İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, yazıçı-publisist, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Tarixi abidələr, mərdlər, şəhidlər, pəhlivanlar və şairlər diyarı olan doğma Cəlilabadın elm, təhsil və xüsusilə də ədəbiyyat sahəsində öz adı və parlaq imzası ilə tanınan dəyərli nümayədəndələrindən biri də "Zülfi Vellidağ" təxəllüsü ilə tanınan Zülfi müəllim Məcidlidir.
Qısa bioqrafik məlumat:
Məcidli Zülfi İbrahim oğlu (Zülfi Vellidağ): 12 fevral 1951-ci ildə Astraxanbazar (indiki Cəlilabad) rayonunun qədim və sirli tarixə malik olan Şatırlı kəndində bir ziyalı ailəsində anadan olmuşdur. 1964-cü ildə Şatırlı kənd səkkizillik məktəbini, 1966-cı ildə isə Ləkin kənd orta məktəbini bitirmişdir. 1967-ci ildə N.Tusi adına APU-nun (keçmiş V.İ.Lenin adına APİ-nin) filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildən təhsilini davam etdirməklə bərabər, pedaqoji fəaliyyətə başlamış və bədii yaradıcılıqla da məşğul olmuşdur. 1974-cü ildə keçmiş SSRİ-nin Çita vilayətində hərbi xidmət keçmişdir.
Zülfi müəllimin onlarla yetirməsi ali təhsil almış, hazırda ölkənin müxtəlif yerlərində, həm də müxtəlif sahələrdə uğurla fəaliyyət göstərməkdədirlər. O, ardıcıl olaraq üç dəfə respublika müəllimlərinin qurultayına nümayəndə seçilmiş, qabaqcıl iş tərcüməsi yayılmış, 1987-ci ildə "Baş müəllim" adına layiq görülmüşdür. Pedaqoji səriştəsi və ictimai fəallığı nəzərə alınaraq dörd dəfə "Fəxri fərman"a layiq görülmüşdür. Doqquz il müddət ərzində Cəlilabad rayon Təhsil Şurasının üzvü olmuşdur.
Yarım əsr müqəddəs müəllimlik və pedaqoji əməyi olan Zülfi müəllim həm də ədəbiyyat sahəsinin parlaq simaları və dəyərli ustadlarından biridir. Azərbaycan dili və ədəbiyyatı sahəsində yarım əsrlik ardıcıl müəllimlik əməyini nəzərə alaraq onu Cəlilabad rayonundan olan bir çox tanınmış şair, nasir, yazıçı və ədəbi təhlilçi və tənqidçinin ustadı adlandırmaq olar.
O, 1970-ci ildə "Əmək nəğməsi" adlı ilk şeirini Xalq şairi Səməd Vurğunun yaradıcılığından təsirlənərək yazmışdır. Şeirləri ara-sıra "Taxılçı", "Sovet kəndi", "Yeni gün", "Azərbaycan gəncləri", "Münasibət", "525-ci qəzet" və "Ədəbiyyat və incəsənət" qəzetlərində, həmçinin "Ulduz" və "Sözün işığı" kimi ədəbi-bədii jurnallarda dərc edilmişdir.
Qardaş Qazaxıstan Respublikasında Azərbaycan və qazax dillərində nəşr edilən "Otan" qəzeti onun yaradıcılığına xüsusi bir səhifə həsr etmişdir.
Qələmini poeziyamızın müxtəlif janrlarında - bayatı, qoşma, gəraylı, qəzəl, məsnəvi, müxəmməs, alleqorik əsərlər və mənzum hekayələr sahəsində sınamışdır.
Yaradıcılığında deyimlər şəklində yazılmış yüzlərlə tək bəndlər "Yarpaqlar" adı altında silsilə təşkil edir. Hərbi-vətənpərvərlik mövzusunda çoxlu şeirləri olmaqla bərabər, vaxtı ilə şagirdi olmuş şəhid Mirəşrəfbəyli Mir Səfanın döyüş yolunu əks etdirən "Şəhid oldum ki..." adlı poeması da var. Poema 2024-cü ildə Cəlilabad rayonunda çıxan "Sözün işığı" qəzetində dərc edilmişdir. Üç yüz səhifəlik və 300 tirajla buraxılan "Sükutun dili" adlı şeirlər kitabı 2015-ci ildə Bakı şəhərində nəşr edilmişdir.
Mətbuat orqanlarında və sosial şəbkələrdə Zülfi müəllimin ara-sıra yazıları dərc olunmaqdadır. 2016-cı ildən etibarən təqaüddədir.
Hal-hazırda isə Cəlilabad rayon Ağsaqqallar Şurasının üzvüdür. İki oğlu, üç qızı vardır.
