İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onu çoxumuz məhz bu cür tanımışdıq - -ov, -yev sonluqlu soyadlarının qatı düşməni kimi. Oqtay Rza təpədən dırnağa milli idi, bunu həm öz yaradıcılığında, həm də apardığı ictimai mücadiləsində göstərirdi. Bu gün onun anım günüdür. Xatırlayırıq, unutmuruq...
Oqtay Rza 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olub. Arbatan kənd yeddiillik məktəbini bitirib, Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirib. Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlayıb: operator, baş operator, neftçıxarma ustası olub.
Elmi-tədqiqat işi müdafiə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alıb. Azərbaycan KP MK yanında ikiillik Marksizm-leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib. N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim, 1971-cı ildən dosent işləyib. Bakı Sovetinin deputatı seçilib.
1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak edib. "Bir may" adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb, "Sosializm yolu" rayon qəzetində dərc etdirib. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olub, bədii tərcümələr də edib.
Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunub. Əsərləri xarici mətbuatda dərc edilib. "Kamennıy Svetilnik" şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılıb.
Kommunizm xülyaları yerə çırpılandan, Kommunist Partiyası Bakıda dinc sakinləri gülləbaran edəndən sonra o bu partiyanın qatı düşməninə çevrilib, müstəqillik yolunda çarpışıb.
Kitabları
1. Torpağı dinləyirəm
2. Ürəyimi oxuyun
3. Hara gedirəmsə
4. Yasəmən çiçəkləyəndə
5. Daş çırağın işığında
6. Fəsil dəyişəndə
7. Günəşin adından
8. Vətən, yas saxlama
9. Adlı, ünvanlı misralar
10. Seçilmiş sətirlərim
11. Dördlüklər
12. "Rübai karvanı - dördlük çələngi"
Oqtay Rza 18 aprel 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülüb.
O, 18 avqust 2019-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.08.2025)