İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Zənnimcə, Rəhman Orxanı xüsusi təqdim etməyə ehtuyac yoxdur. Qələm sahibləri, mətbuat nümayəndələri, xüsusən sumqayıtlılar onu yaxşı tanıyırlar.
Rəhman Orxan mənim də yaxşı tanıdığım insanlardan idi. Bizimlə qonşu kənddə anadan olmuşdu. Onunla tez-tez əlaqə saxlayar və mətbuat üçün hazırladığım yazılarımla əlaqədar məsləhətlər alardım. Çapa hazırlanan kitablarım haqqında ilk rəyləri də Rəhman müəllimdən dinləmişəm. Ondan həmişə səmimi münasibət, diqqət və qayğı görmüşəm. O, sadə, təvazökar və əmimi, xalqını ürəkdən, bütün varlığı ilə sevən, vətənpərvər insan idi. O, 36 il respublika mətbuatında böyük uğurla çalışmışdı.
Rəhman Orxan həmişə ulu öndərimiz Heydər Əliyevin adını uca tutub, ona daim böyük ehtiram bəsləyib. O, sözdə yox, əməldə Heydər Əliyevçi idi. Onun üçün H.Əliyev əvəzedilməz lider idi.
R.Orxan həmçinin "Heydər Əliyev və Azərbaycan kimyası" kitabının tərtibçisi və redaktoru olmuş, "Bakinets" qəzetinin eyni adlı - "Heydər Əliyev və Azərbaycan kimyası" adlı xüsusi buraxılışını hazırlayaraq, nəşr etdirmişdir. Bu kitabda və xüsusi buraxılışda respublikada, o cümlədən Sumqayıtda kimya sənayesinin yaradılmasında və inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs olunur.
Bunlardan başqa Rəhman Orxan son illərdə dövlət rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində sürətlə yeniləşərək, gündən-günə daha da abadlaşan, dünyanın maraq doğuran, əsrarəngiz şəhərinə çevrilən Sumqayıta həsr etdiyi "Dənizə doğru addımlayan şəhər - Sum qayıtdı!" kitabının da müəllifidir.
R.Orxan "Vışka" və "Bakinets" qəzetlərində Ulu Öndərin dühasının, siyasi qüdrətinin, müdrikliyinin təbliğatçısı olub. Bunu onun yazılarından da aydın görmək mümkündür. Məsələn, “Bakinets” qəzetinin 30 iyun 1993-cü il tarixli sayında “O qayıtdı!!” (“Oн вернулся!!.”) başlıqlı yazı da dediklərimizi sübut edir.
Azərbaycan Respublikasının Əməkdar jurnalisti Əli Nəcəfxanlı “Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev jurnalist Rəhman Orxanı görüşünə niyə çağırtdırmışdı?” başlıqlı yazısında qeyd edirdi ki, “Azərbaycanın görkəmli kino-rejissoru, “Lider” telekanalının Azərbaycan üzrə rəhbəri, Ulu öndərlə bağlı ilk və maraqlı sənədli filmlərin müəllifi Davud İmanov bir dəfə bizimlə söhbətində bildirmişdi ki, o, səhər tezdən Heydər Əliyevlə görüşməli idi. Adəti üzrə yolüstü qəzet köşkünə baş çəkərkən Heydər Əliyevin o vaxt üçün çox nadir, həm də iri olan portretinin verildiyi qəzetin məhz sumqayıtlı dostu Rəhman Orxanın qəzeti – “Bakinets” olduğunu görüb, ondan dərhal iki nüsxə alıb, respublika rəhbərinin görüşünə getmişdi. Onun dediyinə görə, Heydər Əliyev qəzetin ilk səhifəsində “Oн вернулся!!.” başlıqlı yazıda “Оn должен был вернуться! Оn, именно Оn нужен был в этот самый трудный, наитяжелейший период нашего народа. Именно Оn, обладающий богатым опытом большого политика и лидера, может вывести народ из трудного военного и эконoмического положения, в котором он оказался…” sözlərindən sonra məqalə və şəklin altında iri hərflərlə bütün səhifə enində yazılmış “İgid odur – hər əzaba qatlana, igid odur – atdan düşə, atlana!..” atalar misalını oxuduqda xalqın onu bu cür sevib, yüksək dəyərləndirməsindən, həmin ağır günlərdə yalnız ona güvənməsindən təsirlənib-kövrələrək, gözləri dolmuşdu. Həmin an da köməkçisinin “düyməsini” basaraq, təcili olaraq “Bakinets” qəzetinin redaktorunu yanına dəvət etməyi tapşırmışdı…”
Əli müəllim davam edərək yazırdı: “…Vışka”nın məsələdən xəbərdar olan o vaxtkı məsul katibi Tofiq Ağayev kabinetindən çıxaraq səmimi, inandırıcı səslə dedi ki, Rəhman, tez “Bakı” qəzetinə, Ağa müəllimə zəng elə, səni axtarırlar.