Davamçısı barədə
Məlumat üçün qeyd etmək lazımdır ki, Zülfi müəllimin oğlu Füzuli Məcidli doğma elimizin tanınmış və dəyərli gənc alimlərindən və diplomatlarından biridir. Siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidli 2013-cü ildən baş qərargahı Kanadanın Monreal şəhərində yerləşən Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (International Political Science Association) üzvüdür. 2016-cı ildən qərargahı qardaş Qazaxıstanın Nur-Sultan şəhərində yerləşən Türk Akademiyası Beynəlxalq Təşkilatı (TWESCO) prezidentinin müşaviri, ardınca müəyyən müddətədək həmin təşkilatın prezidenti vəzifəsində çalışmışdır. 2012-2019-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya ölkələri üzrə bürosuna rəhbərlik edib. Həmçinin, 2019-cu ildən etibarən Azərbaycan Televiziyasının Mərkəzi Asiya bürosunun rəhbəri vəzifəsində olmuşdur.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Cənub Şərqi Asiya Ölkələri Şöbəsində 3 il müddədində müdir vəzifəsində çalışmış, 01.09.2025-ci ildən etibarən isə Azərbaycan Respublikasının qardaş Türkiyə Cümhuriyyətindəki səfirinin müşaviri vəzifəsinə təyin edilmişdir.
İxtisasca politoloq və jurnalsit olan Füzuli Məcidli həm də bir çox əsərlərin (kitab, məqalə və filmoqrafiyaların) müəllifidir. İndiyədək dünyanın müxtəlif ölkələrində onlarla elmi və publisistik məqalələri çap olunumuşdur.
"Vellidağ" təxəllüsü barədə izah...
Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi Zülfi Məcidlinin ədəbiyyat sahəsində daşıdığı "Vellidağ" təxəllüsü coğrafi məkan mənasındadır.
Talış dağlarının Cəlilabad rayonu ərazisində yerləşən Burovar silsiləsinin zirvəsi Vellidağ adlanır. Hündürlüyü 1000 metrdən çox olan həmin toponim bir sıra coğrafi internet portalları, ensiklopediya və ədəbiyyatda yanlış olaraq Vəli dağ (Vəli adlı şəxsin bu dağda məskunlaşması ilə əlaqədar) adlandırılmışdır. Əslində isə dağın əsil adı Velli dağdır. Bu da həmin dağın zirvəsinin başdan-başa vel kolları (elmi ədəbiyatda qıjıkimilər fəsiləsinə aid olan ayıdöşəyi bitkisi adlanır) ilə örtülü olduğuna görədir və yerli əhali də həmin dağa Vellidağ (vel kollarının mövcud olduğu dağ) deyirlər.
Vaxtilə Vellidağın üzərində kərpicdən tikilmiş qala mövcud olmuş və həmin qala 1920-30-cu illərə qədər öz mövcudluğunu qoruyub saxlaya bilmişdir. Yerli əhali arasında həmin məkan "Qız qalası" kimi məşhur olmuşdur. Lakin Bolşevizmin Azərbaycan torpaqlarında hakim olduğu ilk illərdə qalanın yerüstü hissəsi tamamilə dağıdılmış, onun yeraltı hissəsi isə bağlanaraq əlçatmaz formaya salınmışdır. Həmin illərdə rus işğalına qarşı mərdlik və qəhrəmanlıqla mübarizə aparan və Azərbaycan Xalq Cumhuriyyətinin üç rəngli bayrağının son olaraq dalğalandığı kəndlər - Honuba, Honuba Şıxlar, Zeynələzir və Göygavar kəndlərinin əhalisi, xüsusilə də mübarizənin təşkilatçılarından olan Heydər bəy, Qaçaq Həsən və Qulam bəyin adları yerli əhali arasında xüsusi hörmətlə yad edilir.
Adıçəkilən kəndlər Yardımlı rayonunun kəndləri sayılsa da 1930-cu illərə qədər keçmiş Astraxanbazar (indiki Cəlilabad) rayonunun kəndləri ilə sıx əlaqədə olmuşdur. Məşhur Yardımlı şəlaləsi də bu dağın ətəyində yerləşir. Qeyd etmək lazımdır ki, bununla bağlı təqdim edilən digər nəzərə görə, Burovar silsiləsinin zirvəsi deyil, Cəlilabad hissəsində yerləşən qədim və tarixi Şatırlı kəndinin ərazisinə düşən tərəfi Vellidağ adlanır...
Ədəbiyyat sahəsindəki yeri...
Doğma elimizin dəyərli və ziyalı pedaqoqu, eyni halda ədib və şairlərindən olan Zülfi Vellidağın Cəlilabad ədəbi mühitindəki yeri əvəzolunmaz və möhtəşəmdir.
