İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Çox zəhmətkeş, cəfakeş bir ziyalı, Maarif Teymur. Bu gün anım günüdür, vəfatından tam 9 il keçir.
Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olub. Burada on bir illik orta məktəbi bitirib. Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlayıb. Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil alıb. Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirib. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəisi, elmi işlər üzrə direktor müavini və direktor olub. İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış edib.
Ədəbiyyatımızın və tariximizin açılmayan səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s. qəzet, jurnallarda dərc olunub. 600-dən çox sənətkarın şəxsi arxiv fondunun yaradılmasında fəal iştirak edib. "Mədəni maarif işi" jurnalının və "Güzgü" qəzetinin redaksiya heyətinin üzvüdür. Ə.Ağaoğlu, C.Hacıbəyli, Ə.Hüseynzadə, M.Məhərrəmzadə, Məhəmməd Əmin Rəsulzadə, A.İldırım, Ə.Yusif, E.Qurtulan və digər istiqlal mücahidləri haqqında tapıntı və məlumatlarını dövri mətbuatda müntəzəm dərc etdirib. Onlar barədə televiziya və radio verilişləri hazırlayıb, sərgi və xatirə gecələri təşkil edib. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantıdır.
Almas İldırımın şeirlərini toplamış, tərtib və nəşr etdirib, bununla yanaşı onun haqqında tədqiqat əsəri yazıb. Moskvada Beynəlxalq arxivlər şurasının ədəbiyyat və İncəsənət komitəsinin elmi sessiyasında "Ədəbiyyat və incəsənət xadimlərinin arxiv sənədlərindən istifadə qaydalarının elmi şərhi" mövzusunda məruzə ilə çıxış edib (1987). Bakıda "Azərbaycan mühacirət ədəbiyyatı" adlı beynəlxalq elmi simpoziumda məruzə ilə çıxış edib.
Moskvada Xalq nailiyyətləri sərgisində təşkil edilən "Orijinal sənədlərin sərgisi"ndə fəal iştirakına görə sərginin bürünc medalı ilə təltif olunub (1994). Fəxri fərmanlara layiq görülüb, "Vətən" mükafatı laureatıdır (2000). Onun tərtibi və müqəddiməsi ilə "Unudulmaz səhnə ustaları" (bioqrafik oçerklər) Ə.Şərifin "Tapıntılar", C.Zeynaloğlunun "Müxtəsər Azərbaycan tarixi", Mirzə Mahmud Şirvaninin "Nəsihəti-loğman", Y.V.Çəmənzəminlinin "Tarixi, coğrafi və iqtisadi Azərbaycan", A.İldınmın "Qara dastan", "Şərq rəvayətləri", İ.Salehin "Sənə dediklərim", Məhəmməd Ağanın "Baradigahım mənim", "Soltan gülür", Z.Əfəndiyevin "Zabit təxəllüslü bir şair", "Məşəl kimi yanan ürək", M.A.Dağlının "Dədə Qorqud", "Səslərəm səni" və s. kitabları kütləvi tirajla çap olunub.
"Almas İldırımın həyatı və yaradıcılıq yolu" monoqrafiyasını nəşriyyata təqdim edib. Ankarada, İstanbulda olub, Türkiyənin Milli kitabxanasında arxiv işi quruculuğu sahəsində çalışıb. Bakı sovetinin deputatı olub. Maarif Teymurov 10 oktyabr 2016-cı ildə doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsində uzun çəkən xəstəlikdən vəfat edib.
Filmoqrafiya
- Almas İldırım
- Çinarlı şəhərin generalları. Birinci film
- Almas Yıldırım
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.10.2025)