Telejurnalistikada unudulmaz ad – Mailə Muradxanlı Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Televiziyamızda unudulmaz adlar elə də çox deyil, əksərən, bunlar diktorlardır, rejissorlardır. Haqqında söhbət açacağım şəxs ssenaristdir, ərsəyə gətirdiyi bir-birindən məzmunlu proqramlarla yaddaşlara yazılmağı bacarıbdır.

 

Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olub. 1946-cı ildə ailəliklə Bakıya köçüblər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirib. ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlayıb, redaktor, ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir, ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləyib, televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olub

Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olub. "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış edib. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulub. Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilib. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bir neçə pyesi Azərbaycan dilinə çevirib. Azərbaycan radiosunda "Sənətkarlar öz qəhrəmanların arasında" silsilə verilişlərin və həftəlik əyləncəli "Sabahınız xeyir" proqramının ssenari müəllifi olub. Azərbaycan Jurnalistlər Birliyi İdarə Heyətinın üzvü seçilib. Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsində çalışıb. Jurnalistlər heyətinin tərkibində Suriya, Livan, Yunanıstan, Türkiyədə olub Azərbaycan Qadınlar Cəmiyyəti nümayəndələri tərkibində Türkiyədə, İranda olub. İstanbulda keçirilən I Azərbaycan konqresində iştirak edib

 

Tərcümələri

(rus dilindən)

1. Enoraud. Uçan boşqablar əhvalatı.

2. Donat Şayner. Dəcəl

3. Paul Maar. Bir həftənin yeddi şənbəsi

4. A.İmermanis, Q.Sirulis. "Tabaqo" səmtini dəyişir

 

Filmoqrafiya

1. Bağdada putyovka var...

2. Bizim qəribə taleyimiz

3. Gəl qohum olaq

4. Gəlinlər

5. Qaydasız döyüş

6. "Qayınana" əməliyyatı

7. Qeybdən gələn səs

8. Qızlar

9. Manqurt

10. Məhv olmuş gündəliklər

 

12 iyun 2010-cu ildə, 69 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.