İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu janr çətin janrdır, amma insanları hədsiz güldürən və əyləndirən janrdır həm də. Tanınmış parodiyaçı Həsən Cəbrayılov sovetlər dönəmində çox məşhur idi. Televiziya, konsert salonları onun çıxışlarını növbələyirdi.
Bu gün unudulmaz sənətkarın anım günüdür.
Həsən Cəbrayılov əslən Ərdəbil şəhərindən olsa da, 1949-cu ilin mayın 1-də İranın paytaxtı olan Tehran şəhərində dünyaya göz açıb. 1953-cü ildə ailəsi ilə birgə Bakıya köçüb. Bakı şəhəri 39 nömrəli tam orta məktəbini, Rabitə Texnikumunu və Azərbaycan Politexnik İnstitutunu (hazırda AzTU), Moskva Teatr İnstitutunun nəzdindəki estrada rejissorları fakültəsində 3 kursu bitirib.
1970-ci illərin əvvəlində Bakı Elektrik Maşınqayırma Zavodunda işləyib. 1977-ci ildən Azərbaycan Televiziyasının elektromexaniki, 1994-cü ildən ömrünün sonuna kimi Azərbaycan Televiziyasının videotekasında arxivarius kimi çalışıb. Verilişlərin bərpası ilə məşğul olub, arxivi əzbər bilirdi, fenomenal yaddaşa malik olub və günün istənilən anında tələb olunan materialı tapa bilib. 1970-ci illərin əvvəlindən çalışdığı zavodun bədii özfəaliyyət ansamblında müğənni, parodiyaçı və konfransye kimi çalışıb, Şərq xalqlarının populyar mahnı və təranələrini ifa edib.
O vaxtdan da özünəməxsus parodiya ustalığını geniş tamaşaçı kütləsinə təqdim edib. Azərbaycanda parodiya sənətini fundamental şəkildə ilk olaraq məhz Həsən Cəbrayılov başladıb. İlk dəfə böyük səhnəyə Moskvada 1980-ci ildə çıxıb. 100-ə yaxın dildə, 300-dən çox aktyor və müğənniləri parodiya etməyi bacarıb. Filmlərə və verilişlərə baxdıqca məşhur aktyor, müğənni və aparıcıların səsləri, ifa və danışıq tərzini mənimsəyib. Peşəkar yumorist və müğənni kimi hər dəfə tamaşaçıların qarşısına maraqlı proqramlar ilə çıxıb, onların sevgisini və alqışını qazanıb.
Beş kitabın və 300-dən çox məqalənin, müxtəlif səpkili şeirlərin də müəllifidir. Həsən Cəbrayılov 27 iyul 2019-cu ildə işdən evə qayıdarkən infarkt keçirib və təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Özü də bilmədən daha əvvəl 4 dəfə mikroinfarkt keçiribmiş. 2019-ci il iyulun 31-də vəfat edib.
Mükafatları
Müxtəlif yarışmaların, o cümlədən Moskva "Beynəlxalq Tələbə baharı-80", İrəvan "Tələbə baharı-81", Kutaisi Ümumittifaq, Bakı Estrada Artistləri, Bolqarıstanın Qabrovo şəhərində keçirilən yumor yarışmasının, Tehran "I Dünya Yumor" və İstanbul festivallarının qalibi və çempionu olub. İki milli ədəbi və musiqi mükafatlarına layiq olunub.
Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən, 2016-cı il noyabrın 7-də, "Tərəqqi" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)