Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Yəqin ki, hər birimizin sosial media platformalarında qarşısına çıxıb o “məlum hesablar”, o inanılmaz vədlər: asan yollarla pul qazanmaq. Kartına 40 manat yatırırsan, bir qədər sonra, yarım saat ərzində sənə 520 manat vəd edirlər. Daha doğrusu, elə bil ki, pul öz-özünə çoxalır.
Amma düşünün: bu pul onlarda həqiqətən varmı, yoxsa bu, cəmiyyətimizin təbəqəsini hədəf alan yeni dələduzluq sxemidir?
Beləliklə, biz jurnalist eksperimenti çərçivəsində həmin hesablardan birinə yazdıq, “müştəri” rolunda daxil olduq və fırıldağın necə işlədiyi barədə ətraflı məlumat öyrəndik. Nəticələr isə olduqca açıq idi: istifadəçilərdən aşağıdakı məbləğlərdə pul yatırmaları tələb olunur, qarşılığında isə “möcüzəvi qazanc” vəd edilir:
40 AZN - 520 AZN
50 AZN - 660 AZN
60 AZN - 800 AZN
80 AZN - 950 AZN
90 AZN - 1030 AZN
120 AZN - 1550 AZN
150 AZN - 2225 AZN
Həmçinin, qeyd etdilər ki, pulu onlara atdıqdan yarım saat sonra istədiyim məbləğı verəcəklər.Yazışmalardan görünür ki, insanları tələsdirərək, “1 saat ərzində qazancın hazır olacağı” və “yalnız ayda bir dəfə iştirak şansı” kimi ifadələrlə psixoloji təzyiq yaradılır. Rəsmi müqavilə yoxdur, hüquqi məsuliyyət nəzərdə tutulmayıb və bütün bu “investisiya” vədləri tamamilə saxtadır.
Belə sxemlər göstərir ki, sosial mediada tez və asan qazanc vədi ilə təqdim olunan hər mesaj diqqətlə yoxlanmalıdır. Yalnız diqqətli istifadəçilər bu cür dələduzluqlardan qoruna bilər.
Bu barədə “Ədəbiyyat və İncəsənət”portalına açıqlama verən vəkil Cavanşir Qasımov bildirib ki, sosial şəbəkələrdə "müəyyən məbləğ göndər, bir neçə qatını geri al" vədləri ilə insanların əmlakını ələ keçirmək cəhdləri qanunvericiliklə Dələduzluq cinayəti hesab olunur:
"Bu beynəlxalq sferada da geniş yayılmış dələduzluq üsuludur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə (Dələduzluq) əsasən, bu əməl etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə kimi xarakterizə olunur. Bu cinayətin hüquqi fəsadları olduqca ciddidir hansı ki ələ keçirilən məbləğdən asılı olaraq 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Vətəndaşlar bilməlidirlər ki, pulun 'könüllü' olaraq köçürülməsi faktı cinayət məsuliyyətini istisna etmir. Çünki qanunvericilik bu halda iradənin aldatma yolu ilə manipulyasiya olunmasını əsas götürür. Bank köçürmələri, tətbiq üzərindən aparılan əməliyyatlar və yazışmalar sübutlar hesab olunur.
Bu növ kiber-dələduzluqla qarşılaşan şəxslər vaxt itirmədən Daxili İşlər Nazirliyinin '102' xidmətinə zəng etməli və ya polis orqanlarına rəsmi müraciət ünvanlamalıdırlar. Eyni zamanda, vətəndaşlara tövsiyə olunur ki, sürətli və qeyri-real qazanc vədlərinə şübhə ilə yanaşsınlar, çünki heç bir hüquqi maliyyə mexanizmi bir neçə saat ərzində vəsaitin 5-10 qat artırılmasını təmin etmir".
“Ədəbiyyat və incəsənət”
(16.01.2026)


