MANŞET
VƏ DİGƏR
İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Bugünkü həmsöhbətim Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Almaz Ərgünəş Bəyaziddir. Sumqayıtın mədəni həyatında kifayət qədər rol alan Almaz xanımla istənilən mövzuda maraqlı söhbət etmək mümkündür.
– Bir əsər üzərində işləyərkən yazı prosesiniz necə olur? Planlı şəkildə yazırsınız, yoxsa ilham gələndə?
– Ümumiyyətlə, heç nəyi planlı etmirəm. “İlham” deyilən bir anlayışa da inanmıram. Sadəcə, təsirləndiyim zaman yazıram. İnsan təsirləndikdə çox şey yaranır, əmələ gəlir.
– Hansı yazıçılar və ya əsərlərdən təsirlənmisiniz?
– Çox əsərlər mənə təsir edib. Mütaliəni uşaqlıqdan çox sevmişəm. Nağıllardan tutmuş əfsanələrə qədər hər şey məni təsirləndirib. Amma bütün həyatım boyu mənə ən çox təsir edən və həyatla bağlı suallarıma cavab verən bir əsər var: Cek Londonun Martin İden obrazı.
– Əsərlərinizdə qadın obrazlarına xüsusi yer verirsinizmi?
– Xeyr. Ümumiyyətlə, yazarkən mənim üçün cinsiyyətin heç bir önəmi yoxdur. Bu barədə düşünmürəm, fərqinə varmıram. Xüsusi yer ayırmaq kimi bir məqsədim də olmur.
– Müasir Azərbaycan ədəbiyyatını necə qiymətləndirirsiniz?
– Çox yüksək qiymətləndirirəm. Son dərəcə istedadlı və güclü gənc yazıçılarımız var. Təəssüf ki, onların bir çoxundan cəmiyyətin xəbəri yoxdur. Mən dünya ədəbiyyatından da xəbərdaram, illər boyu oxumuşam. Amma son vaxtlar mütaliəyə bir qədər ara vermişəm. Yenə də inanıram ki, bizim yazarlarımızın böyük potensialı var. Sadəcə, onların təbliğatı zəifdir.
– Ədəbiyyat sizcə cəmiyyətdə hansı rolu oynamalıdır?
– Ədəbiyyat cəmiyyətin eyiblərini göstərməklə yanaşı, cəmiyyətin necə olması gərəkliyini də nümayiş etdirməlidir. Yəni ədəbiyyat yalnız tənqid etməməli, həm də istiqamət verməlidir.
– Yazıçı olaraq sizi ən çox nə narahat edir?
– Dünyanı bürüyən xaos, müqəddəs hisslərin tükənməsi, məişətdə əxlaqsızlıq, mənim təsəvvür etdiyim gözəl ailə tablosunun itməsi – bütün bunlar yazıçı kimi məni çox narahat edir və təsirləndirir.
– Gələcəkdə hansı mövzulara toxunmaq istəyirsiniz?
– Bir daha deyim ki, mən planla iş görən insan deyiləm. Gələcəkdə nə yazacağımı əvvəlcədən düşünmürəm. Son kitabım aforizmlərdən ibarət, kiçik həcmli bir əsərdir. Düşünürəm ki, bu gün insanlar böyük roman və povestləri oxumağa bir qədər yorulublar. Təbii ki, oxuyan da var, oxumayan da. Çünki bir çox əsərlər sonradan filmə çevrilir, insanlar isə filmləri daha çox sevirlər.
– Hansı əsəriniz sizə daha çox şöhrət qazandırıb?
– Elə də tanınmış yazıçı olduğumu deməzdim. Amma istedadlıyam və bunu hiss edirəm. Mən iliyimə qədər yazıçıyam. Bunu ədəbiyyatı dərindən bilən insanlar da təsdiqləyiblər. Yazıçı olduğunu insan özü hiss etməlidir. Mənim hər müşahidəm, hər baxışım, hər addımım mənə yazıçı olduğumu xatırladır.
– Gənc yazarlara nə tövsiyə edərdiniz?
– Məncə, əsl yazıçıya tövsiyə vermək lazım deyil. Əgər insan yazıçı olduğunu dərk edirsə və bunu hiss edirsə, deməli, artıq o, böyük yazıçıdır.
– Əgər sözlər canlı olsaydı, hansı sözlə dost, hansı ilə düşmən olardınız?
– Mən bütün sözləri özümə dost hesab edirəm. Sözün düşməni olmur. Əgər sözlər insanlar tərəfindən yaranıbdırsa, deməli, onların da işlədiləcəyi, lazım olduğu yerlər var. Kim tərəfindən olursa olsun.
– Ədəbi əsərlərinizi bir musiqi janrı ilə təsvir etməli olsaydınız, bu hansı janr olardı?
– Yalnız klassik musiqilər – istər milli, istərsə də xarici klassika.
– Ədəbiyyat olmasaydı, özünüzü hansı sahədə ifadə edərdiniz?
