İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ssenari müəllifi, tərcüməçi, televizyonçu Leyla Qədirzadə də bu 14 avqust günündə dünyaya gələnlərdəndir. Ondan başlayaq ki, sovet dönəmində Azərbaycanın ən populyar yazarlarından olan Salam Qədirzadənin qızıdır. Hal-hazırda “Mədəniyyət” telekanalında çalışır və zövqlü proqramların ərsəyə gəlməsində müstəsna əməyi vardır.
Leyla Qədirzadə 14 avqust 1958-ci ildə Bakı şəhərində doğulub. 1980-ci ildə Bakı Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsini bitirdikdən sonra "Yazıçı" nəşriyyatında əmək fəaliyyətinə başlayıb. 1992-ci ilədək "Yazıçı", "Gənclik", "Azərnəşr" nəşriyyatlarında, Azərbaycan Dövlət Mətbuat Komitəsində böyük redaktor vəzifəsində çalışıb. Fars dili təmayüllü gimnaziyada müəllim vəzifəsində, "Günay" qəzetində tərcüməçi vəzifəsində çalışıb. İran tikinti-təmir şirkətində tərcüməçi işləyib.
1996–2016-cı illərdə kino və reklam istehsalı sahəsində fəaliyyətinə başlayıb. "İnter-Ad", "Cinealliance", "Cinex" şirkətlərində kreativ direktor vəzifəsində çalışışıb.250-dən çox yaxın reklam və korporativ filmin, 12 sənədli filmin müəllifidir. Azərbaycan mətbəxinin təbliği reklamı üçün, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi tenderdə qalib gəlib və həmin ssenari ürə, aktyor Jerar Depardye baş rolda olmaqla reklam çarxı çəkilib.
2015 Avropa Oyunları ərəfəsində yazdığı, Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş 10 filmin ssenari müəllifidir. ingilis dilinə tərcümə olunaraq dünyanın 120 kanalında nümayiş etdirilib. 2017-ci ildən televiziya sahəsində fəaliyyət göstərir. Azərbaycan Televiziyasının Mədəniyyət kanalında "Müəllif proqramları və xüsusi layihələr" departamentinin baş redaktor müavinidir.
Azərbaycanda "Ələddin" adlı ilk uşaq müziklının və dahi Azərbaycan şairi Məhsəti Gəncəviyə həsr olunmuş "Məhsəti" adlı operanın libretto müəllifidir. Ailəlidir. 2 övladı var.
"Tanıtım filmləri"
Anama
"Azərbaycan" turizm çarxı
Azərbaycan mətbəxi
"Sənədli filmlər"
1. Qarabağdır Azərbaycan
2. Uzunömürlülər
3. Uçmaq istəyirəm
4. Azərbaycanla tanışlıq
5. Sənətkarlıq və incəsənət
6. "Memarlıq" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları
7. "Qədim Azərbaycan" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları
8. Azərbaycan ədliyyəsinin 100 illiyi
9. Hökm
"Müzıkl"
Ələddin (libretto müəllifi)
"Opera"
Məshəti (libretto müəllifi)
"Povest"
Vahhabitka (rusca)
Leyla xanımı ürəkdən təbrik edir, cansağlığı, uzun ömür, yorulmaz fəaliyyət arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)