Redaksiyanın poçtundan “Vətəni, eli, qohumları üçün yaşayan qardaşım”

“Ədəbiyyat və incəsənət” portalının “Redaksiyanın poçtundan” rubrikasında Lerikdən - Fəxrəddin Siyaboğludan gələn yazını dərc edir. Yazının bir adı da belədir, “El ağsaqqalı”.

 

 Biz bir millət kimi başqa millətlərdən fərqli olaraq, daha çox qohumcanlıyıq. Bu da yəqin ondan irəli gəlir ki, tarixlər boyu bizə qarşı başqa millətlər, ölkələr həmişə hücumda olublar. Bizi həmişə məğlub etmək, torpaqlaımızı işğal etmək istəyiblər. Çünki bizim torpaqlarımız başqa ölklərin torpaqlarından fərqli olaraq, münbit, havası, suyu təmiz  və məhsuldardır. Ona görə də tarixlər boyu torpaqlarımız işğal altında olanda millət birləşib və yadellilərə qarşı müharibəyə qalxıb. Bax, onda da qardaş-qardaşın, qohum-qohumun, bir oba o biri obanın yanında olub, çiyin- çiyinə söykənib yadelliləri torpaqlarımızdan qovublar.

 

Bu birlik ulularımızdan bizə gəldiyinə görə 44 günlük Vətən müharibəsində də biz bunu bir daha sübut etdik. Azərbaycanlıların  bir olduğunu, yağı düşmənə qarşı birlikdə necə vuruşduğunu sübut etdik. Arxa cəbhədə olanların da döyüşən orduya necə kömək etdiyini hamımız gördük. Bəli. Bu millətlə qürur duymaq olar ki, 44 günlük Vətən müharibəsində bir nəfər belə fərarimiz olmadı. Amma düşmənlərimiz ermənilərin on mindən çox fərarisi oldu. Bununla da onların necə qorxaq olduğu ortaya çıxdı. Bax, bu qələbəmiz də  bizim birliyimizin ən böyük və tarixi sübutudur. Məhz azərbaycanlıarın ailələrində olan birlik, qardaşa, bacıya, qohuma canıyayanlıq, valideynlərimizi, Vətənimizi  başımızın tacı bilməyimizin sayəsində bizi sındırmaq olmaz. Biz bunu lap uşaq yaşlarımızdan valideyinlərimizdə gördüyümüzə görə, özümüz də həmişə belə olmağa çalışmışıq. Yəqin elə buna görə də azərbaycanlı ailələrində evdə çox uşaq da məhz ona görə olub ki, zaman gələndə bir-birinə arxa-dayaq ola bilsinlər. Bir-birini çətin məqamlardan, çətinliklərdən keçirtsinlər.

Bax, bizim ailə də çoxuşaqlı olub. Həmişə də bir-birimizə qarşı çox mehriban olmuşuq. Bir-birimizə arxa-dayaq durmuşuq. Aramızda həmişə böyük-kişik  söhbəti  olub.

Ailəmizin, qohumlarımızın  ən sevimlilərindən biri də kiçik qardaşım İntiqamdır. O, bizim ailənin kiçik övladı olsa da, yeri gələndə özünün ağıllı məsləhətləri, gözəl təklifləri ilə  təkcə bizim yox, kəndimizin  əsl ağsaqqalı olub. Elə bil valideynlərimiz ona ad qoyanda da əvvəlcədən düşünüblər. O, həqiqətən də bütün əməllərində həmişə intiqamlı, intizamlı, sədaqətli  olub. Deməli, ad özünün doğruldub.

Dekabr ayının 20-də onun 60 yaşı tamam olur. Mən desəm ki, İntiqam bu 60 illik ömrünü  özü üçün yox, bütün qohumları, yaxınları, obası və Vətəni  üçün yaşayıb  bu, daha doğru olar. Məhz buna görə də təkcə biz yox, kəndimizin bütün camaatı da onunla fəxr edir.

Elə fikrimin bu yerində şairə Arzu Müzəffərin “Qardaşım” şeiri yadıma düşdü. Gördüm ki, Arzu xanım elə bil əvvəldən mənim qardaşım İntiqamı görüb və bu şeiri də elə ona həsr edib. Mən də bu şeiri qardaşım İntiqama həsr etdiyim esseyə əlavə edirəm.

 

 QARDAŞ 

Sənlə dosta dostdur düşmənə düşmən.
Gücünə güc qatan dayaqdı qardaş.
Bir an belə düşsən dara çətinə.
Sənə yol göstərən mayakdi qardaş.

 

Kədərin sevincə üstün gələndə.
Kədərinə ortaq olandı qardaş.
Nədənsə sevinib üzün güləndə.
Üzünə təbəssüm dolandı qardaş.

 

Ata ocağının gur işığıdır.
Atadan sonraki Atandı qardaş.
Hamının  ömür-gün yaraşığıdır.
Ömrünü-ömrünə qatandı qardaş.

 

Övladın yoxdursa o, övlad olar.
Ogul tək arxanda durandı qardaş.
Müqəddəs ocağın, and yerindi o, 
Özünü od-közə vürandı qardaş.

 

Həyat işıgındır görən gözündür.
Düşünən beynindir, əlindi qardaş.
Dünyasın dəyişib səni tərk etsə,
Qəlbini göynədən qəmindi qardaş.

 

Qardaşında pisi,yaxşıları var.
Canında can olan canındı qardaş
Yaxşısıda olsa pisidə olsa.
Damarında axan qanındı qardaş.

 

İntiqam  təkcə mənim qardaşım olduğun görə demirəm. Sadəcə böyük, ürəyigeniş, səxavətli, dəyanətli insan olduğuna görə onun haqqında çox yazmaq olar.

Ulularımız da qardaşı çox qiymətləndirmiş və onlar haqqında bir-birindən maraqlı kəlamlar demişlər: “Qardaş demək – arxanda dağ kimi bir dayaq deməkdir.” “Qardaşın varsa, heç nəyə ehtiyacın yoxdur.” “Qardaş - uşaqlığın bir parçası, böyüklüyün dayağıdır.” “Qardaş- Ulu  Tanrının sənə verdiyi ən gözəl hədiyyədir.”

Bir  daha 60 yaşın mübarək hamımızın əzizi, sevimlisi, gözümüzün işığı, döyünən ürəyimiz, düşünən beynimiz İntiqam qardaşımız! Ulu Tanrıdan diləyimiz budur ki, səni qorusun. Bütün arzuların çin olsun. Yenə də bacardığın kimi elə, obaya, nəslinə  əlindən gələn köməklikləri edə biləsən.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.