Münasibətlərdə enerji və bağlanma - Psixoloqdan açıqlama Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən insanlarla münasibətlərin ən maraqlı tərəfi ondadır ki, biri sənə çox dəyər verdikdə, onu itirməkdən qorxursan. İnsanlar rahat olduqda təşviş hiss etmirlər, amma hiss edirlər ki, enerjiləri və diqqətləri qiymətləndirilir.

 

Eyni zamanda, maraqlıdır ki, insanlar çox vaxt onları incidən, yaralayan insanlara qarşı daha güclü hisslər bəsləyirlər. Buna görə də bəzən münasibətlər gözlənilməz yollarla inkişaf edir və bağlanma daha dərin olur. İnsan öyrəşir, alışır və enerjisini payladıqca qarşı tərəfin diqqətini də axtarmağa başlayır.

Amma o getdikdə, boşluğu dərindən hiss edir, itkinin ağırlığı altında qalır və bununla da münasibətin enerjisi daha da əhəmiyyətli görünür.

Bu barədə Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən Psixoloq Sevinc Həbibova vurğulayıb ki, insanlar bir araya gəlmək üçün ilk növbədə Allahı sevməlidirlər: "Hansı münasibətdə birinci Allah varsa, o sevgi qalib gələcək".

Psixoloq, bir nümunə ilə məsələni psixoloji cəhətdən izah edib:

"Tutaq ki, bir insan hər gün yazır: “Salam, sabahın xeyir”. Bunu sabah da edir, digər günlər də edir. Bu zaman da qarşı tərəf artıq ona öyrəşir. Öyrəşəndə isə şüuraltına yerləşdirir. Elə ki, bir gün mesaj gəlməsə, qarşı tərəf boşluq hiss edir. İnsan arxasıyca düşdükcə, yəni, bir insana çox dəyər verəndə, sevəndə, qayğı göstərəndə depo dolmuş olur. Depo dolanda da o insan qarşı tərəfə artıq heç nə vermək istəmir. Çünki qayğı ilə bəslənib, itirmə qorxusu yoxdur.  Amma insan ona verilən  qayğı qəfil kəsiləndə artıq o enerjini axtarır. İnsanlar bir-birinin yanında olarkən deyirlər: “O insanda nəsə var, sanki məni özünə  çəkir”. Bu enerjidir və hamımıza aiddir. İnsanlar rahat olduqda təşvişə düşmür."

Psixoloq qeyd edir ki, enerji bitən kimi, ilgi itən kimi insanlar qarşı tərəfi axtarmağa başlayır.  Bu “Qaçan qovalanır” prinsipidir.

Sevinc Həbibova, həmçinin,  Nizami Gəncəvinin cümləsini  xatırladaraq maraqlı şəkildə fikrini izah edib:

“Əgər insan öz nəfsinə hakim çıxarsa, o bütün dünyaya qalib gələr”. Burada nəfsi işə salırlar və qarşı tərəf deyir: “Mən onu istəyirəm, olmasa, nə edəcəyəm?” Amma insan hər şeyə öyrəşir. Oğlanla, qız danışırlarsa və onlar "istəmək" olmayanda belə bağlantıya öyrəşirlər. Bəzən bağlılıq daha güclü və effektiv olur. Bir müddətdən sonra insanlar unudur. Məsələn, seansa gələn biri 3-4 aydan sonra deyir: “Mən xatırlamıram”. Bu fikir hər kəsə aid deyil. İnsanlar var ki, ciddi qərarlıdır, nə istədiyini bilir, hara getdiyini bilir. Amma bugünkü gündə insanlar elə bil ki, həmişə varmış kimi davranır. Düşünürlər: “Bu adam məni istəyirsə, mən lap yaxşısına layiqəm. Ona görə də ən yaxşısını tapmalıyam”. Amma həqiqətdə “ən yaxşı” deyə bir şey yoxdur.

Bəzən biri deyir: “O məni çox istəyir, məni gətirir, aparır, mənə hədiyyələr alır, pis və yaxşı günlərdə yanımdadır. Amma məni başqa adam da istəyir”. Baxın, görün nə qədər qarışıq duyğular var. Əgər onun həqiqətən istəyi varsa, o hər zaman istədiyini seçəcək".

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.