Redaksiyamızın poçtundakı növbəti yazı Ağstafa rayonundan göndərilib, müəllifi Ramiz Qarayazıdır. Tarixi mövzuda qələmə alınan hekayət yəqin ki marağınızı cəlb edə biləcəkdir.
RAMİZ QARAYAZI
İLAHİ ODUN HAMİSİ
Gözəl və heyrətli binaların divar və sütunlarında göyün, ulduzların və abad yerlərin, bitki və heyvanat aləminin surətləri aydın görünürdü.
Yüzillərdən bəri əzəmətlə şəhərin mərkəzində ucalan məbəd bütün ölkədə hərbçi silkinə məxsus yeganə “Atəş Aduran”[1] idi. Zərdüştiliyin silklərə məxsus cəmi 3 belə məbədi vardı ki, bunlar hərbçilər, kahinlər və əkinçilərin adı ilə bağlı idi. Sakar[2] məbədin sütunları arasında son bir neçə ildə baş verənləri xəyalından sürətlə keçirirdi. Şahlar şahından gələn qasid, ölkənin müharibəyə hazırlaşması, ordugahda, şahlar şahının çadırında qızğın mübahisə şəraitində keçən döyüşqabağı müşavirə, onun döyüşə müdafiyədə deyil, hücumda başlama təklifinin rədd edilməsi, atlı qüvvələrin ehtiyatda saxlanılması, döyüşün ağır məğlubiyyətlə yekunlaşması, şahlar şahının ölkənin şərqinə qaçması və şəxsi müdafiə dəstəsinin başçısı Bess tərəfindən öldürülməsi, ölkədəki xaos, məbədlərin qarət edilməsi, özünün həbsi, sürgünü, daha sonra yenidən Kiçik Madaya satrap təyin edilməsi, Keriftoda ellin məbədini inşa etdirməsi, Böyük İsgərdərin ordu başçısı Perdikka ilə qohum olması, yunanların Şərqə yürüşü davam etdirməsi və ölkənin tədricən özünə gəlməsini xəyalından keçirdi. Sakar ölkənin firavanlığına fikir verən şəxslərdən idi və onun qənaəti belə idi ki, əgər ölkədə torpaq əkilirsə, örüşə heyvan çıxarılırsa, emalatxanalardan metal cingiltisi gəlirsə, onda hər şey sürətlə düzələcəkdir.
Təxminən 3 ay əvvəl Böyük İsgəndər Şərqə yürüşə davam edəndə ölkədə təsərrüfatı bərpa etmək üçün şərait yarandı. İlk öncə Sakar Çiçest[3] gölündən ölkənin dörd tərəfinə uzanan bütün suvarma kanallarını təmir etməyi, eyni zamanda emalatxanasındakı ocağı qalamağa hazır bütün sənətkarlara bir aylıq kömür paylanmasını əmr etdi. İlk məhsuldan vergi yığılmayacağını bildirdi. Bu, insanlarda sabaha inamı və yaşam ümidini artırdı. Hər şey yolunda getdiyi vaxtda Böyük Madanın satrapı Beriaksdan gələn qasidin təklikdə ona dedikləri Sakarı dərin düşüncələrə qərq etmişdi. Bütün gecəni düşünmüş, səhər olunca qasidi Beriaksın yanına geri gördərərək qərarını bir qədər sonra bildirəcəyini söyləmişdi. Beriaksın qasidini yolladıqdan sonra ən etibar etdiyi şəxsləri bir-bir yanına çağırmış, onlarla təklikdə danışaraq müxtəlif istiqamətlərdə göndərmişdi. Sakarın nəzərdə tutduğu plan düşüncəsində qəti formalaşmışdı, amma həyata keçməsi bu gün dəqiqləşməli idi. Bunun üçün axşama qədər gəlməsini gözlədiyi şəxslərin ona kömək etməsi lazım idi. Onları isə razı salmaq üçün Sakar maqlar maqının köməyinə müraciət etməliydi. Elə möhtəşəm Azərgüsnasp məbədinə gəlişinin də səbəbi bu idi.
Sakarı düşüncələrdən aramla atılan addım səsləri ayırdı. Addım səsləri gələn tərəfə boylandıqda maqlar maqı Maqupatın[4] yaxınlaşdığını gördü, ehtiramla ona təzim etdi. Maqupat Sakarla görüşdü və onu öz otağına dəvət etdi. Otağa keçən Sakar ləngimədən sözə başladı:
— Məbədim, ölkəmizi yenə şər hədələyir. Böyük Madanın satrapı Beriaks Böyük İsgəndərə qarşı qiyam qaldırıb və məni də öz yanında dayanmağa dəvət edir. Mən sənin bu məsələ ilə bağlı hökmünü eşitməyə gəlmişəm.
