“Bir dəfə yoxlamaq istəyirdim” - məhv olan gənclik, məhv olan ailələr Featured

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bir dəfə sınamaqla başlayan kiçik maraq, bəzən insanın həyatını tamamilə məhv edə bilər. “Yox, mənim başıma heç nə gəlməz” deyən gənclər tez-tez elə bir yola girir ki, geri dönüş demək olar ki, mümkünsüz olur. Başlanğıcda sadəcə maraq və macəra hissi ilə atılan bu addım, zamanla bədənin tələbləri, ağrılar və psixoloji asılılıqla insanı tamamilə əsir alır.

 

Bu yolda ilk addım bəzən gözə görünməz olsa da, nəticələri ölümcül ola bilər. Hər “sadəcə bir dəfə” deyən gəncin arxasında qırılan talelər, sarsılan ailələr və geri dönülməz izlər qalır. Narkotik maddələr sadəcə seçim deyil,  insan həyatının, ümidlərin və yaxın münasibətlərin sınağıdır.

 

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov “Ədəbiyyat və İncəsənət” portalına açıqlaması zamanı xəbərdarlıq edib ki, gənclərin narkotiklə bağlı düşüncəsi çox vaxt “sadəcə bir dəfə yoxlamaq”dan ibarət olur. Amma reallıq sərtdir:

“Bu niyyətlə başlayan gənclərin yalnız 20 faizi sonradan yolundan geri dönə bilir. Qalanlar isə bədənin tələbi və asılılıq riski ilə üz-üzə qalır.

Ekspert deyir ki, narkotik maddələrin təsiri dərhal hiss oluna bilər, bəzən isə fəsadlar daha ağır olur:

“Elə insanlar var ki, ilk istifadədən sonra dünyasını dəyişir. Kimyəvi maddələrdən istifadə edib psixi vəziyyətini itirən, nə etdiyini bilməyənlər də olur. Təkrar və davamlı istifadə qərarına gələnlərin sayı çoxdur”.

Ən təhlükəli mərhələ adətən 4–5-ci istifadədən sonra başlayır:

“Artıq bədən narkotiki tələb edir, ağrılar başlayır və insan mütləq şəkildə asılılığa məruz qalır”.

Emil Maqalov vurğulayır ki, narkotik yalnız istifadəçiyə deyil, onun ətrafına da ciddi zərər verir:

“Həyat yoldaşı, övladları, valideynləri də təsir altına düşür. Ağrıları azaltmaq üçün insan istənilən yola əl ata bilər, hətta yaxınlarının dəyərli əşyalarını oğurlayıb sata bilər. Nəticədə hər pis yol açıq olur”.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2025)

 

 

\

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.