Varşava Üsyanı Muzeyində Azərbaycan dilində audio bələdçi istifadəyə verilib

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə Varşava Üsyanı Muzeyində Azərbaycan dilində audio bələdçinin təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, tədbirdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Varşava Muzeyinin direktoru Yan Oldakovski, Polşa-Azərbaycan parlament qrupunun həmsədri və üzvləri, diplomatik korpusların nümayəndələri, rəsmi şəxslər, soydaşlarımız, müsəlman və xristian icmalarının təmsilçiləri, elm və incəsənət adamları, yerli media iştirak edib.

Çıxışlarda muzeyin fəaliyyətinə və Varşava üsyanının tarixinə nəzər salınıb. Bildirilib ki, Varşava üsyanı yalnız Polşa tarixində deyil, bütövlükdə insanlıq tarixində cəsarətin, dözümlülüyün və sarsılmaz iradənin simvoludur. Bu qəhrəmanlıq salnaməsi sərhədləri, millətləri və nəsilləri aşan universal bir hekayə olaraq, müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində danışılmağa və eşidilməyə layiqdir.

Qeyd olunub ki, audio bələdçi mədəniyyətlər arasında körpü rolunu oynayaraq qarşılıqlı anlayış və həmrəyliyi təşviq edən bir vasitə sayıla bilər.

Muzeydə bundan sonra ingilis, fransız, yunan, ispan, alman, slovak, Ukrayna və italyan dilləri ilə yanaşı Azərbaycan dilində də audio bələdçinin olması müsbət hal kimi qiymətləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.