdır. Bəziləri bunu sadəcə qida qadağası kimi qəbul etsə də, əslində arxasında dərin bir həqiqət dayanır. Əfsanəyə görə, Mələk Taus bir kahı bitkisindən qorunma üçün yardım istəyir. Lakin kahı bu istəyini geri çevirir və yarpaqlarını yumub içində gizlənir. Bu səbəbdən də kahı və oxşar tərəvəzlər – iç-içə keçən kahı-kələm formalı bitkilər – Yezidilər tərəfindən qida rasionundan çıxarılır. Bu ənənə, Mələk Tausun kədər yeri ilə bağlı yaddaşdan yaddaşa ötürülür.

Genetik kodlarını, dini etiqadlarını qorumağa çalışan yezidilər yalnız inancına mənsub olan biri ilə evlənir və nəsil artırırlar. Bu qaydalar minillər boyu dəyişməyib. Yezidilərin inanc və etiqadlarını qorumaq üçün qoyduğu sərt qaydalar onları həm də hörmətə layiq edir. Baxmayaraq ki, dini tarixi mənbələrdə onlar müsəlman cəmiyyətlərində xüsusi statusda qeyd olunub.

 

 

Zülfi Livanelinin “Huzursuzluq”undan Ahmet Umutun “Kavim”inə

 

Şərqin məşhur ədiblərindən biri, Zülfi Livaneli, “Huzursuzluq” romanında Şənqal faciəsini, yezidilər üzərində törədilmiş soyqırımı və qətliamı işıqlandırır. Bu əsər həm tarixi, həm də ədəbi baxımdan Yezidilərin yaşadıqları faciələri sənədləşdirən ciddi bir mənbədir.

Romanını bir sevgi hekayəsi ilə başlayan müəllif, savaşın faciəsini və bir şəhərin yerlə-yeksan edilməsini tarixi faktlarla təsvir etdiyi kimi, yəhudi mədəniyyətinin inancını, insan sevgisini də ilmə-ilmə, naxış-naxış toxuyur.

Ahmet Umutun “Kavim”i romanı isə hüquq-mühafizə orqanları daxilində yezidiləri diqqət mərkəzinə çəkir. Əsər, onları azsaylı xalq, qövm olaraq aşağılayanların ikili standartlarla üzləşdiyini göstərir. Hər iki müəllif yezidilərin yalnız tarix kitablarında və arxiv sənədlərində deyil, həm də insani münasibətlərdə, sevgi hekayələrində, tarixi romanlarda və bədii-publisistik yazılarda tanınmasının vacib olduğunu vurğulayır.

Yezidilər dünyanın ən qədim, eyni zamanda ən az tanınan qövmüdür. Minillər boyu üzləşdikləri faciələr, soyqırımlar, qətliamlar, deportasiyalar və miqrasiyalar onların yalnız inancını deyil, varlığını da sınağa çəkmişdir. Buna baxmayaraq, onlar ömür boyu milli mənlik və kimlik uğrunda mücadilə edərək ayaqda qalmağı bacarmışlar.

Təhdidlərə, hücumlara baxmayaraq, Yezidilər hələ də Yaxın və Orta Şərqin ürəyində mövcuddur. Laliş Məbadində hacc ziyarəti edən, Şahid Bincar əfsanəsini dinləyən, qan və gen bağlarını, yaddaşdan yaddaşa ötürülən ənənələrini qoruyan Yezidilər var. Onlar dağılan yurdlarını – Şənqaı yenidən tikir, günəşin doğduğu tərəfə üz tutaraq ibadətlərini davam etdirirlər.

Millət və məmləkət də insan kimidir: Yaddaşı ilə yaşayır, doğulur, ümid edir, sevilir, köç edir və geri dönür. Yaddaş yeri, irsi və mirası ilə yaşayır.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

 

               

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.