Ekran arxası, yoxsa sinif otağı? Şagirdlərin taleyini hansı hazırlıq forması müəyyənləşdirir? - Ekspert Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Son illər təhsil təkcə sinif otaqları ilə məhdudlaşmır. Texnologiyanın həyatın bütün sahələrinə sirayət etməsi kimi, hazırlıq metodları da dəyişib, yeni formalar qazanıb. Bu gün şagirdlər və abituriyentlər imtahanlara hazırlaşarkən iki fərqli yol arasında seçim edirlər: müəllimlə üz-üzə, canlı dərslər və ya ekran arxasından keçilən onlayn hazırlıq. Hər iki format özünəməxsus üstünlüklər, eyni zamanda cavab axtaran suallar doğurur.

 

Bir tərəfdə ənənə dayanır — sinif otağının sükutu, müəllimin baxışları, lövhədə yazılan qeydlər və dərsin canlı ritmi. Canlı dərslər təkcə bilik ötürülməsi deyil, həm də intizam, ünsiyyət və dərs mühitinə adaptasiya deməkdir. Müəllimlə üz-üzə təmas şagirdin diqqətini toplamasına, dərsi daha məsuliyyətlə qavramasına kömək edir. Bəzi valideynlər üçün bu format etibar hissi yaradır: dərs real məkanda, real nəzarət altında keçirilir.

Digər tərəfdə isə zamanla ayaqlaşan onlayn platformalar dayanır — məsafələri qısaldan, zamanı qənaətə çevirən, dərsi bir klik qədər yaxın edən rəqəmsal imkanlar. Onlayn hazırlıq xüsusilə regionlarda yaşayan, vaxt və yol problemi olan şagirdlər üçün alternativ deyil, bəzən yeganə çıxış yolu olur. Dərslərin yazıya alınması, fərdi tempdə təkrar imkanı və çevik qrafik bu formatın əsas üstünlükləri sırasındadır.

Lakin rəqəmsal rahatlıqla yanaşı, yeni çətinliklər də ortaya çıxır. Ekran arxasında diqqətin tez yayınması, canlı ünsiyyətin azalması və nəzarət mexanizmlərinin zəifləməsi onlayn hazırlığın ən çox müzakirə olunan tərəflərindəndir. Təhsil mütəxəssisləri hesab edirlər ki, bu format yüksək özünənəzarət və motivasiya tələb edir. Əks halda, texnologiya bilik vasitəsi olmaqdan çıxıb diqqət dağıdan amilə çevrilə bilər.

Valideynlər və müəllimlər üçün əsas sual isə dəyişmir: bu iki yoldan hansında bilik daha dərin, nəticə daha dayanıqlıdır? Cavab birmənalı deyil. Çünki burada həlledici olan təkcə format yox, şagirdin xarakteri, məqsədi, müəllimin peşəkarlığı və tədrisin keyfiyyətidir. Bəziləri üçün canlı dərsin nizam-intizamı vacibdirsə, digərləri onlayn mühitdə daha sərbəst və məhsuldar ola bilir.

 

Bu barədə Ədəbiyyat və İncəsənətportalına açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu həm onlayn, həm ənənəvi metodun şagird üçün işlək olduğunu vurğulayıb:

 

"Effektivlik baxımından canlı  hazırlıq metodunda müəllim şagirdin diqqətini daha rahat toparlaya bilər, həmçinin birada dərhal reaksiya və düzəliş imkanı var.  Xüsusilə zəif motivasiyasıyalı və kiçik yaşlı uşaqlar üçün  bu metod effektiv hesab olunur. Onlayn dərslədə isə vaxta qənaət məsələsi ön plandadır. Yol, gecikmə, xərc...bunlar yoxdur.  Bundan əlavə, dərslərin yazılması və yenidən baxmaq, video şəkil şəklində izləmək imkanı var . Həmçinin,  özünüidarəsi güclü, məqsədi aydın olan şagirdə yüksək effektivlik verir. Nəticə etibarı ilə metodun keyfiyyəti şagirdin intizamından aslıdır:

Eksepertin sözlərinə görə, azyaşlını intizama gətirmək biraz çətin məsələdir:

"Canlı, ənənəvi hazırlıqdadərsdə fiziki nəzarət olur. Telefonla diqqətinyayılıb-yayılmamasının qarşısı alına bilir. Onlayn dərslərdə nəzarət daha çox valideynin üzərinə düşür. Kamera açıq olsa  diqqəti yüksək hesab olunur. Düzgün sistemlə onlayn dərslərdə nəzarət effekti yaratmaq olar. Araşdırmalar və praktikalar göstərir ki,  yuxarı sinif şagirdləri  və abituriyentlərdə onlayn və canlı dərsin nəticəsi daha çox eyni səviyyədə olur.  Aşağı siniflərdə isə canlı dərs daha stabil nəticə verir. Əsas nəticəyə təsir edən faktlar müəllimin keyfiyyəti,  dərs proqramının sistemliliyi , mütəmadi sınaqlar və testlər, şagird-müəllim əlaqəsidir".

Qeyd edək ki, təhsil eksperti onlayn şəkildə hazırlaşdırdığı abituriyentlərin  nəticələrinin yüksək olmasını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.