Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Çox adama əl tutub, necə deyərlər, dar günündə kömək edib. Xeyirxah, alicənab, nəcib insandır. Sağlam həyat tərzi keçirməyi xoşlayır, səliqə-səhmana, nizam-intizama ciddi yanaşır. İti zəkalı, dərin təfəkkürlü, çox səbirli birisidir. Müdriklərə xas olan keyfiyyətləri yetərincədir. Analitik düşüncə tərzi, hadisələri düzgün dəyərləndirmək bacarığı və ən başlıcası dövlətə, dövlətçiliyə sədaqəti onu daha əzəmətli göstərir. Ünsiyyətdə mehriban, şən və yumor hissinə malik adamdır...
1950-ci ildə Astarada dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1968-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil alaraq, mühəndis, hüquqşünas ixtisaslarına yiyələnib.
Əmək fəaliyyətinə Kuybişev şəhərində tornaçı kimi başlayıb. Sonra üç il sovet ordusu sıralarında zabit kimi xidmət edib. 1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində işə düzələnədək Leytenant Şimidt adına Maşınqayırma Zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1975-1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978-1992-ci illərdə DİN-də şöbə rəisinin müavini, şöbə rəisi vəzifələrində işləyib. 1992-1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi vəzifələrində çalışıb. Hazırda təqaüddə olan general-polkovnikdir…
Heç bir nailiyyət əziyyətsiz başa gəlmir. Əzmkarlıq, iradə, zəhmət və Allahın uğuru qazanılan hər bir nailiyyətin məğzini təşkil edir. Min bir əziyyətə qatlaşaraq, addım-addım zirvəyə yetişib. Adi fəhləlikdən ali zabit rütbəsinədək yüksəlib. Daha doğrusu, leytenant, baş leytenent, kapitan, mayor, podpolkovnik, polkovnik və s. rütbələr onu zirvəyə qaldıran uğur pillələri olub. Bu gün o təqaüddə olsa da, Azərbaycan dövlətinin ən yüksək çinli zabitlərindən biri sayılır. Adı Azərbaycan tarixində öz əksini tapmış soydaşlarımızdandır...
Bəli, sizə Vaqif Əlibala oğlu Axundov haqqında danışırdım. Sentyabrın 16-sı onun doğum günüydü, 75 yaşı tamam oludu. Ona möhkəm can sağlığı, firəvan həyat, ağrı-acısız günlər arzulayıram…
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)
Elman Eldaroğlu