Aysel Fikrət, “Ədəbiyyat və incəsənət”
Bir gün səhər yenə açıldı – bu dəfə acı bir xəbərlə üz-üzə qaldıq. Həmin gün hər kəs ondan yazdı, amma sonra hamı öz həyatına, əvvəlki halına qayıtdı. Dünən gördüm ki, Qəşəm Nəcəfzadə Həsənə bir şeir həsr edib. Oxuduqca anladım: Həsən Kür qəlblərə yol tapa bilən bir insan imiş.
Şeirləri ilə ürəkləri fəth edə bilmişdi. Təəssüf ki, bəziləri onu yalnız ölümündən sonra tanıdı. Belə halların yaşanması çox acıdır. Bir gənc, vətəninin keşiyində dayandı, düşmənə müqavimət göstərdi. Bəlkə də indiki hadisə onun yaşadığı ağrıların, keçirdiyi hisslərin, fəsadı, nəticəsidir nə bilmək olar.
Həsən Kür çox gözəl bir şair idi. Biz isə onu nə şair, nə də müharibədə canından keçmiş bir əsgər kimi qoruya bildik. Onun xatirəsini yaşatmaq – bu, sonranın işidir. Amma məni düşündürən odur ki, biz niyə yalnız bir insan öldükdən sonra hərəkətə keçirik? Sağlığında ona dəstək olmaq, yanında dayanmaq, onu qorumaq varkən...
Həsən Kürlə heç vaxt bir kəlmə də danışmamışam.Ümumi şəkildə birgə dayanmaqdan başqa bir tanışlığım olmayıb. Amma elə bil ki çoxdanın tanışıyıq. Çünki şeir tərəfdən onunla qohumuq. Çünki gözəl söz yaxın edir. Sevdirir.
Məni düşündürən, ağrıdan nəticə budur: Hər dəfə ağır bir dərd yaşananda, bir hadisə baş verəndə insanlar tez bir zamanda barışıb, özlərini yenidən pozitivə kökləyirlər. Mən də bizimkilərin, insanlarımızın həqiqətən xoşbəxt olmasını istəyirəm. Yalnız məsələ budur ki, biz artıq həssaslığımızı itirmişik.
Bəziləri səsini qaldıraraq öz varlığını sübut etmək istəyir. Halbuki bu günün gəncliyi müharibədə can qoyub, əlimizdən gedən torpaqları geri qaytarıb. Damarında azərbaycanlı qanı axan hər kəs bu qüruru hiss edir və anlayır.
Çox ağırdır – bir insanın qəfil yox olması, ayrılığın acısı, bir daha qayıtmamaq həqiqəti. Bunlar çox ağırdır.
Özü də ata olan, övlad qayğısı çəkən bir insan idi. Həsən Kür – deyəsən, bir az “kürlük” etdi. Həyatla bacarmadı. Amma o, böyük düşməni böyrü üstə qoyub, 30 illik həsrətə son qoyanlardan oldu. Özünü dünyanın çəngindən, oyunlarından xilas edə bilmədi. Nə baş verdiyini bilmirəm. Sadəcə, şeirlərini oxuduqca düşünürəm: bu gün poeziyada səs-küylə gündəmə gələn, sözləri dalbadal yığıb məclislərdə başda oturan şairlər var. Onlar qalaq-qalaq kitablarında belə, Həsən kimi şeir yaza bilmirlər. Onlar var və olacaq. Həsən Kür isə artıq yoxdur.
Hə, bir də “kasıbçılıq” deyilən azar var ki, o da həmişə yaxşıları tapır – zülm, əziyyət, övlad yanında utanmaq hissi… Görəsən, nədən?
Şeirlərinin birində deyir ki ...
Sən mənə şərfini göndərmə daha,
Səngər beşik kimi istidir, qızım.
Vətən sənin kimi suyuşirindi,
Hamını özünə istədir, qızım.
Görsən darıxırsan, şəkillərə bax,
Körpə əllərini boynuma dola.
Boylan pəncərədən getdiyim yola,
Bu məni görməyə bəs edir, qızım.
Mən burda yaxşıyam, sən də yaxşı ol,
Bilim ki, sənin də günün şən keçir.
İnan, göndərdiyin bütün dualar
Gəlir, başımızın üstündən keçir,
Allah başımızın üstədir, qızım.
Allah üstümüzdən çəkməsə əlin,
Birgə yandırarıq zəfər məşəlin.
Hamının qorxduğu zalım əcəlin
Boyu boyumuzdan bəstədir, qızım.
Əgər günün biri, geri dönməsəm,
Eşidə bilməsən atanın səsin,
Qorxma, ürəyinə qorxu düşməsin,
Atan ölməyibdi, xəstədi, qızım.
Həsən Kür bu şeirində yazdığı məktubdur indi, bu dünyaya bir məktub kimi gəldi, həyat yolunu yarımçıq qoyub getdi. Bu qədər sadə. Ədəbiyyat itirdi, vətən itirdi. Biz itirdik.
İtki – dərdlərin şahbəndidir.
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
窗体顶端
窗体底端
窗体顶端
窗体底端