İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
11 oktyabr 1937-ci ildə sədr hərbi hüquqşünas İ. O. Matuleviç, üzvlər hüquqşünaslar İ. M. Zaryanov və Y. K. Yiqur, katib hərbi hüquqşünas Kostyuşenko və SSRİ Baş Prokurorluğunun baş köməkçisi R. S. Rozovskinin iştirakı ilə iclas keçirilir. İclasın qərarında deyilirdi:
“İş məhkəməyə göndərilsin, işə şahidsiz, prokurorsuz və vəkilsiz baxılsın."
12 oktyabr saat 18:00-da "məhkəmə" başlayır və 18:20-də sona çatır. Məhkəmə qərara alır:
"Vəli Məmmədsöyün oğlu Xuluflu ən yüksək cəzaya – güllələnməyə məhkum edilsin."
Beləliklə, 13 oktyabr 1937-ci ildə Vəli Xuluflu güllələnir.
Bu gün anım günü olan Vəli Xuluflu 26 may 1894-cü ildə Yelizavetpol quberniyasının Xuluflu qəsəbəsində (indiki Şəmkir rayonu) anadan olub. O, ibtidai təhsilini 1905–1907-ci illərdə mollaxanada alıb. 1912-ci ildə Gəncədə Şah Abbas məscidi nəzdindəki "Mədrəseyi-ruhaniyyə"ni bitirib, istiqlal şairi Əhməd Cavadla birlikdə dövrün tanınan şəxsiyyətləri, məşhur din xadimi Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasının müdiri Axund Hüseyn Pişnamazzadədən, ədəbiyyatşünas Abdulla Surdan, dilçi-folklorşünüs Mirzə Abbas Abbaszadədən, filosof şair-dramaturq Hüseyn Caviddən, M. Müşfiqin həyat yoldaşının əmisi, tanınan pedaqoq İdris Axundzadədən, şair və ictimai xadim Əli Razidən, vətənpərvər şair Əli Nəzmidən dərs alıb.
1913-cü ildən "Mədrəseyi-Ruhaniyyə" müəllim kimi fəaliyyət göstərib. Həmin vaxtdan gizli inqilabi işə qoşulub və 1919-cu ildə RSDFP sıralarına daxil olub. Xuluflu təhsilini davam etdirərək 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirib və müəllim kimi fəaliyyətini davam etdirib. 1921–1922-ci illərdə Gəncə quberniyasında qəza partiya komitəsinin katibi vəzifəsində çalışıb. 1921-ci ildə partiya sıralarında "təmizləmə işləri" ilə əlaqədar Sov.İKP üzvlüyündən çıxarılıb. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1922–1927-ci illərdə Yeni Türk(Azərbaycan) Əlifbası Komitəsində təlimatçı kimi işləyib.
Eyni zamanda 1927–1929-cu illərdə "Bakı fəhləsi" kooperativ nəşriyyatı və "Azərnəşr"in bədii-ədəbiyyat şöbəsi ilə əməkdaşlıq edib. O, həmçinin 1928-ci ildə Bakıda keçirilən Azərbaycan Aşıqlarının I Qurultayında iştirak edib. O, 1927-ci ildə yenidən partiya üzvlüyünə bərpa edilib. 1922–1929-cu illərdə Yeni Türk Əlifbası Komitəsinin fəal üzvü olub. Vəli Xuluflu Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi katib olaraq çalışıb. Onun yenidən təşkili vaxtı isə 1929–1932-ci illərdə Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru olub. Vəli Xuluflunun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşrində xüsusi xidmətləri olub. O, 1926-cı ildə "El aşıqları" toplusunu tərtib və çap etdirib.
İnsititut ləğv ediləndən sonra 1933-cü ildə bir müddət Mərkəzi Arxiv İdarəsində müdir vəzifəsində çalışıb. Daha sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığında universitet və elmi-tədqiqat müəssisələri idarəsinin rəisi və Dövlət Elmi Şurasının sədr müavini vəzifələrində çalışıb. Həmçinin 1933-cü ildən SSRİ EA Azərbaycan şöbəsinin baş mütəxəssisi olub. 1936-cı ildən isə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunun direktor müavini və digər vəzifələrdə çalışıb. Vəli Xuluflu yeni türk əlifbası komitəsinin üzvü və yeni əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə təlimatçı kimi fəaliyyət göstərib. Bu münasibətlə o, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan Respublikalarında, Krımda, Kazan və digər şəhərlərdə olub.
Xuluflu həmçinin yüzlərcə qəzet və jurnal məqaləsinin müəllifidir. O, eyni zamanda aşıq yaradıcılığını çox sevirdi. Onun toplayıb nəşr etdirdiyi "Koroğlu" dastanı buna bir nümunədir. Məhz buna görə də Rəhman Salmanlı onu "Folklorşünaslıq elminin Koroğlusu" adlandırıb. 1924-cü ildən Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyətinin işlərində fəal çalışıb
Folklorşünas alimin Azərbaycan folklor örnəklərinin toplanması, nəşri və tədqiqində müstəsna xidmətləri olub. Belə ki, o, 1927-ci ildə "Koroğlu" dastanının aşıq Hüseyn Bozalqanlının dilindən yazdığı 2 qolunu, 1929-cu ildə isə 4 qolunu və 6 nağılvarı hekayəti kitab şəklində nəşr etdirib. Vəli Xuluflu "Azərbaycanın Tədqiq və Tətəbbö" cəmiyyəti tərəfindən Şəmkir, Tovuz və Qazax rayonlarına elmi ezamiyyətə göndərilib və 1926-cı ildə "Azərbaycan xalq ədəbiyyatından materiallar" seriyası ilə "El aşıqları" kitabını nəşr etdirib.
Alim kitaba Qurbani, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli və başqalarının tərcümeyi hallarını daxil edib. Bununla yanaşı, müxtəlif aşıqların yaradıclığında olan qoşma, gəraylı, təcnislər, həmçinin Şəmkirli Aşıq Hüseynə aid olan "Reyhan" dastanını əlavə edib. Vəli Xuluflunun 1927-ci ildə "El aşıqları" adı ilə çap etdirdiyi başqa bir kitabında da Şamxor və Tovuz bölgələrində yaşayan aşıqların yaradıcılığından nümunələr toplanıb.
Kitabları
1. "Yeni türk əlifbası ilə yazı qaydaları"
2. "Koroğlu"
3. "El aşıqları"
4. "İmla lüğəti"
5. "Tapmacalar"
6. "Panislamizm, imperializm və ruhaniyyət"
7. "Din və qadın"
8. "Din və mədəni inqilab"
9. "Səlcuq dövlətinin tarixi quruluşuna dair"
10. "Məhərrəmlik münasibətilə"
Bakının ən böyük küçələrindən biri, həmçinin Şəmkir rayonunda mərkəzi küçələrdən biri, orta məktəb və mədəniyyət evi Vəli Xuluflunun adını daşıyır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.10.2025)