Maqupat qısa düşüncədən sonra dedi:
— Sakar, Beriaksa bütün qəbilə və tayfalar rəfaqət etsə belə qalibiyyət kölgəli görünür, mən hələ dirçəlməyə çalışan ölkəmizin viranətini hesaba almıram.
Sakar başı ilə təsdiq işarəsi edərək davam etdi:
— Məbədim, günlərdir mən də bunu düşünürəm, Böyük İsgəndər geri qayıtsa ölkəmiz viran qalacaq, biz hətta üstün gəlsək belə ölkəmizin viranəti hələ çox çəkəcək. Amma mən başqa bir çıxış bilirəm. Mən, azad tayfaları dəvət etmişəm və onlar axşam burada olacaqlar, mən onlardan mənə kömək etməsini diləyəcəm və mən... Və mən Böyük İsgəndər qayıtmadan Beriaksı zərərsizləşdirməyə çalışacam. Əks halda bizim ölkəmiz viran olacaqdır.
Maqupat təlaşla Sakarın sözünü kəsdi:
— Sakar, sən nə danışırsan? Beriaks Böyük Madanın satrapıdır və sən ona qarşı yürüsən bütün dindaşlar səni lənətləyəcəklər, zira Böyük Mada hər zaman Kiçik Madanın Məbədi sayılıb. Səni təkcə dəsturlar və hirbadlar[5] deyil, bütün camaat lənətləyəcəkdir.
Sakar Baş Maqın sözlərini yarı təbəssüm, yarı intizarla dinlədikdən sonra dedi:
—Məbədim, mən elə bu barədə Sizinlə danışmağa gəlmişəm. Düşünürəm ki, Sizin rəhbərliyiniz ilə Azərgüşnasp məbədinin Şah Atəş Varahram olma zamanı artıq gəlmişdir. Eyni ayin ilə məni də “Ratu”[6] elan etsəniz onda mənim hər bir addımımı heç bir maq lənətləməyəcək, əksinə...
Baş Maq Sakarın sözünü yenə kəsdi:
— Mən görürəm ki sən hər şeyi düşünmüsən. Amma hər halda hər şeyi deyil! Bu ayin həyata keçirilsə Böyük İsgəndər səni bir zərdüşti olduğun üçün yaşatmaz.
Sakar gülümsədi:
— Məbədim, sözlərini inkar etmirəm, amma əvəzində viranət bu ölkəni cənginə almaz, mən hələ Şahlar Şahı qətl ediləndə hazır idim ölümə, Sakarlar gələr-gedər, vacib ölkənin dirçəlməsidir.
Baş Maq fikrə getdi. Sakar da sükutu pozmağa lüzum görmürdü. O, hər şeyi düşünmüşdü. Ratu elan ediləcəyi tədqirdə onun hökmü müzakirə edilməyəcək və Böyük Mada üzərinə getsə nə maqlar, nə əsgərlər, nə də xalq onu qınamayacaq, bunu vacib və gərəkli bilərək Sakara kömək edəcəkdilər. Əgər azad tayfalar da ona kömək edərsə, onda O, mütləq Beriaksı zərərsizləşdirə bilər və beləliklə Böyük İsgəndərin cəza dəstələri gəlmədən məsələ həll olunar. Baş Maq Sakarı düşüncələrdən ayırdı:
— Mən sənə kömək edəcəyəm, amma sənin nə iş görəcəyini bilmək istərəm.
— Məbədim, mən Ratu olaraq Beriaksı zərərsizləşdirməyə çalışacam, Həmişə Kiçik Mada hərbi, Böyük Mada isə mənəvi mərkəz olub, mən ratu elan olunacağım halda Böyük Mada bu üstünlüyü itirəcək, azad tayfalar da mənə kömək etsələr onda biz lap rahat öz vəzifəmizi yerinə yetirə biləcəyik.
— Hansı tayfalara müraciət etməyi düşünürsən?
— Məbədim, mən artıq bir neçə gün əvvəldən Kaduslara, Siraklara, Qarqarlara və Keravnlılara xəbər göndərmişəm. Onların başçıları bu gün axşam burada olacaqlar.