– Məncə, yaxşı hakim olardım. Eyni zamanda, yaxşı həkim də ola bilərdim. İnsanlar haqqında ədalətli qərar verməyi sevirəm.
– Heç yazmaqdan qorxduğunuz, amma içinizdə daşıdığınız bir hekayə varmı?
– Bəli, var. Lakin onu heç vaxt yazmayacağam. Bunu qorxu, yaxud çəkinmək kimi də izah etmək olar.
– Əgər bir əsəriniz heç vaxt oxunmasa belə, yenə də onu yazmağa dəyərmi?
– Əlbəttə. Mən yazarkən zövq alıram. Yazdıqlarım oxunmasa belə, bu, mənim üçün fərq etmir. Necə ki, bir ana övladını dünyaya gətirir, böyüdür, amma bu prosesdə övladdan nəsə qarşılıq gözləmir. Mən də yazdıqlarımdan qarşılıq gözləmirəm. Əgər yazdığım kiməsə toxunubsa, kiminsə qəlbinə yol tapıbsa, bu, mənim üçün ən böyük xoşbəxtlikdir.
– Yazıçılığınızı bir rənglə ifadə etsəydiniz, bu hansı rəng olardı və niyə?
– Yaşıl. Çünki bu, təbiətin rəngidir. Kiçik bir yaşıl yarpağı belə sevirəm. Yazıçılığım da mənim üçün yaşıl rəng kimidir – canlı və təbii.
– Sizcə, ədəbiyyat bir güzgüdür, yoxsa pəncərə?
– Ədəbiyyat güzgüdür. O, hər şeyi əks etdirir. Pəncərə isə yalnız göstərir, amma əks etdirmir.
– Yazıçı kimi qadın olmağın sizə gətirdiyi ən böyük üstünlük və ya çətinlik nədir?
– Mən yazıçı kimi qadın olmağın heç bir çətinliyini görməmişəm. Ümumiyyətlə, yaradıcı insanı cinsə görə ayırmıram. Qadın yazıçı, kişi yazıçı fərqi yoxdur. Yaradıcılıqda azad və sərbəst olmuşam. Nə bir üstünlük görmüşəm, nə də mənə təmənnalı hörmət göstərilib. Mənə yazıçı kimi hörmət olunub, qadın olduğum üçün yox.
– Azərbaycanda qadın yazıçıların ədəbi mühitdəki rolu barədə nə düşünürsünüz?
– Mən yaradıcılığı qadın-kişi kateqoriyalarına bölmürəm. Yaradıcı adam – əsas olan budur. Ola bilər ki, müəyyən hallarda kimlərəsə qadın olduğu üçün əlavə hörmət göstərilib, amma bu, yaradıcılıqla bağlı deyil. Mən də, qızım Sahilə də yalnız yaradıcılığımıza görə dəyər görmüşük. Məncə, bu belə də olmalıdır. Yoxsa süni hörmətlər, güzəştlər müvəqqətidir. Axırda ortada yalnız əsərin dəyəri qalır.
– Sizə görə qadın yazıçının “səsi” nə ilə fərqlənir? Yumuşaqlıq, qətiyyət, yoxsa hissin gücü?
– Mən insan hisslərini daha önəmli sayıram. Hissin gücü hər şeyə qalib gəlir.
-Özünüzü yazıçılıqdan kənarda necə təsəvvür edərdiniz?
– Özümü çox səliqəli, qayğıkeş bir qadın, ana, nənə kimi təsəvvür edirəm. Eyni zamanda, yazıçılıqdan kənar, yaratdığım obrazların ümumiləşdirilmiş bir siması kimi görürəm özümü. “Adam” deyirəm, çünki mənim üçün bəzən “adam” və “insan” anlayışları bir-birindən fərqlənir.
– Siz bir qadın kimi xoşbəxt ola bildinizmi?
– Xeyr.
– Qadın xoşbəxtliyini nədə görürsünüz? Necə olmalıdır?
– Mənim üçün insan xoşbəxtliyi böyük bir ailə tablosudur. O tablonun içində nənə, baba, oğul, qız, nəvə, nəticə – bir yerdə, bir çərçivədə birləşmiş şəkildə. Mən xoşbəxtliyi bu tabloda görürəm. Amma başqalarının xoşbəxtlik anlayışı fərqli ola bilər, bu da təbiidir. Elə insanlar var ki, tək yaşayırlar, amma tənha deyillər – daxilən zəngindirlər, ruhən yaşayırlar. Lakin mənim üçün ən böyük səadət – böyük bir ailə tablosudur.
– Bu tablo sizin üçün reallaşdı?
– Xeyr, o tablo mənim üçün sadəcə bir arzu olaraq xəyallarımdan ibarət qaldı.
– Sizcə, bu tablonun reallaşmamasında günah kimdə oldu?
– Heç kimdə. Məncə, bu, sadəcə taleyin yazısı idi. Günah axtarmaq mənasızdır.
“Ədəbiyyat və incəsənət”
(01.10.2025)