Şəhidlər Xiyabanında basdırılan 72 yaşlı Firudin Şuşinski Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və insənənət”

 

Şuşa muğamın beşiyidir, Şuşadan və muğamdan danışanda əlbəttə ki, yada Şuşinskilər düşür. Amma tədqiqatçı Şuşinski barədə danışacağıq.

 

Firudin Həsənov - Şuşinski 20 oktyabr 1925-ci ildə Şuşa şəhərində anadan olub. Onun atası Firudin bəy Köçərlinin dostu idi və oğluna onun adını qoyub. F. Şuşinski ilk təhsilini Şuşada alıb. 1931-ci ildə Şuşinski Şuşa musiqi məktəbində skripka dərsləri almağa başlayıb. Şuşa pedaqoji məktəbini bitirdikdən sonra dörd ay boyunca Malıbəyli kəndindəki məktəbə müəllim göndərilib. 1942-ci ildə könüllü olaraq İkinci Dünya müharibəsinə yollanıb. General Pavel Batovun komandanlığı altında Kursk döyüşündə iştirak edib. 

Döyüşlərdə fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilib. Müharibədən qayıtdıqdan sonra bir müddət Ağdam şəhərində məktəbdə ədəbiyyat müəllimi işləyib. 1946-cı ildə ali təhsil almaq üçün Bakıya gəlir. Şuşinski Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olur və oranı müvəffəqiyyətlə bitirib. Məzun olduqdan sonra Bakıdakı 45 və 61 nömrəli məktəblərdə tarix müəllimi kimi çalışıb. Şuşinski musiqi tariximizin tədqiqatın da qiymətli əsərlərin müəllifidir.

 

Doğma Qarabağının tarixini ciddi şəkildə öyrənmək məqsədilə Firudin Şuşinski arxivlərdə çox vaxt keçirirdi. 1948-ci ildə Səməd Vurğun Şuşinskiyə "Vaqif və Qarabağ" mövzusunda material hazırlamağı tapşırdı. Bu məqalə Şuşinskinin ilk nəşr olunmuş əsəri idi. Şuşinski, o illərdə kəskin tənqid olunmasına baxmayaraq Nəriman Nərimanovun tərcümeyi-halı ilə də maraqlanırdı.

 

1968-ci ildə Firudin Şuşinskinin doğulduğu Şuşanın tarixinə və məşhur şəxsiyyətlərinə həsr olunmuş "Şuşa" kitabı nəşr olunub. 70-ci illərdə o, Azərbaycan xalq musiqiçilərinin tərcümeyi-hallarının öyrənilməsi ilə məşğul olub. Bir-birinin ardınca onun Cabbar Qaryağdı və Seyid Şuşinski haqqında kitabları nəşr olunub. 1979-cu ildə onun "Azərbaycanın xalq müğənniləri və musiqiçiləri" kitabı Moskvada işıq üzü görüb. 2007-ci ildə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşəbbüsü ilə Şuşinskinin topladığı materiallar əsasında tarzən Mirzə Sadıxın həyat və yaradıcılığına həsr olunan "Sadıxcan" kitabı nəşr olunub.

 

Firudin Şuşinski 1997-ci il oktyabrın 25-də vəfat edib. Öz vəsiyyətinə uyğun olaraq Bərdə şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.