— Ümid edirəm ki, hər şey istədiyin kimi olacaq, amma Keravnlılar sənə kömək etməyəcəklər, onlar ulu Zərdüştdən sonra heç kimə nə etibar etmirlər, nə də tabe olmurlar.
— Mən isə ümid edirəm ki, Siz mənə yardım edəcəksiniz...
Həmin günün axşamı Azərgüsnasp yaxınlığında yerləşən evində Sakar qonaq qəbul edirdi. İlk gələn Çursin oldu. Çursin Hirkan dənizi[7] sahilindəki dağ yamaclarında yaşayan döyüşkən Kadusların başçısı idi. Orta boylu, enli sifətli, gur saqqallı Çursin Sakarla çox səmimi görüşdü. Onların tanışlıq tarixçəsi illər əvvələ gedirdi. Erkən gənclikdə bir yerdə dəfələrlə döyüşlərdə iştirak etmiş, qan qardaşı olmuşdular. Qavqameldə Çursin Kaduslardan ibarət hərbi dəstənin tərkibində Sakarın tabeliyində olmuş, sonralar Sakar sürgün olunarkən onu öz evinə dəvət etmişdi.
Köhnə dostların səmimiyyəti başa çatmamış Sakara Abakın və Sabarın gəlişi barədə məlumat verdilər. Sakar onları səmimi qarşılayaraq əyləşməyə yer göstərdi. Daha sonra bir nəfəri baş maq Maqupatı çağırmaq üçün göndərdi. Qonaqlar Baş maq gələnə qədər sərin meylər içərək yerlərini rahatladılar. Maqupat özünü çox gözlətmədi. Onun gəlişini görən Sakar və qonaqları ayağa qalxaraq ehtiramla təzim etdilər. Maqupat ona göstərilən yerdə əyləşərək qonaqların əhvalını sordu. Ümumi mehribanlıqdan sonra Sakara müraciət etdi:
— Dəvət etdiyin hər kəs buradadırmı?
Sakar Keravnalıların gəlmədiyini bildirdi. Maqupat çox gözləmədən məsələnin mahiyyəti barədə danışmağa başladı. Beriaksın qiyam qaldırdığını və bunun ölkəyə səadət deyil, viranət gətirəcəyini bildirdi. Başçılara Novzudi mərasiminin keçirilməsinin zəruriliyini izah etdi. Bu vaxt həyətdə səs-küy qopdu. Səslərdən əsəblərin gərildiyi anlaşılırdı. Sakar üzr istəyərək çölə çıxdı və az sonra geri qayıtdı. Qapının yanında dayanaraq dedi:
—Məbədim, icazə verin Sizə keravnlıların başçısı Aşanı təqdim edim.
Qapıdan içəri ucaboylu, sarı-qəhvəyi saçları sıx hörülü, sinəsində zirehli döşlük, qollarında qolçaq, belindəki kəmərində qısa qılınc və xəncər asılı olan bir qadın daxil oldu. Bütün bu döyüş sursatı, sol gözünün altından dodağına qədər uzanan və ehtimal ki, vəhşi heyvan caynağının izi olan üç çapıq nəzərə alınsa, bu çox yaraşıqlı qadın hesab edilə bilərdi. Aşa otaqdakıları yüngül salamlayaraq ona göstərilən yerdə əyləşdi. Maqupat sözünə davam etdi. Sakarın planını bütün incəliyinə qədər anlatdıqdan sonra Sakara danışması üçün işarə etdi. Sakar qısa, lakin məntiqli danışdı:
—Mənim tabeliyimdə 8 min piyada və 2 min atlı var. Siz mənə yardım etsəniz mən Beriaksın 15 min piyada və 5 min atlıdan ibarət qüvvələrini zərərsizləşdirməkdə çətinlik çəkmərəm. Buna Şah Atəş Varahram tərəfindən mənim Ratu elan edilməyim də kömək edəcəkdir.
