Cəbhəyanı Dneprdə Azərbaycan dilini yaşadan məktəb Featured

 

Prezident İlham Əliyev bu il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə azərbaycanlıların yaşadıqları bütün ölkələrdə Azərbaycan dili məktəblərinin fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı Azərbaycan dilinin qorunmasının, eləcə də xaricdə yaşayan soydaşlarımızın ana dilini mükəmməl bilməsinin milli kimliyin yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, soydaşlarımıza ana dilini tədris edən həftəsonu Azərbaycan dili məktəblərindən biri də Ukraynanın Dnepr şəhərində fəaliyyət göstərir. Dnepr son 4 ildə cəbhəyanı bölgə olsa da məktəb öz işini dayandırmayıb.

 

Məktəbin müəllimi Yaqut Bəşirovanın sözlərinə görə tədris müəssisəsi “Dnepropetrovsk Azərbaycanlıları Liqası”nın təşəbbüsü ilə Azərbaycan Milli Mədəniyyət Mərkəzinin nəzdində yaradılıb. O, müharibə şəraitində təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla dərslərin əyani rejimdə davam etdirildiyini deyib. “Əsas məqsədimiz Azərbaycan dilini, adət-ənənələrimizi qoruyub saxlamaqdır. Məktəbdə 1-ci sinifdən 11-ci sinifədək şagirdlərə Azərbaycan dili, ədəbiyyatı və tarixi tədris olunur”, – deyə Yaqut Bəşirova əlavə edib. Həmçinin Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılarla bağlı mövqeyinin strateji və milli xarakter daşıdığını və diaspor təşkilatlarının Azərbaycan dilinin nəsildən-nəslə ötürülməsi işinə mühüm töhfə verəcəyini bildirib.

“Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan dilini qorumaq hər birimizin borcudur. Bu çağırış milli kimliyin və dövlətçilik ideyasının gələcək nəsillərə ötürülməsi anlamını daşıyır. Dilin qorunması hər bir vətəndaşın sosial və mədəni məsuliyyətidir”, - deyə Yaqut Bəşirova vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.