Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bəzən qarşımıza iş elanları çıxır. Məsələn, menecer vəzifəsi üzrə vakansiya! Amma tələblərə baxanda görürsən ki, tələb olunan yalnız menecerlik deyil. Həm mühasib, həm xadimə, həm resepsionist, həm də tərcüməçi vəzifələrinin öhdəliyini birdən üzərinə yıxmaq istədikləri birini axtarırlar. Günümüzdə Təhsil Nazirliyinin də müəllimlərdən gözləntisi eyni cürdür.
Əvvəlki dövrlərdə təhsil sistemi daha stabil idi. Bu günkü kimi tez-tez dəyişmirdi və texnologiya da bu cür inkişaf etməmişdi. Müəllimlərin iş yükü də daha az idi.
Normalda yeniliklər və texnologiya insanların işini asanlaşdırmalı və işi daha sürətli yerinə yetirməyə xidmət etməlidir. Amma bu gün müəllimlərin iş yükünə baxdıqda bunun tam əksini görürük. Texnologiya inkişaf etdikcə və sistem yeniləndikcə, paralel olaraq müəllimlərin iş yükü də artır. Ölkəmizdə isə bunun təməl daşı kurikulumla birlikdə qoyuldu.
Əvvəllər müəllim məlumat verən, dərsi tədris edən və şagirdi qiymətləndirən şəxs idi Amma bu gün kurikulumla birlikdə müəllimin öhdəliyinə qoyulan bir çox əlavə işlər - sənədləşmələr, hesabatlar, monitorinqlər, elektron jurnallar və s.- onu əsas işdən, yəni tədrisdən uzaqlaşdırır. Müəllim bütün enerjisini öhdəliyindəki əlavə işlərə sərf etdiyi üçün dərsi izah etməyə enerjisi qalmır və nəticədə şagirdlərə lazımi diqqəti və qayğını göstərə bilmir.
Və məsələ burasındadır ki, bu prosesin tək zərərçəkəni müəllimlər deyil, sadaladıqlarım şagirdlər üçün də keçərlidir.
Müəllimlərlə birlikdə şagirdlər də sistemdəki dəyişikliklərdən təsirlənir.
Bitməyən summativ və formativ qiymətləndirmələr uşaqları yorur, davamlı stres və narahatlıq yaşamalarına səbəb olur.
Layihələr və təqdimatlar uşaqların vaxtını alır, onları yorur; onlayn platformalar və onlayn testlər isə göz yorğunluğuna və diqqət dağınıqlığına səbəb olur. Hələ bəzi fənnlərdə dərslərin məzmununun yaş səviyyəsi ilə uyğun gəlməməsindən və ağırlığından danışmıram.
Uşaq həyatında oyun çox mühümdür, amma bu günkü təhsil sistemi uşağın oyun və istirahət vaxtını demək olar ki, tamamilə azaldır.
Müəllimlər gərgin və yorğun olduqda dərsləri yüksək enerji ilə tədris edə bilmirlər; bu isə uşaqların öyrənmə istəyinə və dərs müddətində sərgilədikləri performansa birbaşa təsir edir.
Qısacası, müəllimin çiyninə düşən yükün ağırlığı və nəticələri şagirdlərdən də yan keçmir.
Dərs kitablarından əlavə dərs resurslarının çoxluğu və onların doğurduğu problemlər haqqında ümumiyətlə danışmaq istəmirəm.
Amma düşünmək lazımdır bu resurslar dərs kitablarının yetərsiz olmasından başqa nəyi göstərir? Yoxsa yalnız uşağın dərs çantasını ağırlaşdırmaqdan, əlavə kitab bazarına xidmət etməkdən və valideyndə "ala bilməsəm uşağım geri qalacaq" düşüncəsini formalaşdırmaq üçünmü yaradılıb?
Sonda onu da qeyd etmək istərdim ki, məsələyə yalnız məktəb müəllimləri nöqteyi-nəzərindən deyil baxçalarda çalışan tərbiyəçi- müəllimlər nöqteyi-nəzərindən də yanaşmaq lazımdır.
Çünki artan iş yükü sənədləşmələr, hesabatlar və s tərbiyəçi-müəllimlər üçün də keçərlidir. Və nəzərə alaq ki, tərbiyəçi müəllimlərin həm fiziki, həm də psixoloji iş yükü çox ağırdır və baxçalardakı fiziki risklər də daha yüksəkdir.
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)


