Sənə prava verənin... - BİR XATİRƏ YAZISI Featured

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Piyada keçidləri həssas yerimizdir. Sanki bütün şürücülər öz aralarında gizli söyüş qoyub, sırf piyada keçidinə çatanda qaza minirlər. Hələ də bəzi sürücülərə çatmır ki, piyada keçidi maşını zorla saxlamaq üçün yox, ona yaxınlaşmamış sürəti azaltmaq, ehtiyatlı olmaq, yol vermək üçündür. Adam təəccüb edir.  Bəlkə də bunlara piyada keçidi “sərbəst sürüş zolağı” kimi öyrədilib. Gəmiyə minib gəmiçi ilə dava eləməyə bənzəyir bu hal. Yadıma bununla bağlı bir xatirə düşdü.

 

Gözümüzü açıb onu kəndimizə sarı avtobusda sürücü işlədiyini görmüşdük. Zarafatından qalmaz, kəndin bütün camaatı ilə kef-əhval edərdi. Yasəmən xalanın əri Qafar əmini, Əbilinin itini, Əlişin xoruzunu, Müslümün quşunu soruşar, hamının hər şeyinə yaranmağa çalışardı. Elə bil, kəndin canlı “yeriyən yaxşılığ”ı idi. Əlləri daim telefonun xatırladıcısı kimi qeydlərlə dolu idi. Çox zaman kənd camaatı, əsas da yaşlı nəsil, ona evinə bazarlıq etsin deyə pul və siyahı verərdi, o da maraqlanıb, soraqlaşıb ən ucuz qiymətə alıb gətirərdi. Vallah, and içərəm ki, üstündə bir qəpik də qazanc güdməzdi.

Biz böyüdükcə sarı avtobusu rafla, rafı isə taksi ilə əvəzlədi. Mənimlə bərabər universitetə hazırlaşan kasıb uşaqları bir qəpiksiz aparır, “sizin duanız lazım deyil, siz universitetə qəbul olun, mənim ən böyük mükafatım odur” deyirdi. Elə oxuma-yazması olmasa da, yaxşılıq üçün dünyaya gəldiyi danılmaz idi. Bəlkə də məqsədi bu dünyaya sonuncu dəfə gəlib, geriyə qalan bədənindəki günahkar ruhunu arındırmaq idi.

Əlləri daim mazut içində olan Musa əmi bəlkə də ömründə bir tikə çörəyi ailəsi ilə süfrə arxasında yeməmişdi. Gecənin o başında saat üçdə yola çıxar, axşam yeddidə ağır-ağır yellənərək evinə qayıdar, sabahkı gün üçün maşının çatışmayan tələbatlarını ödəyərdi. Rəhmətlik bəlkə elə o əllərlə də yemək yeyir, yatır, səhəri yenidən yoluna davam edirdi. Maşınında mütləq kolbasa, pomidor, çörək və su olardı. Elə hey “sən mənim ölmüşüm, bir tikə yeyin” deyib loxmasını adamın gözünə soxardı.

Kənddən şəhərə gedəcəyimiz gecələr sübhədək yatmaz, şəhərin yolunu gözlərdik. Xəyalımızda min dəfə soyunub-geyinər, yola hazır olduğumuzu dəfələrlə nəzərimizdən keçirərdik. Əlimizdə səsgücləndirici mikrafon və yaxud kəndin hər bir sakinin nömrəsi olsa, zəng edib hamıya xəbər verəcək qədər məsum idik.

Səhər sübhdən oyanıb o məşhur sarı avtobusun gəlişini gözləyirdik. Elə ki, uzaqdan səsini eşidirdik, sevincdən çığırtımız düşürdü küçəyə. Musa əmi əli ilə işarə edərək deyirdi: “A bala, aralı durun, maşının altında qalarsız.” Elə ki, avtobusa mindik, olurduq dünyanın ən xoşbəxt adamları. Sanki avtobus yox, Disneyland idi.

Musa əmi sükan arxasında bir başqa aləm idi. Başını pəncərədən çıxararaq qarşıdan gələn və yaxud onu ötən şoferi yüksək səslə söyərək deyirdi: “Sənə prava verənin...” Bəli, bəli eynən bu cür deyirdi. Sonra da başını arxaya çevirərək bütün sərnişinlərdən təsdiq istəyir, biz də gülməkdən qırılırdıq. Avtobusun ən arxa oturacağında hoppanıb düşürdük. Musa dayıya da bu mənzərə ləzzət edir, avtobusu daha da böyük çuxura salaraq bizim qəhqəhəmizi bir az da gurlaşdırırdı.

Bunlara baxmayaraq, bir dəfə də olsun yol hərəkəti qaydalarını pozduğunu, nə də ona cərimə yazıldığını görmədik. Müsbət xasiyyətlərini insanların yolunda süpürgə edən bu adam, günlərin bir günü hamının dərdini ürəyinə yığıb bu dünyadan köç etdi. Bəlkə də yaxşılıqları elə “axır dünyəvi qazanc” kimi yığırmış. İndi inanıram ki, istədiyi dünyada ağrılardan uzaq, bütün etdiyi yaxşılıqların bəhrəsini sürür.

Əslində söhbətdən yayındıq bir az. Az öncə işdən çıxıb bilmədiyim ünvana addım-addım gedərkən bir yaşlı, axsaq, ortayaşlı xanım da mənimlə birgə piyada keçidinin üstündə durub, hərəkət edə-edə yol alırdıq ki, maşınlar ac yalquzaq kimi üstümüzə şığıdı. O an qadının dilindən sivişib çıxan sözlər isə mənim bütün uşaqlıq yaddaşımı diriltdi: “Sənə prava verənin...”

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.