Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Dünən sosial şəbəkədə bir video ilə qarşılaşdım. Video hədəf kütlə tərəfindən geniş müzakirələrə səbəb olub. Küçədə meyvə satan bir satıcının malları yığılır, mənimsənilir və aqressiv reaksiyaya məruz qalır. Satıcı susur, etiraz etmir, səsini qaldırmır. Çünki o, əmrə tabe olan tərəfdir. Sakit dayanır, əlindəki zəhmətlə qazandığı malları qorumağa çalışır, amma qarşısındakı insan və ya qurum yalnız əmri icra edir.
Burada düşünməli olduğumuz məsələ satıcı deyil. Problem onu bu vəziyyətə qoyan, əmri verən, vicdanı sönmüş adamlardadır. İnsan çörək qazanır, halal zəhmətini satır, amma başqa biri onun qazancına müsəllət olur və bunu qanun adı ilə ört-basdır etməyə çalışır.
Əmrə tabe olmaq asandır. Amma vicdanı öldürmək də asan olmamalıdır. Qadağan etmək, malları götürmək, aqressiv davranmaq- bunlar güc nümayişindən başqa bir şey deyil. İnsan çörək dalınca çıxanda onu əzmək, zəhmətinə göz dikmək sadəcə zülm və haqsızlıqdır.
Bu görüntü sadəcə bir küçə ticarəti məsələsi deyil. Bu, cəmiyyətin ədalət hissinin necə tapdalanmasıdır. İnsanların qanun qarşısında bərabər olmadığının, zəifin həmişə hədəfə çevrildiyinin qısamüddətli göstəricisidir. Satıcı susur, çünki o, sadəcə əmri yerinə yetirir. Amma biz səsimizi çıxarmasaq, bu vicdansızlıq davam edəcək.
Ədalət qazanmaq üçün güc nümayişinə ehtiyac yoxdur. Əsl güc, insanı əzmək yox, onu anlamaq və qorumaqdır. Küçədə meyvə satan bir insanın qazancına göz dikmək, onu çıxılmaz vəziyyətə salmaq- bu, vicdanın məğlubiyyətidir. Dövlət nə qədər belə məmurlara qadağalar qoysa da onlar öz bildiklərini etməkdə zirək olurlar.
İnsan çörək dalınca çıxır, amma onun qarşısına “qanun” pərdəsi altında çıxan əl dayanır. Burada susmaq mümkünsüzdür. Bu, yalnız bir video deyil, bu, sosial vicdansızlığın açıq görüntüsüdür.
Biz susduqca, əmrə tabe olanlar da daha rahat olur, vicdansızlıq daha da dərinləşir. Bu ölkədə insan çörək qazanarkən, başqası onun çörəyinə göz dikirsə, demək qanun deyil, güc hökm sürür.
Vicdanı öldürənlər kimdir?
Kimlər düşünür ki, güc hər şeydən üstün ola bilər?
Kimlər unudur ki, insanlıq qanundan, əmrdən daha qiymətlidir?
Bu video sadəcə bir xəbər deyil. Bu, dərsdir. Dərsdir ki, biz haqqımızı deməsək, çörək dalınca çıxanların haqqı hər gün tapdalanacaq. Dərsdir ki, susmaq ən zəifin yanında durmaq deyil- susmaq vicdansızlığa dəstəkdir. Bu gün sosial şəbəkədə gördüyüm yazıda tam olaraq belə idi: Alma almaya bənzər, amma məmur məmura bənzəmir...
“Ədəbiyyat və incəsənət”
(21.01.2026)


