Küp qəbirləri mədəniyyəti ilə tanışlıq... Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

İstər doğma və sirli Muğan diyarı, istərsə də Odlar Yurdu Azərbaycan, həmçinin İran, Gürcüstan və Ermənistan kimi ətraf ölkələrdə tez-tez rast gəlinən dəfn ənənələrindən biri də, küp qəbirləri mədəniyyətindən ibarətdir. Qədim zamanlarda insanlar dünyasını dəyişmiş adamların cənazəsini xüsusi tərzdə küplərin içərisinə yerləşdirib dəfn etdikləri üçün həmin dövrə "Küp qəbirləri mədəniyyəti" dövrü deyilmiş və deyilməkdədir.

 

İnsanlar mədəniyyət baxımından inkişaf etdikcə, onların müxtəlif sahələrdə sərgilədiyi davranışları da, dəyişmiş və inkiaf etmişdir. Məsələn bir zamanlar ibtidai dövrlərdə öz ölülərini yaşadıqları evlərin arası, divarı, döşəmə altı və ya həyətində dəfn edən insanlar sonrakı zamanlarda dünyasını dəyişmiş insanların cənazəsini daha mədəni formada, həm də yaşayış yerlərindən aralı məkanlarda dəfn etməyə üz gətirmişlər. Cənazələrin küp qəbirlərdə, müxtəlif tabutlarda, xüsusi parça (kəfən və s.) bükülərək dəfn edilməsi də bunun əsas nümunələrindən sayılır.

İnsan cənazələrinin xüsusi küplərdə dəfn edilməsi maddi-mədəniyyət tariximizin bir nümunəsi olaraq tarixçi alimlər və arxeoloqlar tərəfindən araşdırılmış və araşdırılmaqdadır. Əlbəttə, hər şeyə rəğmən bu ənənə bizə tam mənada aydın olmadığı üçün onu keçmişimizin "itmiş tarixi düyünü" adlandırmaq olar...

Bu mövzu barədə hələ uzun illər öncə (keçmiş Sovetlər dövründə nəşr edilmiş) "Azərbaycan Sovet Ensiklopediyası" (ASE) əsərində belə məlumat verirmişdir: "Küp qəbirləri mədəniyyəti - Kür və Araz çayları hövzəsində, həmçinin Gürcüstan və Ermənistan ərazisində yayılmış arxeoloji mədəniyyət (e.ə. 2 əsr - eramızın əvvəlləri). K.q.m. üçün əsasən, qırmızı və ya boz rəngdə iri küplərdə (hünd. 1,5-2 m) dəfn adəti xarakterikdir. Azərbaycanda K.q.m.-nə aid qəbiristanlar Mingəçevir, Mil-Qarabağ, Şirvan, Naxçıvan və s. ərazilərdə aşkar edilmişdir. Ölülər bükülü vəziyyətdə sağ və ya sol böyrü üstə, əsasən, üfiqi şəkildə dəfn olunmuşdur. Qəbirlərdən müxtəlif saxsı qablar, bəzək şeyləri, silahlar, əmək alətləri və s. aşkar edilmişdir.

Tapıntılar Qafqaz Albaniyasının Yaloylutəpə mədəniyyəti üçün də səciyyəvi olub, forma və tərkib cəhətdən eyniyyət təşkil edir. K.q.m. Azərbaycanın düzən və dağətəyi rayonları üçün xarakterikdir.

Küp qəbir mədəniyyətinə mənsub əhali əkinçilik, maldarlıq, ovçuluq, balıqçılıq, sənətkarlıq və ticarətlə məşğul olmuşdur. Son dövrlərə aid qəbirlərdən Arşaki, Roma, Sasani pulları, şüşə qablar, qızıl və gümüşdən bəzəklər və s. tapılmışdır..." ("Azərbaycan Sovet Ensiklopediyası", VI cild, səh: 42-43).

