General Mədət Quliyevin doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

General Mədət Quliyev! Bu ad çoxlarına bəllidir. Daim gündəm təşkil etməyi bacaran, xidmətində qüsursuzluq nümayiş etdirən, təqdir qazanan bu şəxsin bu gün doğum günüdür.

 

Mədət Quliyev 1958-ci il sentyabrın 27-də hazırkı Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. 1965-ci ildə Gəncə şəhərinin 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbini bitirib. 1975–1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra, 1980–1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.

1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşunaslıq ixtisası üzrə bitirib. Sambo üzrə idman ustasıdır. Triatlon idman növü ilə məşğuldur.

1982-ci ildə Gəncə şəhərinin "Dinamo" İdman Cəmiyyətində təlimatçı olaraq çalışıb. 1983-cü ildən Azərbaycanın daxili işlər orqanlarında xidmətə başlayıb, 1993–1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin Banditizmə Qarşı Mübarizə bölməsinin rəisi vəzifəsində çalışıb. 1993-cü il 10 dekabr tarixində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası aldığına baxmayaraq, geri çəkilməyib və cinayətkarların zərərsizləşdirilməsinə nail olub

1994–1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsini rəisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında keçirilən əməliyyatlar nəticəsində ölkədə formalaşmış bir sıra cinayətkar dəstələr və reket qruplaşmalar məhv edilib. Həmçinin 1994-cü ilin oktyabr ayında Azərbaycanda dövlət çevrilişinə cəhd zamanı silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edib.

1995–1996-cı illərdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi olub. 1996–2001-ci illərdə həmin idarənin rəis müavini, 2001–2002-ci illərdə isə rəisi vəzifəsində çalışıb. 2002–2004-cü illərdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004–2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi və 2006–2011-ci illərdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində işləyib.

14 fevral 2011-ci ildə Mədət Quliyev ədliyyə nazirinin müavini — Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunub və bu vəzifədə 2015-ci ilin oktyabr ayınadək çalışıb. Bu vəzifədə Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli 2552 nömrəli Sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

20 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilib və nazir vəzifəsini müvəqqəti icra edib. 14 dekabr 2015-ci ildə yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. 20 iyun 2019-cu il tarixindən isə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsində çalışıb. 18 noyabr 2023-cü ildən Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavinidir. Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti, 26 noyabr 2021-ci il tarixindən 24 aprel 2025-ci ilədək Azərbaycan Velosiped Federasiyasının prezidenti olub

 

Rütbələr

- Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

- Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli 2552 nömrəli Sərəncamı ilə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

- Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli 1462 nömrəli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib.

- Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 509 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilib.

 

Mükafatları

1. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

2. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2014-cü il tarixli 881 nömrəli Sərəncamı ilə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

3. Azərbaycan Respublikası Prezidentinin 26 mart 2018-ci il tarixli Sərəncamı ilə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

4. 13 iyul 2022-ci ildə dövlətçilik ənənələrindəki xidmətlərinə görə "Avropa xidməti" ordeni ilə təltif edilib.

5. 2022-ci ildə "Türk Dünyası millətinə və dövlətçiliyinə üstün xidmətlərinə görə" Atatürk Beynəlxalq Mükafatı ilə təltif edilib.

6. Xorvatiya Respublikasının Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin medalı ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.