Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Bir qız ağ gəlinlik geyinib ailə quranda cəmiyyət bunu bayram kimi qəbul edir. Toy çalınır, bir dünya adam yığışır, şəkillər çəkilir, təbriklər səslənir. Amma o qız hələ məktəb partası arxasında əyləşməli, dərsliklərini bağlamamalı idisə, bu mərasim nə toy, nə də xoşbəxtliyin başlanğıcıdır. Bu, uşaqlığın səssiz şəkildə əlindən alınması, gələcəyin vaxtından əvvəl bağlanmasıdır. Erkən nikahlar bu gün də yüzlərlə, bəzən minlərlə qız və oğlanın həyatını yarımçıq qoyur, onların seçim haqqını “adət” adı altında əllərindən alır.
Uşaq yaşında qurulan ailə həqiqətən xoşbəxtlik və sabitlik vəd edirmi, yoxsa cəmiyyətin görmək istəmədiyi səssiz faciədir? Erkən nikahlar illərdir müzakirə mövzusu olsa da, problem hələ də tam həllini tapmayıb. Bu nikahlar uşaqları vaxtından əvvəl böyüklərin məsuliyyətinə məhkum edir, psixoloji və fiziki baxımdan hazır olmadıqları bir həyata sürükləyir. Nəticədə isə təhsildən uzaqlaşma, sağlamlıq riskləri, ailədaxili münaqişələr və sosial təcrid qaçılmaz olur.
Toy musiqisinin səsi bəzən bir uşağın səsini boğur. Gənc yaşda ailə qurmağa məcbur edilən qız və oğlanlar arzularını, planlarını, özlərini tanımaq imkanını itirirlər. Uşaqlıq dövründə verilməli olan qərarlar onların yerinə böyüklər tərəfindən verilir. Bu isə gələcəkdə həm fərdi travmalara, həm də cəmiyyət üçün ciddi sosial problemlərə yol açır.
Erkən nikahlar təkcə bir ailənin verdiyi qərar deyil, bütövlükdə cəmiyyətin inkişafına təsir edən təhlükəli tendensiyadır. Təhsilsiz, iqtisadi cəhətdən asılı, psixoloji cəhətdən zədələnmiş fərdlərin sayı artdıqca, sosial bərabərsizlik daha da dərinləşir. Buna baxmayaraq, bəzi ailələr hələ də erkən nikahı “qoruyucu addım”, “çıxış yolu” və ya “məcburiyyət” kimi təqdim edir.
Halbuki susmaq və görməzdən gəlmək bu problemin həllinə deyil, onun köklənməsinə xidmət edir. Erkən nikahlarla mübarizə yalnız hüquqi mexanizmlərlə məhdudlaşmamalı, eyni zamanda cəmiyyətin düşüncə tərzində dəyişiklik tələb edən ciddi sosial məsələ kimi qəbul edilməlidir. Çünki bu məsələdə söhbət təkcə nikahdan deyil, bir nəslin gələcəyindən gedir.
“Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən psixoloq Gülnar Orucovanın sözlərinə görə, bizim cəmiyyətin düşüncəsi var ki, "tamamlanmaq üçün ailə qurmaq lazımdır". Valideyn isə övladını o zaman tamamlanmış görür ki, övladının uşağı, yəni nəvəsi var:
"Bir insan ailə qurmursa bizim cəmiyyətdə ona çox qəribə suallar verirlər. Bəzən o sualları sərt şəkildə verirlər:"Sən niyə evlənmirsən? Bəlkə problemin var deyə evlənmirsən?". Bu sualla gənci aşağılamağa çalışırlar. Lakin xoşbəxtlik evliliklə olmur. Bəzən deyirlər ki, "evlən, düzələr". Bu söhbət isə çox yanlış bir fikirdir. Evlənməklə hər hansı bir problem həll ola bilməz. Bəzən isə görürlər ki, ailədə münasibət pisdir, o zaman da deyirlər ki, "sən uşaq dünyaya gətir, hər şey düzələcək". Əsla... Biri var uşaq qalmaqal və xaos imərisində böyüyər , biri də iki uşaq atasız v əya anasız qalar, biri də var üç uşaq. Bunu nəzərə almaq lazımdır. Evlənən də heç bir problem düzəlməz".
Psixoloq qeyd edir ki, emosional boşluğu doldurmaq kimi vəziyyət yaradacaq ifadələr demək doğru deyil:
"Bəzən evliliyə hazır olmayan bir insanı evləndirirlər. Doğru yanaşma belə olmalıdır: sən kim olmaq istəyirsən, sən evliliyə hazırsanmı? Sən bu məsuliyyəti dərk edirsənmi? Gənclər o zaman evlənməlidir ki, onlar maddi,psixoloji və fiziki olaraq hazırdırlar. Hazırda boşanmaların sayı çoxdur və bunların altında çox zaman xəyanət , zərərli vərdişlər, maddi sıxıntılar dayanır. Bunların olmaması üçün ancaq düşünürük ki, " qızımız evlənsə onun bütün xərclərini oğlan çəkməlidir". Bu fikir də çox yanlışdır. Qızımız o ailəylə həmahəng olmalıdır. Eyni zamanda işləməlidir. Bəzən imkan o qədər aşağı olur ki, kişi yoldaşını işləməyə qoymur. Bu fonda da ailə dağılır. Maddi sıxıntı fonunda bir ailə dağıla bilməz. Maddi sıxıntı varsa ailə işləməlidir".
Psixoloq bəzən xanımlara deyilən "mənim oğlum belə idi, evləndirdim ki düzəlsin" düşüncəsini sərt tənqid edir:
"Aqressiv insanların evlənməsi qətillərin sayının artmasına gətirib çıxarır. O qədər subay insan var ki, xoşbəxtdir, o qədər də evli insan var ki, çətinliklərə rəğmən xoşbəxt yaşayır. İstəməzdim ki, gənclər bu cür ailə qurub bədbəxt olsunlar. Sevərək, hazır olaraq ailə qurmaq lazımdır".
Şəkildə: Gülnar Orucova
“Ədəbiyyat və incəsənət”
(22.01.2026)


