Tanınmış din xadimi Nurəddin Məhəmməd Şirvani (Xaçmazi) Featured

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Nurəddin Məhəmməd Şirvaninin (Xaçmazinin)  XVI əsrin II yarısında dünyaya gəldiyi ehtimal olunur. Anadan olduğu yer Oğuz rayonunun Tərkeş kəndidir. Şimali Azərbaycanda və Dağıstanda məşhur olan bir ailədə (atası da tanınmış din xadimi olub) dünyaya göz açmışdır. Əsərlərindəki qeydlərdən Şirvanın Səfəvilərə ilhaq olunduğu dövrdə yaşadığı başa düşülür.

 

Öz əsərlərində adını və nisbəsini belə qeyd etmişdi: “Nurəddin Məhəmməd b. Mövlana Məhəmməd Bədi' b. Mövlana Abdurrahim b. Mövlana

Mahmud b. Məhəmməd əl-Məşhur bi-Səru Fakih (Sarı Fakih Məhəmməd ləqəbi ilə məşhurdur) b. Seyid Fəthullah əl-Kumri (və ya əl-Kameri) əs-Səfəvi əl-Ələvi əl-Betuli əl-Hüseyni əl-Haçmazi et-Terkeşi Eş-Şirvâni”  

Əsasən Şirvani və Xaçmazi nisbələri ilə tanınmışdır.  Xaçmazi nisbəsinə gəldikdə onu deyə bilərik ki, Xaçmaz Şirvan əyalətinin mühüm mahallarından olub. Tərkəş kəndi də Xaçmaz mahalına daxil olan kəndlərdən biri idi.

Nurəddin Məhəmməd Şirvaninin nəsli uzun müddət təqiblərə məruz qalmışdır.  

Nurəddin Məhəmməd Şirvani özü uzun müddət Dağıstanda dini təhsil almış və Dərbənddə mühacir həyatı yaşamışdır. Bir müddətdən sonra məcburən təkrar Şirvana qayıtmış, burda gizlincə dini təlimlər keçməyə başlamışdır. Lakin təqiblərdən yaxa qurtara bilməmişdir. Ona görə də Gürcüstandan keçməklə 1640-cı illərdə ailəlikcə Türkiyəyə mühacirət etmişdir. Bursa da yaşamışdır. Bursa şəhərində məskunlaşan Əl-Şirvani o zamanın Osmanlı Şeyxülislamı ilə görüşmüş və ondan böyük dəstək almışdır. Misirdən keçməklə həccə getdiyi də məlumdur.

Əş-Şirvaninin 1065/1655-ci ildə Bursada vəfat etdiyi və onun Şerhu'l-Fıkhi'l-Ekber, Şerhu't-Telhîs fi'l-Maani ve'l-Beyân, Ta'lika 'ala-Tefsîri'l adlı əsərlərinin (əlyazmalarının) olduğu rəvayət edilir. Bu əlyazmalardakı məlumatlar sayəsində öyrənirik ki, həmin dövrün ən mühüm alimləri Şirvan əyalətinin Xaçmaz mahalının Tərkeş kəndində də (hazırkı Oğuz rayonunda) yaşayıblar. Və onların əsərləri əsrlər boyu digər torpaqlarda yaşayanlara da təsir göstərib.

Onun müxtəlif əlyazmaları Türkiyə, Misir, İran və Amerika kimi ölkələrdə saxlanılır.

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2025)

 

 

                                                                                          

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.