İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əlbət ki əgər bir adam uzun illər vəzifədə olursa, opera teatrının, filarmoniyanın, ədəbiyyat muzeyinin direktoru olaraq mədəniyyətin ən vacib ocaqlarına rəhbərlik edirsə, elmi fəaliyyəti də varsa, professordursa, onda onun gərəkliliyi göz önünə alınar. Belə bir şəxs Abbas Zamanov idi.
Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olub. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşayıb. Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışıb, iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləyib. Sonra "Ədəbiyyat qəzeti"ndə məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir olub. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirib və oraya müəllimliyə dəvət edilib.
Opera Teatrının və Filarmoniyanın direktoru olub. M. F. Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik edib. İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət edib. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifələrində çalışıb, daha sonra kafedranın professoru kimi fəaliyyət göstərib.
Abbas Zamanov dəmir pərdənin hökm sürdüyü sovet siyasi rejimi dönəmində dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın mühacir alimləri, yazıçıları ilə məktublaşıb, kitab mübadiləsi edib. Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universitetində professor Abbas Zamanovun vaxtilə sovet rejiminin çətin dövrlərində göndərdiyi kitablardan təşkil olunub və üç mindən artıq kitabı əhatə edən "Bağış kitablığı" yaradılıb.
Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlayıb. Həmin vaxtdan Azərbaycanda və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri müntəzəm dərc olunub. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə məqalələri yayınlanıb. "Sabir və müasirləri" monoqrafıyası Əsəd Behrənginin tərcüməsində Təbrizdə, "Cəlil Məmmədquluzadə" oçerki Ələkbər Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəşr olunub. Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərib, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Seyid Hüseyn, Hacıbaba Nəzərli, Sultan Məcid Qənizadə və başqa şair və yazıçıların əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirib. O, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid haqqında xatirə və məqalələri toplayıb ön sözlə "Sabir xatirələrdə" (1982) və "Cavidi xatırlarkən" (1982) adı ilə kütləvi tirajla çap etdirib.
Kitabları
1. İrəli (cəbhə qeydləri)
2. A. Şaiqin həyatı və yaradıcılığı
3. Müasirləri Sabir haqqında
4. Əməl dostları
5. Sabir və müasirləri
6. Bu dünyadan Rəsul Rza gəlib keçdi
7. Tərcümələri
Redaktə
(ruscadan)
1. N. Jurba. Aleksey Matrosov
2. H. Məmmədquluzadə. Mirzə Cəlil haqqında xatirələrim
Təltifləri
1. Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü
2. Azərbaycanın Əməkdar elm xadimi
3. Konya Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru
4. Birinci Dərəcəli "Vətən müharibəsi" ordeni
Abbas Zamanov 1993-cü il aprelin 1-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)