İrəli baxarkən və ya, 0:6-ya sözardı Featured

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

“Liverpul” - “Qarabağ” 6:0. - Bəli, ağır məğlubiyyətin ağrısı var; amma məğlubiyyət həmişə tam anlamı ilə, bütün parametrlər üzrə məğlubiyyət sayılmaya bilər - o, bəzən (necə deyərlər) varılmış yolun ölçüsünü, çəkini, məsuliyyəti də göstərir. Yanvarın 28-dən 29-na keçən gecə Liverpulda baş verən də məhz bu olsa gərək…

 

Biz “Qarabağ”dan qələbə gözləyirdikmi? - Bəli, şəxsən mən “Qarabağ”a qələbə, ən azından heç-heçə  yaraşdırırdım. Bu yaraşdırma, bu gözlənti romantikadan, xəyaldan yox, “Qarabağ”ın özünün bizə aşıladığı inamdan doğmuşdu. Çünki bu komanda artıq təkcə Azərbaycan çempionu olmaqla yetinməyən, Avropada öz adını dişi-dırnağıyla yazmağı bacarmış əzmli komandadır.

 

Biz bilirdik ki, qarşıda “Liverpul” var. Danılmaz ənənə, çox bahalı heyət, dünya ulduzları, kuboklar, final xatirələri… - Bunları bilirdik, əlbəttə; amma bilə-bilə də inandıq. Bakıdan Liverpula qanadlanırdıq, öz sözümüz, duamız, ümidimiz-inamımızla kainatın ruhuna ismarıclar göndərərək “Qarabağ”a kömək olmaq istəyirdik. Gücümüz nəyə çatırdısa, onu etməyə çalışır, mənəvi dəstək nümayiş etdirirdik. Dilimiz nəinki böyük hesabla uduzmağı, ümumən uduzmağı ifadə etmək istəmirdi - hiss-həyəcan ağlın gerçəklikləri qəbuletmə mexanizmini işləməyə macal vermirdi…

Bəli, bu oyun “Qarabağ” üçün “ölüm-dirim” deyildi. Turnir cədvəli, kart riski, növbəti mərhələ hesabları vardı. “Liverpul” isə ilk səkkizliyi həll edirdi - və bunu final kimi, var gücüylə, ən əsas heyəti ilə, dünya ulduzlarını meydana çıxararaq oynadı. Onlar öz meydanlarında oynasa da, çoxsaylı parametrlərlə üstün olduqları bəlliykən, yenə də ehtiyatı qətiyyən əldən vermədilər və bununla da “Qarabağ”ı xəfifə almadıqlarını etiraf etmiş oldular. Bir ehtiyat oyunçusunun futbol bazarındakı maddi dəyəri qədər büdcəsi olan kluba qarşı var gücüylə oynamaq qərarının, 3:0-dan, 4:0-dan, hətta 5:0-dan sonra belə dayanmamağın, müdafiəyə çəkilib, oyunu söndürməməyin başqa nə yorumu, yozumu var? Bu detallar çox şeyi çatdırır.

Bəli, 6:0 ağırdır; amma bu hesab “Qarabağ”ın yolunu kəsmədi; əksinə, onun haraya gəlib çıxdığını hamı görür. Bir baxın, ilk 8-likdəki klubların 5-i məhz İngiltərə futbol mühitini təmsil edir.

Bu mərhələdə, Avropa futbol coğrafiyasının ilk 24-lüyündə keçmiş SSRİ-dən, hətta Şərqi Avropa daxil postsosialist məkanından “Qarabağ”dan başqa klub varmı? Türk-müsəlman ölkələrinin klublarından isə yalnız, bizimlə eyni xal toplamış “Qalatasaray” var. Bəs bu mənzərə təsadüf sayıla bilərmi? - Əsla! Bu, illərin zəhmətidir. Qurban Qurbanovun təmkinidir, klubun yaddaşıdır, bütün “Qarabağ”sevərlərin, elə Qarabağsevərlərin inamıdır.

Xalq şairi QABİL demiş: “Alqış təsəlliyə”!

“Qarabağ” növbəti mərhələdədir; dünənkindən daha yaxşı da ola bilərdi, ancaq daha pis də ola bilərdi.

Bəli, psixoloji məqam var. Dövlətlərarası münasibətlərdə necə ki, güc balansı həmişə nəticəni müəyyən etmir, futbolda da ad, büdcə, tarix hər şey demək deyil. Əks halda, futbol çoxdan maraqsız oyun olardı.

“Qarabağ” bu mövsüm “Benfika”nı, “Ayntraxt”ı, “Kopenhagen”i udub. “Qarabağ”ın gedib öz meydanında udduğu “Benfika” “Kral klubu”nu - Madridin “Real”ını uddu və “Real” ilk 8-liyə düşə bilmədi... Bunlar sıradan adlar deyil. Bunlar Avropa futbolunun öz çəkisi olan klublarıdır. Deməli, “Liverpul”a qarşı inamımız əsassız deyildi. Bu inam “Qarabağ”ın öz əzmli qələbələrindən doğmuşdu.

İndi qarşıda “Nyukasl” (Newcastle United və ya PSG (Paris Saint Germain) var.

PSG - bizə daha çətin ola bilər;

“Nyukasl” isə bizə daha gerçəkçi imkanlar vəd edir.

Və ingilis klubuna ağır məğlubiyyətin cavabı yenə bir ingilis klubuna qalib gəlməklə verilə bilər... Onda deyərik: “Bax, bu, futbolun ədalətidir. Bu, “Qarabağ”ın uğur hekayəsidir”.

Biz qələbəyə köklənməliyik. Çünki azad Ağdamın “Qarabağ”ı bizi buna öyrədib. Gecə uduzduq - amma gündüz yolumuza davam edirik. İrəli!

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.