O, sıralarımızı çox erkən tərk etdi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Yarıda qırılan bütün ömür hekayətləri təsirli və ürəkdağlayıcı olur.

Azərbaycanlı jurnalist və şair Fikrət Mursaqulov 10 iyul 1955-ci ildə Gürcüstan SSR-nin Marneuli rayonunda anadan olub. İki il sonra görmə qabiliyyətini itirib. 1964-1975-ci illərdə Bakı Respublika Kor uşaqlar üçün orta internat məktəbində ibtidai təhsil alıb, ali təhsilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində alıb.

 

1980-ci ildə təhsilini tamamlayıb, həmin ilin 1 sentyabrından 1988-ci ilin may ayına qədər Azərbaycan Korlar Cəmiyyətinin məətbəəsində baş redaktor vəzifəsində çalışıb.

 

Fikrət Mursaqulov gözdən əlilliyinə baxmayaraq, XX əsrin 80-ci illərində fəal poetik, publisistik və elmi yaradıcılıqla məşğul olub. Yazıları "Ulduz", "Azərbaycan" jurnallarında, eləcə də "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Gürcüstan", "Axali Marneuli" qəzetlərdə, eləcə də "Yaşıl budaqlar" almanaxinda dəfələrlə dərc edilib.

1986-1988-ci illərdə "Aşıq Ələsgərin poetikası" namizədlik dissertasiyasi şair-alimin ölümü səbəbindən yarımçıq qalıb. 31 may 1988-ci ildə - cəmi 33 yaşında vəfat edib və Marneuli rayonundakı (Gürcüstan) Qızılhacılı kəndində ailəvi məqbərədə torpağa tapşırılıb.

Şairin ölümündən sonra Məmməd Nazimoğlunun təşəbbüsü və Qulu Kəngərlinin himayədarlığı ilə "Təsəlli" şeirlər toplusu (Bakı, 2007, 220 səhifə) oxucuların ixtiyarına buraxılıb. 2005-ci il 10 İyul tarixində Fikrət Mursaqulovun 50 illik yubileyi münasibətilə "Onu ananların xüsusi buraxılışı" oxuculara təqdim edilib. 2012-ci ildə publisist Həzi Həsənlinin mərhum şair haqqında "İşıq əlifbası" adlı publisistik kitabı "Uğur" nəşriyyatında (140 səhifə) fikrətsevərlərə ərməğan edilib.

 

 2015-ci ildə millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşovun təşəbbüsü və himayədarlığı ilə şairin rus dilində "Utesheniye" kitabı rusdilli oxuculara təqdim olunub. Şeirləri rus dilinə şairin yaxın dostu Giya Paçxataşvili tərcümə edib.

Fikrət Mursaqulovun 60 illiyində Azərbaycan Dövlət radiosunun "Qərib axşamlar" verilişinin biri məhz ona həsr edilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.