Siyasi məhbus Gülhüseyn Hüseynoğlu Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Siyasi məhbus Gülhüseyn Hüseynoğlu niyə? Çoxunuz deyəcəksiniz, o yazışıdır. Amma yazıçı çoxdur, amansız sovet rejimi iıə vuruşan, gizli təşkilatlar yaradan, azadlıq ideyaları yayan isə tək-tükdür, biri də Gülhüseyn Hüseynoğlu.

 

Gülhüseyn Hüseynoğlu 16 oktyabr 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin şəxsiyyətə pərəstiş dövründə həbs olunub, 25 il azadlıqdan məhrum edilib, amnistiyaya düşərək bu müddətin 8 ilini yatıbdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən, 1942-ci ildə "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayan Gülhüseyn Hüseynoğlu 1945–1947-ci illərdə "Ədəbiyyat qəzeti" redaksiyasında, 1947–1948-ci illərdə isə Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. O, 1957-ci ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlayıb, filologiya fakültəsinin müasir Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışaraq, ömrünün yarım əsrdən artıq bir dövrünü ölkəmizdə təhsilin inkişafına həsr edib. Görkəmli söz ustası 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçılar İttifaqının V qurultayından ömrünün sonunadək birliyin idarə heyətinin üzvü və nəsr bölməsinin rəhbəri olub. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılıb

Müasir Azərbaycan nəsrinin tanınan nümayəndələrindən olan Gülhüseyn Hüseynoğlu 1944-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb, yetmiş ilə yaxın müddət ərzində ədəbiyyatımızın inkişafı naminə çalışıb. Onun özünəməxsus üslubu ilə seçilən əsərləri müasirlərimizin həyatını, mənəvi aləmini dolğun əks etdirir. Nasir 69 ilin 8 ilini özündən aslı olmayaraq həbsxana və Stalin düşərgəsində əzab, sıxıntı içərisində keçirib. 8 ildə o, yazmaq imkanından məhrum olsa da dərindən müşahidəçilik qabiliyyətinin gördüklərini saf-çürük eləmək, gələcək bədii ümumiləşdirmələrinə lazım olacaq zəngin həyat təcrübəsi qazanmaq ixtiyarını ondan heç kəs ala bilməyib

Gülhüseyn Hüseynoğlu ilk hekayəsi "Ana"dan (1944), ilk mənsur şeiri "Bənövşə əfsanəsi"dən (1946) başlayaraq, ilhamlı fədakar yaradıcılıq yollarında özünəməxsus addımlarla irəliləməyə başlayıb. M. Müşfiq barədə elmi monoqrafik əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır.

Yazıçının "Nigaranşılığın sonu", "Ay nur çiləyəndə", "Mənsur şeirlər", "İtmiş keçi", "İnsan", "Gözəl", Sübh çağı", "Mücrü", "Seçilmiş əsərləri", "Ömrümüz boyu", "Qatar gedir", "Çətin yol", "Yana-yana", "Məhəbbətdirmi bu?", "Müşfiqin yolu", "Müsfiq", "Etiraf", Bir ömrün çıraqları" adlı bədii kitabları, monoqrafiyası, dərs vəsaiti və yüzlərcə elmi-publistik məqalələri geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Həmin kitablar görkəmli yazıçının çətin və şərəfli bir yaradıcılıq yolu keçdiyinə gözəl sübutdur.

Şair və yazıçılarımızdan Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, Mir Cəlal, İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı, rus yazıçılarından Konstantin Fedin, Viktor Telpuqov, tənqidçi və ədəbiyyatşunaslar Məhəmmər Arif, Əkrəm Cəfər, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Firidun Hüseynov, Ağamusa Axundov, Pənah Xəlilov, Musa Adilov və onlarca başqaları Gülhüseyn Hüseynoğlunun yaradıçılıq yolu, dəst-xəttinin özünəməxsusluğu, ədəbiyyatımızdakı mövqeyi barədə bəhs acmışdılar. Sitatlar:

Akademik Aslan Aslanov: "Gülhüseyn Hüseynoğlunun əsərlərində irəliyə sürdüyü, təbliğ etdiyi fikirlərlə özünün şəxsiyyəti arasında tam bir uyğunluq vardır. İnsana hörmət, bütövlük, nəciblik və paklıq onun şəxsiyyətinin ən səciyyəvi xüsusiyyətləridir. Onun bir yazıçı kimi təbliğ etdiyi fikirlərinin oxucuların qəlbinə dərhal yol tapmasında, bizcə, bunun da böyük rolu vardır".

Professor Mir Cəlal: "Gülhüseyn heç kimə bənzəməyən, özünün dəsti-xətti, üslubu olan, həmişə axtaran, poetik kəşflər edən, özünə tələbkar, əsərləri üzərində zərgər dəqiqliyi ilə işləyən, oxucusuna və ümumən ədəbiyyata hörmət bəsləyən, az yazmağı, mənalı yazmağı sevən yazıçıdır".

 

Əsərləri

1. Mənsur şeirlər ustası

2. Müşfiq

3. Nizami Cəfərovun yazıçı Gülhüseyn Hüseynoğlu haqqında kitabı

4. Полет Орлов — Стихотворения в прозе и рассказы

5. Gülhüsüyn Hüseynoğlunun seçilmiş əsərləri…

6. Məhəbbətdirmu bu?!

 

Nəşr

- İki damla göz yaşı

- İnsanlar və dalğalar

- Ömrümüz boyu

 

Poeziya

- Özün kimi

- Ömür gün

- Ömrümüz boyu

- O sayaq

- Müjdəçi

- Məhəbbət

- Küsülülər

 

Publisistika

1. Balaca dostlarım silsiləsindən (Sənədli hekayələr və öçerklər)

2. Dəzgahlar arasında (Sənədli hekayələr və öçerklər)

3. Gülhüsüyn Hüseynoğlunun seçilmiş əsərləri…

4. Bir ömrün çıraqları — Hekayə

5. Ağ kəlağayı — Hekayə

 

Gülhüseyn Hüseynoğlu 8 iyul 2013-cü ildə, 89 yaşında vəfat edib.Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

 

İnci Məmmədzadə

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.