Dünyada 81 samitdən ibarət Qafqaz dilində danışan yeganə insan - Tevfik Esenç Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Tevfik Esenç Türkiyənin Hacı Osman kəndində 1904-cü ildə anadan olub. Burada o, Ubıxiyada anadan olub, öz ana dilini yaxşı bilən babası İbrahimin yanında böyüyüb. Babası nəinki, ubıx dilini bilir, o, həmçinin Şimali Qafqazda mühacirlik dövründə ubıxların Osmanlı imperiyasına sürgün tarixini ətraflı xatırlayırdı. İstanbulda dövlət qulluğuna keçməzdən əvvəl Esenç doğulduğu kəndin icra başçısı olub.

 

İstanbulda o, fransız dilçi Jorj Dümezil ilə işləmək imkanı qazanır. Mükəmməl yaddaşa və düşüncə aydınlığına malik olan Esenç alimlərə təkcə dil haqqında deyil, həm də Ubıxların mifologiyası, mədəniyyəti və adət-ənənələri haqqında çox şey danışıb. O, həmçinin adıq (çərkəz) və türkcənin xakuçi ləhcəsini mükəmməl bilirdi.

Jorj Dümezil Ubıx dili üzrə son əsəri olan “Le verbe oubıkh”ı (1975) Tevfik Esençlə birgə yazıb. O, gürcü qafqazşünas Giorgi Şaraşidze ilə ubıx dilini öyrənmək imkanı qazanıb. Bu dövrdə Dümezil və Şaraşidze Esençin ubıx dilini bilməsini qeyd etmiş və onun ubıx dilində danışan səsini qeydə alıblar. Norveçli Hans Foqt,  ingilis Corc Hevitt, abxaz Vyaçeslav Çirikba və türk A.Sumru Özsoy da Esenç ilə Ubıx dili üzərində çalışıb.

Esenç 1992-ci il oktyabrın 7-nə keçən gecə 88 yaşında vəfat edib. O, həyat yoldaşı Əminə ilə birlikdə doğulduğu Hacıosman kənd qəbiristanlığında dəfn edilib. Tevfik Esenç ubıx dili ilə yanaşı, adıq və türk dilini də bilirdi, ölümündən sonra Ubıx fəalların səylərinə baxmayaraq o ölü dilə çevrildi. Bu ölü dil hazırda Tevfik Esençin etdiyi araşdırmalar sayəsində tanınır.

Esençin məzar daşının üzərində belə bir yazı var: “Burada Ubıx dilini əbədiləşdirən, bu dildə yazıb-danışan sonuncu Ubıx Tevfik Esenç yatır” (türk. Vubıh dilini ölümsüzlestiren bu dili yazıp konusabilen son Vubıh).

1994-cü ildə Boğaziçi Universitetində Dümezil və Esençin xatirəsinə həsr olunan Şimal-Qərbi Qafqazın dilçiliyinə həsr olunmuş konfrans keçirilib.  İsmet Arasan 1987-ci ilin sentyabrında Tevfik Esençin hekayəsindən və Ubıx dilinin faciəsindən bəhs edən "Son Sesler" sənədli filmini tamamlayıb. Baqrat Şinkubanın "Gedənlərin sonuncusu" romanı Tevfik Esençin həyatına həsr edilib. “Gedənlərin Sonuncusu” əsəri “Sonuncu Ubıx” adı ilə 1990-cı ildə türk dilində nəşr olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.