Sakar dediklərinin necə qarşılanmasını bilmək üçün dəvət etdiyi şəxsləri süzməyə başladı. Kadusların başçısı olan Çursin sakit görünürdü. Yalnızca gözlərinin içindəki parıltı və əli ilə saqqalını sığallaması qarşıdakı savaşa qatılacağına işarə edirdi. Kaduslar çox döyüşkən tayfa idilər. Hələ Kir hakimiyyət üçün babası Astiaqa qarşı qiyam qaldıranda kaduslar Kiri dəstəkləmişdilər. Məhz kadusların yardımı ilə Kir hakimiyyəti ələ almağa müvəffəq olmuşdu. Bu hadisədən sonra kaduslar ən yüksək mövqe sahibinə çevrilmişdilər. İllər boyu dövlətin ən yüksək dairələrində kaduslar hər vaxt sayılıb-seçilmiş, onların sözünə etibar edilmişdi. Amma zaman keçdikcə bu bəzi fars əyanlarını narahat etməyə başlamışdı və onlar bu birliyi pozmaq üçün hər vasitədən istifadə etməyə çalışırdılar. Kserksin Yunanıstana yürüşü zamanı kaduslar Kserksin bir çox addımlarına qarşı çıxdılar ki, bu narazı əyanlara əla bəhanələr verdi. II Daranın hakimiyyət dövründə Kaduslar qanundan kənar elan edildilər və onlar üzərinə dəfələrlə nizami ordunun dağıdıcı yürüşləri oldu. Bu yürüşlərin nəticəsində Kaduslar Hirkan dənizinin sahilində yerləşən öz doğma yurdlarından dağlara çəkilmək məcburiyyətində qaldılar. Uzun illər onlar sakit və təcrid olunmuş həyat sürdülər və yalnız III Daranın hakimiyyəti vaxtı Sakarın vasitəçiliyi ilə Kadus döyüşçüləri yenidən Şahlar Şahının qoşununda yer aldı. Böyük İsgəndərin yürüşü zamanı Kaduslar III Daraya ən sona qədər etibarlı qalan yeganə tayfa oldular ki, Şahın öldürülməsindən sonra camaatı qırğına verməmək üçün onlar yenidən keçilməz dağlara üz tutmuşdular. Lakin Sakar Çursinlə daimi əlaqə saxlayır və ölkənin qüdrətinin Kaduslarla ittifaqda olduğunu düşünürdü.
Abakın üz ifadəsindən heç nə anlamaq olmurdu. Qarayanız olmasına rəğmən sarı-qırmızı saqqalı üzünə qəribə görkəm verirdi. Abak Araz çayı ilə Arpaçayı arasındakı ərazidə yaşayan Şirak tayfasının başçısı idi. Bu vaxta qədər nə onların ərazisi, nə də əhalisi heç bir dövlətə tabe olmamış, azad və mümkün olduqca sakit yaşam sürmüşdülər. Sakar Böyük İsgəndərlə müharibədə Şiraklarla ittifaqda olmuş, həmin vaxt hələ tayfa başçısının oğlu olan Abakla tanış olmuşdur. Döyüşlərin birində tayfa başçısı Quşar öldükdən sonra onun böyük oğlu Abak tayfa başçısı seçilmişdi. Şiraklar piyada döyüşürdülər, silahları qısa nizə, qılınc və kamandan ibarət olurdu. Döyüş zamanı zireh və qalxan istifadə etmir, bunu əlavə yük hesab edirdilər. Əvəzində hər bir Şirak döyüşçüsünün yanında ona çox etibarlı iti olurdu. Bu itlər xüsusi olaraq döyüş üçün yetirilirdilər və döyüşlərdə sahibi ilə birlikdə düşmənə qarşı mübarizə aparırdılar.
Seyrək saqqallı, sarışın və çox yaraşıqlı olan Sabar Qarqarların başçısı idi. Qarqarlar dağ əhli idilər və müharibə olmadığı dövrlərdə çox təsərrüfatcıl və zəhmətsevən olurdular. Lakin ehtiyac yarananda onlar kotan və çomağı asanlıqla nizə və qılıncla əvəz edirdilər. Simalarında daima bir təbəssüm sezilirdi, hətta döyüşdükləri zaman belə bu təbəssümün simalarında olması, onların düşmənlərini çılğına döndərirdi. Qarqarlar Keravna ilə qonşu idilər və onları aradakı dağ bir-birindən ayırırdı. Sakar, Qarqarların bu ittifaqda olmasına çox böyük üstünlük verirdi.
