Dilimizin keşikçilərindən biri Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Dilçi alimlərin cəmiyyətdə bir ayrı nüfuzu olur. Niyə? Çünki dilin saflaçması yönündə çalışırlar. Dil isə bir millətin mənsubiyyət atributudur. Haqqında söhbət açaçağım dilçi alimin bu gün anım günüdür.

 

Yusif Seyidov 1929-cu il mayın 2-də Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub. Burada orta məktəbi bitirib. İki-illik Naxçıvan müəllimlər institutunda təhsilini davam etdirib. Sonra Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində təhsil alıb. Dilçilik ixtisası üzrə aspiranturada saxlanıb. "Müasir Azərbaycan dilində feli bağlama tərkibləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Universitetdə Ümumi dilçilik kafedrasında müəllim, baş müəllim, dosent, professor (1967-ci ildən) işləyib.

 "Müasir Azərbaycan dilində söz birləşmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Universitetdə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına əsası qoyulduğu ilk gündən rəhbərlik edib. (1965-ci ildən dünyasını dəyişənədək). Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, tənqidçi və ədəbiyyatşünas kimi də çalışıb, dövri mətbuatda müntəzəm çıxış edib. İlk məqaləsi 1952-ci ildə "Azərbaycan müəllimi" qəzetində dərc olunub. Rus dilli məktəblər üçün "Azərbaycan dili" dərsliyinin müəllifıdir.

Yusif Seyidov bir sıra məqalələrində, "Klassik Azərbaycan şairləri söz haqqında", "Yazıçı və dil", "Sözün şöhrəti", "Sözün qüdrəti", "Sözün hikməti" və s. kimi sanballı monoqrafiyalarında XI əsrdən başlayaraq müstəqillik dövrünə qədərki, təxminən min ilə qədər, Azərbaycan yazıçılarının söz və sənət haqqında, dil və onun insan həyatında, cəmiyyətdə rolu, əhəmiyyəti barədə fikirlərini toplayıb sistemə salıb, ədəbi-tarixi ardıcıllıqla təsvir və təhlil edib, xalqın dilçilik, qismən də ədəbiyyatşünaslıq və estetik görüşlərinin yığcam salnaməsini yaradıb.

Yusif Seyidov elmi məzmununa, metodiki mükəmməlliyinə görə qiymətli dərs vəsaitləri və dərsliklərin- "Müasir Azərbaycan dili"- (I h.-1959, II h - 1963); "Müasir Azərbaycan dili. IV hissə. Sintaksis"(1972, 1985, 2009) dərsliklərinin əsas müəlliflərindən biri, bir neçə dəfə nəşr edilən "Azərbaycan dili" və "Azərbaycan dilinin qrammatikası. Morfologiya" kimi ali məktəb dərsliklərinin müəllifidir.

 

Böyük dilçi alim Yusif Seyidov Azərbaycan dili tarixinə dair də səmərəli tədqiqatlar aparıb: "Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi", "Dastani- Əhməd Hərami" haqqında bəzi qeydlər", "Kitabi- Dədə Qorqud"un dilində sadə cümlə (inkişaf səviyyəsi)", "Kitabi- Dədə Qorqud" dastanlarının dilində tərkib və budaq cümlə paralelizmi","Dövrün(XII- XIX əsrlər) şeir dilinə ümumi bir nəzər", "Ədəbi şəxsiyyət və dil" və s. məqalələri,habelə "Nəsiminin dili" monoqrafiyası ciddi müşahidə və axtarışların məhsuludur.

Yusif Seyidov dilçiliyin nəzəri və tətbiqi problemlərinə həsr edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 30- dan çox kitabın (monoqrafiya, dərslik və dərs vəsaitlərinin) müəllifidir.

 

Əsərləri

1. Azərbaycan ədəbi dilində söz birləşmələri

2. Müasir Azərbaycan dili. Sintaksis

3. Klassik Azərbaycan şairləri söz haqqında (XI-XVIII əsrlər)

4. Azərbaycan dili

5. Yazıçı və dil (XIX-XX əsrlər)

6. Sözün şöhrəti

7. Şairin fikir dünyası

 

Mükafatları

- Azərbaycan Dövlət Mükafatı

- Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə "Əməkdar elm xadimi" fəxri adı

- Şöhrət ordeni

 

Yusif Seyidov 18 noyabr 2013-cü ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.