İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Görkəmli ziyalımız, fədakar alimimiz, Cumhuriyyət dönəminin misilsiz tədqiqatçısı Nəsiman Yaqublu ötən il deputatlığa namizəd idi. Ötən ilin bugünkü 25 avqust günündə o, namizəd olduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçiciləri ilə görüşmək məqsədilə Zəngilan rayonuna etdiyi səfərdən geri dönərkən Cəbrayıl rayonu ərazisində idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirdi və maşını yol kənarına aşırdı.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli xəstəxanasına çatdırıldı. Nəsiman Yaqublu saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olundu, ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edildi. Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq o, saat 18:43-də vəfat etdi. Vəfatı ilə bağlı Bakı Dövlət Universiteti, Varşava Universitetinin Şərqi Avropa Araşdırmaları Mərkəzi başsağlığı dərc etdi. O, 26 avuqst 2024-cü ildə Zabrat qəsəbəsində dəfn olundu.
Beləcə, Azərbaycan öz görkəmli ziyalı oğlunu itirdi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub.
1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib.
Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifi olub. 1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərib.
Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.
Kitabları
1. Ağrılı ömürlər
2. Xocalı qırğını
3. Bakının qurtuluşu
4. Azərbaycanda yaşayan milli azlıqların nəşrləri
Mükafatları
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
- "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)