İndiyədək Odlar Yurdu Azərbaycanın onlarla rayon və yaşayış məskənində qədim zamanlara aid olan küp qəbirlər aşkarlanmış və onlardan müəyyən hissəsi Dövlət qeydiyyatına alınmışdır. Küp qəbirləri mədəniyyətinə Azərbaycanın Mingəçevir, Xocalı, İsmayıllı, Göyçay, Babək, Ordubad, Balakən, Zaqatala, Tovuz, Salyan, Neftçala, Şirvan, Şamaxı, Hacıqabul, Biləsuvar, Sabirabad, Cəlilabad, Masallı, Lerik, Yardımlı və s. rayonlarında rast gəlinmişdir. K.q.m. doğma Cəlilabad rayonu üçün də ənənəvi tapıntılardan sayılır. Belə ki, indiyədək həm Cəlilabad şəhəri, həm də rayonun Uzuntəpə, Kövüzbulaq, Şatırlı, Ləkin, Abışabad, Şorbaçı, Xəlilabad və eləcə də, keçmiş Petrovka kəndinin "Sarıqaya" adlı yerindən içərisində insan skletləri və s. əşyaların olduğu küp qəbirləri tapılmışdır. (Bax: "Yurdumun tarixi", İlqar İsmayılzadə, səh: 180).

Cəlilabad şəhərinin bəzi mərkəzi küçələri, xüsusilə də qədim Həməşəranın şanlı yadıgarı olan böyük Təpədən (Həməşəratəpədən) də, belə küp qəbirləri tapılmışdır.

İran arxeoloqları və tarixçi alimləri də bu ölkənin Şiraz, Xuzistan, Kürdüstan, Mazandaran, Xorasan, Şuş və Muğan kimi ərazilərindən müxtəlif forma və ölçülərdə küp qəbirləri aşkarlamış və onların üzərində müəyyən arxeoloji araşdırmalar aparmışlar. Küp qəbirlərdən tapılmış maddi-mədəniyyət nümunələrini diqqətlə araşdırmaqla minillər öncə yaşamış insanlar arasında rəvac tapmış mədəniyyət, incəsənət, ticarət və s. əhatə etdiyi sahələri incələmək və aydınlaşdırmaq mümkündür. Küplərin içindən tapılan qədim sikkələr isə bir-başa dəfn edilmiş insanın hansı dövrdə yaşadığını göstərən ən tutarlı sübut kimi dəyərləndirilməlidir.

İranın tanınmış tədqiqatçı-tarixçi alimlərindən sayılan Haşim Rəzi özünün "Din və fərhənge İrani piş əz əsre Zərdüşt" (Zərdüşt əsrindən öncə İran dini və mədəniyyəti) adlı əsərində yazır: "Bu kimi qəbirlərdən tapılan nümunələrdən o zamankı insanların pərəstiş qaydalarını əldə edə bilirik. Misal üçün təxminən miladdan 3000 ildən 2600 il öncə günəşə sitayiş və pərəstiş həddindən artıq çox olmuşdur. O zamanlara aid olan saxsı qabların üzərində də çoxsaylı günəş təsvirləri müşahidə edilir. Həmçinin, o zamanlarda ölülərin baş tərəfi dəfn edilərkən günçıxana doğru, yəni günəşin doğduğu tərəfə olmuşdur. Bu da günəşin bəşər üçün ən böyük tanrılar sırasında olduğu zamana təsadüf edir..." ("Din və fərhənge İrani piş əz əsre Zərdüşt", Haşim Rəzi, səh: 22).

Əldə olan məlumatlara görə, Azərbaycan ərazisində ilk belə dəfn nümunəsi XIX əsrin sonlarında aşkarlanmışdır. Keçmiş Şuşa qəzasında küp qəbirlərinin olduğu haqda ilk dəfə 1895-ci ildə F.Y.Resler məlumat vermiş, lakin o, küp qəbirlərini tədqiq etməmişdir. Küp qəbirlərin tədqiqi və araşdırılması isə yalnız 1927-ci ildən başlanılmışdır.