Gəldikdən bəri Aşanın simasındakı ifadə dəyişmədən qalmışdı. O, tayı-bərabəri olmayan və yalnız qadınlardan ibarət olan döyüşkən Keravnlıların başçısı idi. Əfsanəyə görə onlar bu vaxta qədər heç vaxt yenilməmişdilər. Keravnlılar xırda əkinçilik və xırda maldarlıqla məşğul olur, ov edir, geyinəcəkləri isə vəhşi heyvan dərisi ilə təmin edirdilər. Qədim ənənəyə görə hər il Novruz mərasimləri zamanı onlar qurbanları ilə birlikdə Qarqarlarla onları ayıran dağa qalxır, orada müxtəlif ayinləri keçirir, qaranlıq düşdükdə isə eyni məqsədlə oraya gələn qarqarlarla yatırdılar. Mərasim bitdikdən sonra yurdlarına qayıdan Keravnlılar, oğlan doğduqda onu Qarqarlara verər, hər bir Qarqar onlara gətirilən körpəni oğlu bilib böyüdərdi, qız doğduqda isə özlərində saxlayardılar. Yeni doğulan qız uşaqlarının sağ döşünü yandırırdılar ki, iş görəndə, xüsusi ilə nizə atanda rahat olsun.
İlk olaraq Çursin danışdı. O, Sakarla birlikdə olacağını və tabeliyindəki min atlı ilə 3 min piyadanın Sakarın tabeliyində vuruşacağına söz verdi. Abakla Sabar da qısa danışdılar. Abak bildirdi ki, Sakarla birlikdə vuruşmaq ona xoşdur və döyüş üçün iki min piyada sadəcə əmr gözləyir. Sabar yalnızca üç yüz atlısının və mindən bir az artıq piyadasının olduğunu bildirdi. Sakar cavab üçün Aşaya baxdı. Aşa üzündəki donuq ifadəni dəyişmədən sözə başladı:
—Satrap Sakar, səni şəxsən tanımasam da haqqında çox eşitmişəm, sənin əvəzolunmaz döyüşçü və ağıllı başçı olduğun barədə çox danışıblar. Sizlər yəqin bilirsiniz ki, çox illər əvvəl ulu Zərdüşt bizim böyük Anamıza xeyir-dua və Aşa adını mükafat edib ki, hər bir başçı bunu miras olaraq qəbul edir. Mən sənin evində, səni təhqir etmək istəmirəm, lakin pis ağızlar sənin Zərdüştdən üz döndərdiyini və Keriftoda İsgəndərin tanrılarına məbəd tikdiyini deyirlər. Əgər bu belədirsə, böyük Maqupat səni Ratu elan etmək üçün mərasim keçirməzdi, ona görə də bu məsələyə aydınlıq gətirməyini istəyirəm.
Sakar cavab vermək istədikdə Maqupat onu qabaqladı:
—Başçı Aşa, mən düşünürəm ki, sizə cavab verə bilməyəcəyik, çünki, sizin şübhələrə aydınlıq gətirəcək cavablar başqaları üçün zülmət gətirər.
Sakar Maqupata baxaraq dedi:
—Məbədim, mən məqsədlərimizin həyata keçməsi üçün bu vaxta qədər heç nəyi əsirgəməmişəm, məni bu yolda heç nə qorxutmayıb, indi də mənimlə birlikdə olanların mənim haqqımda aydın təsəvvürə malik olmasını istəyirəm. Bu vaxta qədər ikimizə aid olan sirrin azad başçıların da bilmə vaxtı gəlmişdir. Bəli, mən Keriftoda İsgəndərin tanrıları üçün məbəd tikdirmişəm. Lakin bu, nə mənim inancımın dəyişməsinə, nə də belə bir inşaatla İsgəndərin gözünə girmək kimi alçaq bir məqsədə xidmət etmir. O məbəd, bizə daha ali məqsəd üçün lazım idi. Siz hər biriniz İsgəndərin Persopolda məbəd və kitabxananı yandırma əmri verdiyini eşitmisiniz. Əlavə olaraq İsgəndərin əmri ilə müqəddəs kitabımızın bütün nüsxələri də məhv edilməli idi. Mən ulu Zərdüştün davamçısı olan Qaumatdan qalan nüsxəni qorumaq üçün yunan məbədindən etibarlı yer düşünə bilmədim, zira onlar hər yeri axtararaq onu məhv etmək istəyirdilər. Keriftodakı məbəd bu məqsədlə inşa edilib. Əgər bu kitabəni görmək istəsəniz, biz istənilən vaxt Keriftoya gedə bilərik.
Sakar sözünü bitirdikdə Aşa üç min atlı ilə onun əmrində olacaqlarını bildirdi.
