İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Ötən günlərdə Əməkdar artist Cabir İmanovun 49 yaşında Bakıdakı idman zallarından birində infarkt keçirərək dünyasını dəyişməsi hadisəsinin video görüntülərinin media və sosial şəbəkələrdə yayılmasının şahidi olduq.
Tanınmış jurnalist və blogger Azər Qərib bu məsələyə fərqli yanaşaraq olaya sərt reaksiya verdi: "Bu gün Cabir İmanovla vida mərasimi oldu, amma mən başqa məsələni vurğulamaq istərdim. Əgər mənim hüquq-mühafizə orqanlarına göstəriş vermək səlahiyyətim olsaydı, tapşırardım ki, idman zalından rəhmətliyin son kadrlarını mediaya ötürənləri müəyyən edib, ciddi cəzalandırsınlar.Həm qanuna zidd oldu bu çirkin əməl, həm mənəviyyata. Amma mənəviyatdan uzaq olanlar bunu çətin anlayarlar...”
Bunun ardınca media orqanlarından birində onun yanaşmasının tənqidi ilə üzləşdim. Orada jurnalist Azər Qəribin yazıdığı cümlələrdə 2-3 texniki hərf səhvləri qabardılmış, ardınca qardaş Türkiyə və digər ölkədən nümunələr göstərərək canlı yayımda dünyasını dəyişmiş insanların video görüntülərinin yayımlanmasının adi və sadə bir iş olduğuna təkid edilir. Məsələnin daha qəribə yeri isə ondadır ki, yazı müəllifi "Zəruri qeyd" adı altında Azər Qəribin həyat bioqrafiyasını təqdim edərək sonda onun ayrı-ayrı sahələrdə çalşdığı və 42 yaşından etibarən blogger və həvəskar “jurnalistika ilə məşğul olan" bir şəxs kimi təqdim edir... Beləcə mərhum Cabir İmanovun vəfat etdiyi anın video görüntüsünün yayılmasının adi və qəbahətsiz bir əməl olduğu fikirini dəstəkləyir...
Bununla bağlı bir neçə mülahizəni qeyd etmək olar:
1. Əvvəla, uyğun mövzuda istər qardaş Türkiyə, istərsə də dünya mediasından nümunə gətirməyə lüzum yoxdur. Çünki demək olar ki, hər yerdə baxıcı və tamaşaçı sayı toplamaq hədəfi ilə bir çox hallarda etik qayda-qanunlar tapdalanır. Hansısa futbolçunun futbol meydançasında, hansısa sürücünün sükan arxasında və ya hansısa millət vəkilinin tribunada yıxılıb vəfat etməsini bir çox media qurumları uff demədən tirajlaya bilərlər. Lakin unudulan bir məsələ var: o da jurnalistika etikasından ibarətdir. Axı vəfat edənin ailə üzvləri, övladları, bacı-qardaşları və sevənləri var. Onların belə kadrları müşahidə etməsi sayğı, hörmət və ləyaqəti alçaltmırmı? Xüsusilə də, anidən yıxılaraq vəfat edən şəxs həmin zaman xoşagəlməz formada yerə yıxıla və qeyri-adi hala düşə bilər. Görən, bu hərəkət hansısa şəxsin şərəf və hörmətinin zədələnməsinə yol açmırmı? Qanunvericilikdə şərəf və ləyaqətin müdafiəsi hüququna dair maddələr mövcud olsa da hər halda bu barədə dərindən düşnməyə və nəticə çıxarmağa dəyər.
2. Əslində belə kadrlar yalnız araşdırma üçün hüquq-mühafizə orqanları üçün açıq olmalıdır. Belə kadrların müxtəlif media orqanları və sosial şəbəkələr üzərindən yayımlanması isə məqbul sayılmır. Buna əsas olan isə etika və mədəniyyət məsələsidir. Əgər qanunvericilikdə bununla bağlı hər hansı bir boşluq varsa, həmin boşluğu yanlış hərəkətlərimizlə doldurmaq həqiqətən də jurnalistika adına ləkədir.
3. Jurnalist və blogger Azər Qəribin təqdim etdiyi tutarlı və əsaslı yanaşmanı tənqid etmək üçün onun həyat bioqrafiyasını araşdırmaq və sonra onu jurnalistika ilə "həvəskarcasına məşğul olan" bir şəxs kimi qələmə vermək yaxşı hərəkət deyil. Çünki bizim borcumuz yanlış bir işə bəraət qazandırmaq üçün hər yola əl atmaq deyil, deyilən məntiqli fikirdən ibrət almaq və nəticə çıxarmaqdır. O, jurnalistika sahəsində peşəkar və ya həvəskar olsa da hər halda uyğun mövzuda söylədiyi söz və təqdim etdiyi mövqe tam məntiqlidir.
İndi isə müxtəlif media orqanları, eləcə də peşəkar və həvəskar jurnalistlərin bu fikirdən nəticə çıxarmaq zamanıdır. Məncə, bu barədə əldə ediləcək əsas nəticə jurnalistika sahəsində çox hallarda etikanın hakim olmamasından ibarətdir. Halbuki hər bir sahədə olduğu kimi jurnalistika sahəsinin də öz etik qaydaları və mədəniyyəti olmalıdır. Lakin təəssüf ki, bir çoxları belə bir zəruri mövzuya biganəliklə yanaşırlar. Ümumiyyətlə, jurnalistika etikası və mədəniyyəti hər şeydən öncə ixtisası və pesəkarlığından asılı olmayaraq bu sahədə çalışanların özündə formalaşmalı və bunun üçün hansısa qanuna düzəliş və ya əlavə edilməsinin intizarı çəkilməməlidir.
“Ədəbiyyat və incəsənət”
(06.10.2025)