Gənc redaktor istər-istəməz narahat olmağa başladı ki, “bəlkə, qəzetdə hansısa vurğu, aksent düzgün verilməyib, siyasi naşılıq olub?”. Odur ki, cəld “Bakı”-“Baku” qəzetlərinin baş redaktoru, nəşriyyatda hamının böyük hörmət bəslədiyi Ağa Ağayevə zəng etdi. Ağa müəllim telefonda həyəcanlı halda soruşdu: “Rəhman, sən qəzetində Heydər Əliyevlə bağlı nəsə vermisən? Mənə Milli Məclisdən zəng eləyiblər, elə biliblər ki, biz “Bakı” qəzetində onunla bağlı məqalə və şəklini vermişik. Ancaq dərhal başa düşdüm ki, bu, olsa-olsa, sənin işin ola bilər. Yəqin qəzetlərin adını – “Bakı” və “Bakinets”i səhv salıblar”.
Ağa müəllim gənc həmkarını çox intizarda saxlamayaraq demişdi: “Heydər Əliyev səni görmək istəyir. Tez qəzetdən 70-80 nüsxə də götürüb, düş aşağı, mənim maşınımla təcili gedirik Milli Məclisə”.
“Bakinets”in redaktoru qəzetləri də götürüb, nəşriyyatın qarşısına çıxana kimi hər işində çox məsuliyyətli, dəqiq və operativ olan Ağa müəllim artıq 7-ci mərtəbədən düşərək, öz xidməti redaksiya maşınının yanında idi. Maşına oturar-oturmaz gənc həmkarından tələm-tələsik qəzetlərdən birini götürüb, 30 illik peşəkar nəzər-diqqəti ilə onu böyük maraqla nəzərdən keçirərək, “əladır, Rəhman, çox gözəl!” demişdi.
Milli Məclisə çatıb, içəri daxil olanda “Nyu-York Tayms” və “Vaşinqton Post” qəzetlərinin Azərbaycan üzrə xüsusi müxbiri Tomas Qoltsla rastlaşırlar və Rəhman Orxan onu ölkəmizə rəğbəti olan bir jurnalist kimi tanıdığından, məmnuniyyətlə qəzetin bir nüsxəsini ona bağışlayır. (Səhərisi günü – iyulun 1-də Tomas hər iki Amerika qəzetində “Bakinets” qəzeti…Heydər Əliyevin hakimiyyətə gəlişini sevinclə, alqışlarla qarşıladı” sözləri ilə müşayiət etdiyi məqalə vermişdi).
O vaxtlar Milli Məclisin Mətbuat xidmətinin rəhbəri olan tanınmış yazıçı-dramaturq, Azərbaycanın Əməkdar jurnalisti, mərhum Aqşin Babayev də, sən demə, “Bakinets”in yeni nömrəsini intizarla gözləyirmiş: “Rəhman, görüm sən qəzetdə nə vermisən ki, Heydər müəllim səhərdən bir-neçə dəfə səni soruşub?”. Və qəzeti əlinə alıb baxmağı ilə fərəhlə, gülə-gülə demişdi ki, “Baho, sən lap qiyamət eləmisən ki, çox pakizə! Kişi buna görə səni görmək istəyir də… Oturun burda, indi gəlirəm” deyib, qəzetləri də götürüb, xoş bir ovqatla Milli Məclis sədrinin (o vaxt H.Əliyev hələlik Milli Məclisin sədri idi) köməkçisi Fazil Muradəliyevin yanına tələsdi…
Həmin əlamətdar gündən sonra Ulu öndər Heydər Əliyevin tapşırığı ilə “Bakinets” qəzetinin redaktoru bütün mühüm respublika tədbirlərinə dəvət olunurdu. Onlardan ən çox yadda qalanı isə, əlbəttə ki, 20 sentyabr 1994-cü ildə “Gülüstan” sarayında “Əsrin kontraktı”nın – Beynəlxalq neft sazişinin imzalanması mərasimi idi”. (Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev jurnalist Rəhman Orxanı görüşünə niyə çağırtdırmışdı?)
O, 1985-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülmüşdü.. Ölkə rəhbərinin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə ona Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adı verilib.
Rəhman Orxan 02 fevral 2024-cü ildə vəfat etdi, öz ölümü ilə dost sıralarımızı seyrətdi.
Lakin mən əminəm ki, o bütün sumqayıtlıların, bütün mətbuat işçilərinin və sevimli oxucularının, dostlarının xatirəsinə yaşamaqda davam edir.
“Ədəbiyyat və incəsənət”
(21.01.2026)


