Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Son zamanlar sosial platformalarda paylaşılan statuslardan, televiziyalarda şou-proqramların artdığı, bayağı verilişlərin çoxaldığı barədə tez-tez müxtəlif şikayətlərlə qarşılaşırıq. Amma, çox az adam gənclərə “Youtube” sosial platformasında mənəviyyatla bağlı hazırlanan verilişləri izləməyi tövsiyə edir, sanki bu verilişləri təbliğ etməkdən çəkinirlər. Məsələn, iki saat ekran arxasında əyləşib hər hansı bir bayağı verilişə baxmaqdansa, “Youtube”də bir filosofun, alimin, psixoloqun və ya mənəviyyat adamının söhbətlərinə qulaq asmaq daha faydalı olmazmı? Nə isə, bu dəfə sizə gənclər arasında mənəviyyat adamı, psixoloq kimi sevilən İlqar Kamil haqqında danışmaq istəyirəm...
O, 7 iyul 1981–ci ildə Masallı rayonunun Viləş kəndində dünyaya gəlib. Orta məktəbdə təhsil alarkən, eyni zamanda mədrəsədə də oxuyub. Sonra Bakıya üz tutub. Beynəlxalq İlahiyyat İnstitutunda bakalavr və magistr dərəcələrinə yüksəlib. Daha sonra Rusiyaya köçüb və on beş il orada yaşayıb. Rusiyada olarkən Moskva Psixo–Sosiologiya Universitetində (MPSU) ikinci ali təhsilə yiyələnib. Vətənə dönəndən sonra, əvvəl KOD psixologiya Akademiyasında işləyib, bir ilə yaxındır ki, “QAPI Psixologiya Mərkəzi”ni yaradaraq rəhbərlik edir. Bir neçə kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin və Amerika Psixoloqlar Asossiasiyasının üzvüdür...
Çalışqan, əzmkar və zəhmətkeş adamdır. Yüksək müşahidə qabiliyyəti ilə fərqlənir. O, daim ətrafdakı detallara diqqət yetirir və hər şeyi ən xırda təfərrüatına qədər araşdırmağı xoşlayır. Onun fərdi xüsusiyyətləri arasında dürüstlük, sədaqət və cəsarət önəmli yer tutur. Yalanı sevmir, verdiyi sözə yüksək səviyyədə sadiq qalır. Həyatına nizam-intizam gətirmək və ətrafdakı insanları təşkilatlandırmaq onun təbii qabiliyyətlərindən biridir. Çətinliklərdən qorxmur, iradəlidir. Ailə dəyərlərinə bağlı, romantik və istiqanlı olması ilə ətrafdakıların rəğbətini qazanır. Olduqca qürurludur, özünə inamı və mülayim xarakteri ilə seçilir. Punktual, çevik və macəraçı xüsusiyyətləri ilə diqqət çəkir. Hər zaman enerjili və dinamikdir. İnadkar xüsusiyyəti ilə həyatda üzləşdiyi çətinlikləri aradan qaldırmağa çalışır. Çox yaxşı dostdur. Aldanmağı sevmir...
Deyir ki:- “Ərkim çatan dostlara tez-tez deyirəm; bacardığımız qədər çalışıb ətrafımızdakı insanlara qəfəs deyil, yuva olmalıyıq. Bu çox vacibdir. Özüm də belə olmağa çalışıram. Nə ağır kəlmədir- qəfəs! Nə gözəl sözdür- yuva!..”
Həssas adamdır. Heç vaxt hislərini gizlətmir. Onları olduğu kimi dilə gətirməyi xoşlayır. Qayğıkeş, mülayim, anlayışlı və uzaqgörəndir. Romantik, yardımsevər və səbirlidir. Necə deyərlər, özündən çox başqalarının xeyir tapması haqqında düşünür. İdealist, sentimental və xəyalpərəstdir. Əhval-ruhiyyəsi tez-tez dəyişə bilir. Hazırcavab adamlardan xoşu gəlir...
“Bir dəfə bir oxucum;- “siz sevgidən yazırsınız, mən isə onu yaşayıram, siz qəhrəmanlıq haqqında gözəl cümlələr qurursunuz, amma kimsə qəhrəman kimi ömür sürür...”- deyə müraciət etdi. Yadıma Hessenin "Yalquzaq"ı düşdü. Orada klarnetçi Pablo alim, intellektual birinə;- “sən Bethovenin, Motzartın əsərlərini saatlarla təhlil edə bilərsən, musiqi haqqında ton-ton yazılar da yaza bilərsən, lakin əsas, çalmaq-ifa etməkdir. Harri, sən bunu bacarmırsan!”- deyib susdurmuşdu.”- söyləyir.
Keçmişinə çox bağlıdır. Ötən günləri tez-tez xatırlamağı xoşlayır. Mühafizəkar, milli adət və ənənələrə sadiqdir. Kəskin analitik düşüncəsi var. Ağlı, səbiri, iti zəkası ilə ən dolaşıq problemi həll etməyi bacarır. Risk etməyi xoşlamır. Nacə deyərlər, haram tikəyə əl uzatmır, ruzisini ənənəvi halal yolla qazanmağa üstünlük verir...
Deyir ki:- “Rəbbimə də olsa, dərdimi danışıb zarımağı sevmirəm; elə bir uğurum-zadım da yoxdur ki, hesabat verim. Bəs Ona səcdələrimdə nə deyim, nədən danışım? Deyim ki, bağışla, İlahi, əmanətinə sahib dura bilmədik, dünyanı cəhənnəmə çevirdik? Deyim ki, qardaş-bacılarımızın ağrı-acısını görməzdən gəlib özümüzçün yeni xoşbəxtlik fəlsəfəsi düzəltmişik? Deyim ki, hamılıqla "idiot" olmuşuq? Bəlkə, bağışla, görüşünə əliboş gəlmişəm, deyim? Odur, ən abırlısı susmaqdır, susmaq və demək ki, susmağa gəldim! Susmaq ayıbını bilməkdirsə, gəlmək hələ də ümidliyəm, deməkdir. Gəlmişəm, yəni düzəlmək istəyirəm, dəyişmək istəyirəm; olsun, səhlənkaram, yarıtmazam, danışmağa üzüm yoxdur, lakin əsas odur ki, gəlmişəm, mən də gəlmişəm, Sənin qapındayam...”
Rəhbərlik etdiyi “QAPI Psixologiya Mərkəzi”ndə mühazirələr oxumaqla, oraya gələn gənclərin düzgün tərbiyələnməsində, maariflənməsində əhəmiyyətli işlər görür. Onun mühazirələrində iştirak edən bir gənc yazır:- “Bu gün İlqar Kamilin "Qapı" sında elə möhtəşəm, elə mənəvi bir tədbirdə olduq ki, hələ də təsirindəyəm. Dəyərli şəxsiyyətlərin, dostların mənəvi fikirləri sanki bir sübh mehi kimi ruhuma toxundu. Bu mənəvi meh qulağıma pıçıldadı ki, xoşbəxt olmaq üçün elə də çox şeyə ehtiyac yoxdur, sadəcə qazandıqlarınla kifayətlənsən yetər...”
“Pislərin tənqidinə ayırdığımız vaxtı yaxşıların təbliğinə ayırmış olsaydıq, yaxşılar pislərə çoxdan qalib gəlmişdi. Və yaxşıların sayı da artardı.”- söyləyir.
Bəli, vaxtını yaxşıların artmasına xərcləyən İlqar Kamilin növbəti ad günü oldu, 44 yaşını qutladı. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)