Bir neçə gün sonra Azərgüsnaspda Novzudi mərasimi keçirilirdi. Məbədin 9 sütunu altında dayanmış 9 dəsturun hər birinin əlindəki qabdan od dilimləri yüksəlirdi. Məbədin mərkəzində isə Maqupat və Sakar dayanmışdı. Maqupat mərkəzdəki atəşgah qarşısında dayanmışdı, asta və aram səslə dua oxuyurdu, sağ əli dizi üstə dayanan Sakarın başında idi. Dua başa çatdıqdan sonra Maqupat Sakara dedi:
—Odlar odunu zəfər oduna çevirmək məqamıdır.
Sakar qalxaraq birinci dəstura yaxınlaşdı. Birinci dəstur:
—Şərafətli yaradan və müdrik ağa olan Ahura Mazdaya inanırsan?
—Bəli!
Sakar dəsturdan aldığı odu Maqupata verdi, o isə öz növbəsində qabdakı alovu atəşgaha atdı. İkinci dəstur:
—İnsanlara doğru və pak yol göstərən Zərdüştə Ahura Mazdanın yeganə elçisi olaraq inanırsan?
—Bəli!
Üçüncü dəstur:
—Mənəvi aləmə və insan taleyinin bu aləmdə necə olacağına təsir edən Xeyir və Şər ruhun varlığına inanırsan?
—Bəli!
Dördüncü dəstur:
—Ahura Mazda tərəfindən təyin edilən həqiqət və harmoniya qanunu olan Aşaya inanırsan?
—Bəli!
Beşinci dəstur:
—Hər bir insana xeyiri şərdən ayırmaq imkanı verən, əsasında inam və şüur olan insan mahiyyətinə inanırsan?
—Bəli!
Altıncı dəstur:
—İnsan şəxsiyyətinin açılması və inkişafı pillələri olan yeddi Ameşaspendə inanırsan?
—Bəli!
Yeddinci dəstur:
—İnsanların bir-birinə qarşılıqlı dəstəyi, ehtiyacı olanlara yardım və kömək olan Dadodaheş və Aşudada inanırsan?
—Bəli!
Səkkizinci dəstur:
—Ahura Mazdanın yaratmış olduğu təbiət ünsürləri olan od, su, külək, torpaq və canlı təbiət olan bitki və heyvanatın müqəddəsliyinə və onları himayənin mütləqiliyinə inanırsan?
—Bəli!
Doqquzuncu dəstur:
—Savşiantın başçılığı və bütün düzgün insanların əməyi ilə Ahura Mazdanın mütləq qələbəsinə və şərin tamamilə məhv ediləcəyinə inanırsan?
—Bəli!
Sonuncu-doqquzuncu od da atəşgaha əlavə edildikdən sonra Maqupat uca səslə dedi:
-Sakar! Bu gündən sən İLAHİ ODUN HAMİSİSƏN! Şah Atəş Varahramın mənə verdiyi səlahiyyətlə səni Atropat adlandırıram...
Bu sözlə Maqupat əlində tutduğu Farohar nişanlı tacı Atropatın başına qoydu.
***
Novzudi ayinindən təxminən 3 həftə sonra toz-torpağa bulaşmış, küləyin və günəşin təsirindən siması yanmış bir atlı Qazakanın qala qapılarına doğru sürətlə at çapırdı. Qapıya yaxınlaşdıqda uca səslə Ratudan xəbər gətirdiyini bildirdi. Atını şəhərin mərkəzi meydanına tərəf sürən çapar meydanın gündoğan tərəfində ucalan Azərgüsnasp məbədinə yaxınlaşdı. Qarşısına çıxan ilk dəsturdan Maqupatı sordu. Maqupat atəşgahın yanında idi və çapar qoynundan çıxardığı naməni ona uzatdı. Baş Maqın işarəsi ilə çapar atəşgahı tərk etdikdən sonra tez naməyə baxdı. Sətirdən sətirə keçdikcə simasında təbəssüm izləri görünürdü. Döyüş, Böyük Mada əsgərlərinin Ratuya qarşı vuruşmaq istəməməsi ilə başa çatmış, Beriaks əsir düşmüşdü. Atropat zəfərlə geri qayıdırdı!
Maqupat məbəddən çıxaraq meydana doğru baxdı. Meydan insanla qaynayırdı, maldar və əkinçilər məhsullarını təklif edir, sənətkarlar dayanmadan sifariş yerinə yetirir, ovçu və balıqçılar qənimətlərini tərifləyirdilər. Hər kəsdə bir huzur hiss olunurdu. Bu huzur, ilahi od kahini olan Maqupat və ilahi od hamisi olan Atropatın əməkləri ilə daha da möhkəmlənmişdi.
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)


