Fuad Muradov Yaponiyadakı Azərbaycan icması ilə görüşüb

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyanın Osaka şəhərində Azərbaycan icması ilə görüşüb. Görüşdə Yaponiyanın 10-dan çox şəhərində yaşayan soydaşlarımız və ölkəmizi sevən xaricilər iştirak edib.

 

Bu barədə “Ədəbiyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Xaricdə yaşayan hər bir azərbaycanlının fəaliyyəti dövlətimizin diqqət mərkəzindədir” – bu sözləri komitəs sədri icma ilə görüşü zamanı səsləndirib. Soydaşlarımıza Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən diaspor siyasəti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin beynəlxalq miqyasda təntənəsinə göstərdiyi qayğı barədə məlumat verilib, diaspor fəaliyyəti sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarından danışılıb.          

 

Nəzərə çatdırılıb ki, Osakada keçirilən “Expo 2025”-də Azərbaycanın təmsilçiliyi, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan pavilyonunun qurulması ölkəmizin daha geniş arealda tanıdılması baxımından mühüm hadisədir  və bu qədər əhəmiyyətli tədbir çərçivəsində icmamızla görüşün təşkili xüsusi əhəmiyyət daşıyır.

 

Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gursel İsmayılzadə icma ilə keçirilən görüşün əhəmiyyətinə diqqət çəkib və bu görüşlərin icma daxilində şəbəkələşmənin sürətlənməsinə təsirini müsbət qiymətləndirib.

 

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər Yaponiyadakı Azərbaycan icmasının gördüyü işlərdən, soydaşlarımızın cəmiyyətə uğurlu inteqrasiyasından və diaspor fəaliyyəti sahəsindəki birgə təşəbbüslərin əhəmiyyətindən danışıb.

 

Azərbaycan Respublikasının Xalq artisti, professor Yalçın Adıgözəlov mədəniyyətimizin Yaponiyada tanıdılmasında soydaşlarımızın əvəzsiz xidmətlərini yüksək qiymətləndirib, onlara uğurlar arzu edib.

 

Yaponiyada yaşayan musiqiçi Gülnarə Səfərovaya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub. Gülnarə Səfərova diaspor fəaliyyətinə görə təltif olunmaqdan böyük qürur hissi keçirdiyini bildirib.

 

Görüşdə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən bəhs edən videoçarxlar  nümayiş olunub.

 

Yaponiyadakı Azərbaycan icması ilə görüş fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə davam edib. Soydaşlarımız görüşlə bağlı təəssüratlarını bölüşüb, Yaponiyadakı icmaya göstərilən diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər.

 

İcma görüşü azərbaycanlı və yapon sənət adamlarının birgə iştirak etdiyi konsert proqramı ilə yekunlaşıb. Açıq havada təşkil olunan konsert proqramını “Expo 2025”-ə gələn yüzlərlə iştirakçı böyük maraqla izləyib. Azərbaycanlı və yapon sənətkarların ifasında səslənən milli musiqilərimiz, rəqslərimiz qəlb oxşayıb, tamaşaçılar arasında böyük coşqu yaradıb.

 

Konsert proqramı Azərbaycan və Yaponiyanın zəngin mədəniyyətini bir araya gətirən, ortaq dəyərlərə və dostluq münasibətlərinə həsr olunan, iki ölkə arasında mədəni əməkdaşlığa yeni nəfəs verən mədəniyyət bayramına çevrilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.