Bir sevginin qatılləri Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki "20 Yanvar" dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş…"

 

Hər xalqın tarixində unudulmaz səhifələr, qəlbə dağ çəkən günlər olub. Azərbaycanın müasir tarixində bu cür acı dolu, eyni zamanda qürurverici günlərdən biri də 20 Yanvar faciəsidir. Həmin gecə təkcə torpaqlar deyil, könüllər də qan ağlayıb. Amma bu gecənin ən simvolik və ürəkləri titrədən hekayələrindən biri — İlham və Fərizənin eşq və vəfa dastanı olub. Bu iki gənc, sevginin ölümsüzlüyünü, vətənə olan bağlılığın insan ruhunu necə yüksəldə biləcəyini bütün dünyaya göstərib.

İlham Allahverdiyev — gənc, saf qəlbli bir vətən sevdalısı. Bakı Dövlət Universitetində təhsil alıb, gələcəyini bu torpağın xoşbəxt sabahlarına həsr edib. O, yalnız bilik axtaran bir tələbə deyil, həm də milli ruhla döyünən bir qəlbin sahibi olub. Hər dəfə "Azərbaycan" deyiləndə gözləri parlayıb, ürəyi fəxrlə döyünüb. İlham Allahverdiyevin 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndəriblər.

O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalıb. İlham 1980–82-ci illərdə Latviyada hərbi xidmət keçib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tornaçı işləyib. İşləyə-işləyə həm də Bakı Texniki Texnikumunu bitirib.

1989-cu ildə subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlib. İlham ailəsinin təklif etdiyi qızların heç birinə razı olmayıb, onun bacısı ilə bir sinifdə oxuyan Fərizənin adını çəkib. Fərizə Allahverdiyeva isə onun həyatının günəşi olub. Onların sevgisi sanki bir filmdən çıxıb — saf, təmiz, səmimi.

 

Fərizə Nəbiyeva 1970-ci il avqustun 11-də Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olub. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi olub. 1989-cu ilin martın 19-da nişanı olub. 1990-cı ilin qışında ailə həyatı qurub. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəliblər. 

 

"Qanlı Yanvar və İlhamın şəhadəti"

1990-cı il, yanvarın 20-si — Azərbaycanın qan yaddaşına çevrilən o gecə. Sovet qoşunlarının Bakıya daxil olması ilə şəhər odlara qərq olub. Silahsız insanlara atəş açılıb, qocalı-cavanlı insanlar tankların altına düşüb. Qaranlığın içində bir millətin qüruru qanla yazılıb.

Yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına aparıb. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra, İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxıb. Axşama yaxın İlham qardaşı Elxanla "Şamaxinka" deyilən ərazidə görüşüblər. İşdən qara fəhlə paltarı ilə gəlib. İlham və onun dostları yardım üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşıblar.

 İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxıb. Sovet ordusunun əsgərləri İlhamı güllələyiblər. İlhamla Fuad Babayevi bir yerdə telefon budkasının yanında vurublar.  Güllə ona qabaqdan dəyib. O, xəstəxanaya 00:10-da qəbul edilib.

İlham çoxlu qan itirdiyindən ona qan vurmaq lazım olub. Həkimlər onun öz qanını yenidən özünə vurublar. Onun üzərində əməliyyat edən həkimin sözlərinə görə, İlhamı əməliyyat edəndə işıqlar sönüb. Həkimlər qəzet yandırıb onun işığında əməliyyatı aparsalar da, İlhamı xilas edə bilməyiblər. Əməliyyat vaxtı onun qaraciyəri parçalanıb.

 Qarın boşluğu qanla dolu olub. Həkimlər qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya veriblər. Amma 5–6 saatdan sonra o, keçinib.  20 yanvar 1990cı ildə vəfat edib. Səhər tezdən qardaşı Elxan anası ilə birlikdə yenə İlhamı axtarmağa çıxıblar. O, daha sonra xatırlayır:

"Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki "20 Yanvar" dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş…"

Onlar İlhamı həmin günü Respublika Klinik Xəstəxanasında tapıblar. İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olub, güllələr atılanda İlhamı vurduqlarını deyib. Bir neçə gün sonra, yanvarın 24-də Fərizə də bu dünyanı tərk edib. Onlar Şəhidlər Xiyabanında yan-yana dəfn ediliblər.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.