Adətən hər bir insanın milli, coğrafi və dini kimliyi diqqət mərkəzində saxlanılır. Belə ki, kimisi öz milli kimliyi, kimisi coğrafi kimliyi, kimisi də dini kimliyini qabardaraq çıxış edir. Zülfi Vellidağ isə öz coğrafi və dini kimliyinə sayğı ilə yanaşan halda milli kimliyini üstün tutan dəyərli ziyalılarımızdan, ədiblərimizdən biridir. Onun bir-birindən gözəl və mənalı şeirlərindən müəyyən bri hissəsi "Sükutun dili" adlı şeirlər toplusunda işıq üzü görmüşdür.
Rayondan olan çoxsaylı şair və ədəbiyyatçıların müəllimi olduğu, əslində isə şairlər və ədəbiyyatçıların ustadı sayıldığı halda heç bir zaman öz təvazökarlığı və insani dəyərlərini arxa plana atmır. Onun malik olduğu insani dəyərlər, yüksək etika və mədəniyyət hər kəsdən öncə tədrislə məşğul olduğu məktəb otaqlarında dərslərində iştirak etmiş şagirdlərinə daha aydındır.
Zülfi müəllimin önəmli şagirdlərindən biri də "Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, AYB və AJB-nin üzvü, yazıçı-esseist, şair-publisist Arzu Əyyarqızıdır. O, Zülfi müəllim barədə danışarkən deyir: "Zülfi müəllim mənim Azərbaycan dili və ədəbiyyatı üzrə müəllimim olub. Mən təxminən 3 il Zülfi müəllimin dəsrlərində yaxından iştirak etmişəm. Həmişə öz yüksək mədəniyyəti, insansevərliyi və dəyərləri ilə tanınır və şagirdləri tərəfindən sevilirdi.
Yadımdadır, mən ilk əvvəllər şeir yazmağa başlayanda onları Zülfi müəllimə təqdim edirdim. Əslində mənim ədəbiyyat sahəsinə gedən yolumda Zülfi müəllim bir mayak olub. Məktəb illərinə aid dəftərlərimin künclərində onun mənə göstərdiyi yol və izlər indi də mövcuddur. Şeirlərimə düzəliş edir, "buranı düzəlt", "bu misraya təkrar bax" və ya "bu şeirin məzmununu tamamla" kimi tövsiyə xarakterli qeydlərini saxlayıram. O, məni tərifləmədən yönəldir və ruh verirdi. Təbii ki, mən ilk əvvəllər şeir yazanda zəif idim. Amma Zülfi müəllim heç vaxt buna görə məni ruhdan salmır, yazdığım şeirləri aşağılamırdı. Əksinə kübarlıq və xüsusi mədəniyyət, həm də mehriban bir ata kimi məni yönəldirdi... Mən də incimədən onun iradlarını dinləyir və nəticə çıxarmağa çalışırdım..."
Zülfi müəllimin cəmiyyətdə olan məqamını qısa formada təqdim etmək istəsək, demək lazımdır ki, o, bacarıqlı pedaqoq olmaqla yanaşı, həm peşəkar, həm də öz milli kimliyi, Vətəni və Dövlətçiliyinə sıx bağlı olan yüksək mədəniyyətli ədib, gözəl şair və kübar şəxsiyyətdir.
Sözün həqiqi mənasında istənilən sahədə olduğu kimi müqəddəs müəllimlik və ədəbiyyat sahəsində də peşəkarlıqla yanaşı etika, mədəniyyət və insani dəyərlərin daşıyıcısı olmaq həmin şəxsdən vəsf olunmaz bir gözəlliyi meydana gətirir. Bu məsələ ədəbiyyat sahəsində daha ciddidir. Çünki ədəbiyyat sahəsində şeir, nəsr və ya ədəbi təhlillə məşğul olan insanlar mənsub olduqları sahənin ədəb-ərkan, etika, həmçinin, mənəviyyat və ülvi hisslərdən coşub gəldiyinin fərqində olmalıdırlar. Əzizimiz və dəyərlimiz Zülfi müəllim də sözün əsil mənasında öz sahəsinin peşəkarlığı ilə yanaşı həm də ən yüksək insani dəyərlərin, etika və mədəniyyətin daşıyıcısı, həmçinin, Vətənə, Dövlətçiliyə və milli kimliyə sıx bağlılıq nümunəsidir.
Ümumiyyətlə, Zülfi müəllimin özü etika və yüksək mədəniyyət sahibi olmaqda yanaşı, həm də sülalə baxımdan ziyalı alimlər, ədiblər, müəllimlər, diplomat, ədəbiyyat və incəsənət nümayəndələri ilə zəngindir. Zülfi müəllim isə doğma elimizin müdrik və ziyalı simalarından biri olaraq elm və təhsil, həmçinin, ədəbiyyat sahəsində zirvədə yer tutmuş dəyərli şəxsiyyətdir...
Arzu və diləklər:
Sonda doğma elimizin ləyaqətli müəllimi, həmçinin ədəbiyyat sahəsinin ustadlarından və Cəlilabad ədəbi mühitinin parlaq simaları və nümayəndələrindən olan hörmətli Zülfi müəllimə uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)