 

Küp qəbirləri mədəniyyətinin tarixi

 

Küp qəbirlərin tarixinə gəlincə Azərbaycan və İran arxeoloqları və tarixçi alimləri bu qəbil dəfn adətinin təxminən 1200-2800 illik qədim tarixə malik olduğunu bildirirlər. Bu arada İran arxeoloqları və tarixçi alimləri bu ölkənin Şiraz, Xuzistan, Kürdüstan, Mazandaran, Xorasan, Şuş və Muğan kimi ərazilərindən tapılan küp qəbirlərin Əhəmənilər (və ya Həxamenişilər) İmperiyasının (e.ə. 550 - e.ə.330) və eləcə də, Parfiya və ya Arşakilər (Əşkanilər) Dövləti (e.ə 247 - b.e 224) zamanına aid edirlər. Hələ Sovetlər dönəmində bununla bağlı tədqiqat və araşdırma aparmış Sovet arxeoloq və tarixçi alimləri də uyğun mövzuda elə buna yaxın tarixi təqdim etmiş, küp qəbirləri mədəniyyətinin bizim eradan öncə 2 əsrdən bizim eranın əvvəllərinə qədər zamana aid olduğunu bildirmişlər.

Tarixçi alimlər və arxeoloqlar tərəfindən həmin qəbirlərin minimum 1200 il və maksimum 2800 il keçmiş tarixə aid olduğu bildirilsə də, onların bəzən daha qədim zamanlara aid olma ehtimalı da öz qüvvəsindədir. Hər halda küp qəbirləri mədəniyyəti bu günədək Gürcüstan, Ermənistan və Azərbaycandan tutmuş İranın Mazandaran, Gilan, Kürdüstan, Xorasan, Muğan və digər əyalətlərində tez-tez rast gəlinən ən önəmli maddi-mədəniyyət nümunəsidir. Bu, həmin ərazilərdə bir vaxtlar vahid bir svilizasiyanın mövcudluğundan xəbər verir. Məlumat üçün qeyd etmək lazımdır ki, İranda bu mövzu ilə bağlı yayılan son tarixi araşdırmaların bəzisində küp qəbirləri mədəniyyətinin Dəmir dövrünə (e.ə. II minilliyin sonu - I minillik) aid olması ilə bağlı müəyyən fikirlər irəli sürülmüşdür. Odur ki, hələlik bu mədəniyyətin dəqiq və aydın bir tarixi barədə qəti fikir yürütməyə ehtiyac yoxdur. Çünki həmin qəbirlər kəşf edilib ətraflı şəkildə araşdırıldıqca uyğun mövzuda da yeni fikirlər meydana çıxacaqdır.

Hal-hazırda belə bir dəfn ənənəsinin hansı zaman və hansı din və inanca aid olduğunu tam dəqiq şəkildə söyləmək çox çətin bir məsələ olsa da, ümumi baxımdan onun Əhəmənilər (və ya Həxamenişilər) İmperiyasının (e.ə. 550-e.ə.330) və Parfiya və ya Arşakilər (Əşkanilər) Dövləti (e.ə 247 - b.e 224) zamanına aid olan maddi-mədəniyyət nümunələri kimi təqdim etmək olar.

 

Küp qəbirləri mədəniyyəti hansı dinə məxsusdur?

 

Küp qəbirləri mədəniyyətinin hansı dinə xas olduğu indiyədək tarixçi və tədqiqatçı alimlər və tədqiqatçılar arasında ixtilaflı məsələ olaraq qalmaqdadır. Belə ki, bəziləri bu barədə fikir bildirməkdən imtina etsələr də, digərləri onu atəşpərəstliyin dəfn adətlərindən biri olaraq təqdim etmiş, bəziləri isə küp qəbirləri mədəniyyətinin Zərdüştilik dininin dəfn ayinlərinə aid olduğunu iddia etmişlər...

