Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Hər gün bizi bir qədər də Xocalı faciəsinin növbəti ildönümüə yaxınlaşdırır. Bu günki həmsöhbətimiz Xocalı sakini, tibb bacısı Zeynalova Səadət Tofiq qızı 1968-ci il iyulun 31-də Xocalı şəhərində anadan olub və uşaqlıqdan bu torpaqda böyüyüb.
1985-ci ildə Bakı şəhərində 2 nömrəli Tibb Kollecinə daxil olan Səadət Zeynalova təhsilini başa vurduqdan sonra yenidən Xocalıya qayıdaraq tibb bacısı kimi fəaliyyət göstərib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə – Xocalı faciəsinin baş verdiyi o dəhşətli gecə Səadət Zeynalova hadisələrin birbaşa şahidi olub. O gecə o, yalnız bir mülki şəxs deyil, həm də peşə borcunu yerinə yetirən tibb işçisi idi.
Bu barədə faciədən sağ çıxmış şahid Səadət Zeynalova “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verib.
“Rusca danışaraq kəndin içinə girdilər. Biz padvalda gizlənmişdik. Ümid edirdik ki, Xocalının yolu açılacaq, bizimkilər gələcək və şəhər ermənilərə verilməyəcək. Amma sonra dedilər ki, bura ruslar girib, 366-cı alay gəlib”...
Faciədən bir gün əvvəl Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyev yaralanmışdı. Həmsöhbətimiz olan Səadət Zeynalova həmin vaxt onun və Cabbar adlı digər yaralının yaralarını sarıdığını bildirir.
“İynə vurur, yaraları bağlayırdım. Öz vəzifəmi qürurla yerinə yetirirdim. İnanırdım ki, biz qalib gələcəyik”.
Həmin gecə Səadət Zeynalova qardaşı Qədir Zeynalov və Xocalı sakinləri ilə birlikdə Qarqar çayını keçərək dağlara üz tutub.
“Dəhşətli qar yağırdı. Duman, çiskin, şaxta… Biz yalnız yolu azırdıq. Təxminən 280 nəfər idik, amma onlardan cəmi 27 nəfər sağ çıxa bildi. Qalanları öldürüldü, girov götürüldü, ya da çıxılmazlıqdan özünü dağdan atdı”.
Onlar əvvəl Şuşa istiqamətinə yönəldiklərini, daha sonra səhv yol seçdiklərini anlayıblar. Əsgəran qalası istiqamətində yenidən pusquya düşüblər.
“Deyirdim ki, bu ağ qarın üzərində yalnız qıpqırmızı qanımız görünür. Ac idik, susuz idik. Ocaq yandıra bilmirdik – tüstü bizi ələ verərdi. Oturan kimi yuxuya gedirdik".
Müsahibimiz bildirir ki, erməni silahlı dəstələri qaçanları izləyirmiş. Arxada qalanları gizlicə tutar, bəzən isə Azərbaycan dilində “biz sizə köməyə gəlmişik” deyərək insanları aldadıb girov götürərdilər.
O, yaddaşına həkk olunan dəhşətli səhnələrdən birini də belə xatırlayır:
“Daşbulaqdan qaçan 18 yaşlı bir qız vardı. Üzünə baxdım – gömgöy idi. Ayaqlarına baxanda gördüm ki, qarın üstündə ayaqyalındır. Sonradan məlum oldu ki, çaydan keçərkən ayaqqabılarını çıxarıb. Hər iki dizindən ayaqları kəsildi… Tək o deyildi, minlərlə belə insan oldu".
Beş gün davam edən ölüm-dirim mübarizəsindən sonra onlar martın 2-də Ağdamın Şelli kəndinə çata biliblər. Bu müddətdə ailəsi Bakıda onlardan xəbər gözləyirmiş. Hətta “Səhər” qəzetində “Səadət Zeynalova və qardaşı girov gedib” başlıqlı məlumat da dərc olunub.
“Bacım telefonu qaldıranda səsində ümidsizlik vardı. "Alo" dedi. Dedim ki, biz sağ-salamat gəlmişik. Evdə hamı qışqırdı ki onlar sağ imiş … Onlar bizdən xəbər gəlmədən heç vaxt yatmazdılar”.
Səadət Zeynalova bildirir ki, ailəsi də ağır itkilər verib. Xalam oğlunun meyidi tanınmaz vəziyyətdə olub, barmaqları, qulaqları, burnu kəsilmişdi. Həyat yoldaşı Vaqif Şükürov Xocalıda şəhid olub. Bəzi qohumlarının isə bu günə qədər nəşi tapılmayıb.
Bu gün Səadət Zeynalova müharibə veteranıdır, əlildir. Xocalı işğaldan azad edildikdən sonra ailə üzvləri yenidən ora köçüb.
“Son günə qədər vəzifəmi yerinə yetirdiyimə görə medalla təltif edildim. Çox şükür ki, Xocalımız artıq azaddır”.
“Ədəbiyyat və incəsənət”
(10.01.2026)