Lakin uyğun mövzuda apardığımız elmi araşdırmaya əsasən, ümumiyyətlə Zərdüştilik dinində, xüsusilə də, bu dinin əsası sayılan Avestada vəfat etmiş insanların küp qəbirlərdə dəfni ilə bağlı heç bir təlimat mövcud deyil. Zərdüşt dininin təlimlərində dəfnin özünəməxsus qaydası olmuş və əsrlər boyu (ötən əsrin təxminən yarısına kimi) davam etmişdir. Həmin Zərdüştilik dinində tarix boyu qəbristanlıq (cənazələrin torpaq altında dəfni) deyil, yalnız "Bürce-xamuşan" (Ölülər binası) və "Ustudan" və ya "Ustuxandan" (Sümük yeri) adlı obyektlər olmuşdur. Bu baxımdan, Zərdüşt dininə görə, dünyasını dəyişmş insanların istər küp qəbirlərdə, istərsə də sadə tərzdə dəfn edilməsi ilə bağlı təqdim edilən fikirlə razılaşmaq mümkün deyil. Həmin dində dünyasını dəyişmiş insanların cənazəsi açıq səma altında hündür obyektlərin üzərində qurda-quşa yem edilir və sümükləri də xüsusi tərzdə məhv edilirdi.

Bundan əlavə, belə bir dəfn qaydasını (yəni, Küp qəbirləri mədəniyyətini) atəşpərəstliyə aid etmək də çox çətin, eyni halda sübutu olmayan bir məsələdir.

Düşünürəm ki, Küp qəbirləri mədəniyyəti çox qədim və köklü bir mədəniyyətdən xəbər verir. Burada insanların yaşı və həcminə uyğun müxtəlif ölçülü küplər, onun içərisində isə yalnız insan skletləri və ona aid bir sıra əşyalar, qablar və s. müşahidə edilir. Həmin ayinə görə, vəfat etmiş insanın cənazəsi küpün içərisinə yerləşdirilərək üzü günəşə doğru dəfn edilmişdir. Küpün ağzına isə onun özündən hazırlanmış xüsusi ağızlıq və ya qalın bir daş parçası qoyulurdu...

Uyğun mövzuda apardığım araşdırmalara əsasən, Küp qəbirləri mədəniyyətinin Zərdüştilik dininə deyil, əslində daha çox Zərdüştlükdən öncə bu zonalarda geniş yayılmış Mitraizm və ya Mehrpərəstlik dininə aid olduğu qənaətindəyim. Ola bilər ki, Zərdüştilikdən öncə geniş yayılmış Muğan dininin dəfn adət-ənənələrində də, küp qəbirlər mədəniyyəti mövcud olmuşdur. Lakin təəssüflər olsun ki, hələlik bu ehtimalı sübut edəcək hər hansı bir tutarlı dəlil tapa bilməmişəm. Çünki ümumiyyətlə, Muğan dini barədə mövcud məlumatlar olduqca az və məhduddur. Hər halda həm Mitraizm, həm də Muğan dinində 4 həyat ünsürü (su, od, külək və torpaq) müqəddəs və önəmli sayılmış, onların murdarlanması isə yasaqlanmışdır. Küp qəbirləri mədəniyyətində də əsasən 4 həyat ünsürünə xüsusi hörmət və sayğının həyata keçirildiyi açıq-aşkar tərzdə müşahidə olunmaqdadır.

Hər şeyə rəğmən uyğun mövzuda araşdırma apararkən yurdumuzun müxtəlif imperiyaların tərkibində olması da diqqətdən kənarda qalmamalıdır. Çünki təkcə Əhəmənilər dövründə Zərdüştilik və Babili dinlərinə, Parfiya (Arşakilər) dövründə Politeizm (iki və daha çox tanrıya inanca əsaslanan dünyagörüş), Mitraizim və Zərdüştilik dinlərinə xüsusi yer verildiyi bildirilir. Parfiya (Arşakilər) İmperiyasında isə bu dövlətin hansısa xüsusi bir dini özünün dövlət siyasətinə çevirmədiyi və beləliklə də, müxtəlif din və inancların yayılmasına icazə verməsi ilə bağlı tarixi sübutlar mövcuddur... (Ətraflı məlumat üçün bax: "Yurdumun tarixi" İlqar İsmayılzadə, Cəlilabad, 2020).

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.