İSLAM DİNİ və təbiətin və ətraf mühitin mühafizəsi Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 Bütün dinlərdə olduğu kimi İslam dinində də təbiətin və ətraf mühitin mühafizəsi ön plandadır. Hətta digər dinlərlə müqayisədə İslamda ekosistemə qayğı anlayışı daha geniş və inteqrasiya olunmuş formada təqdim olunur. Qlobal ekoloji böhranın kəskinləşdiyi indiki dövrdə dinimizin təbiətlə, ətraf mühitlə bağlı baxış və prinsiplərinin aktuallığı göz önündədir. İslam təbiəti hər bir şeyin ilahi başlanğıcı kimi təqdim edir. Ətraf mühiti bəşər həyatının zəruri şərti sayır. Belə demək caizsə, çox geniş sosial tənzimləmə sistemi olan dinimiz bizə təbiəti mühafizənin və eko-mədəniyyətin konkret formulunu (məzmununu, qaydasını və yollarını) verir. Eko-etika məsələlərində mükəmməl əxlaqi çərçivə təqdim edir ki, bu da eko-problemlərin qlobal xarakter aldığı bir dövrdə çox əhəmiyyətlidir. Yazımızda da bu barədə söhbət açacıq.

 

Norveçli professor A.Naes Quranın insanın qarşısına qoyduğu vəzifələri ekoloji aspektdən qiymətləndirərkən İslam dininin mövqeyini xüsusi vurğulamışdır.Dinimizdə ekologiya, təbiətin mühafizəsi ilə əlaqədar mövzular, demək olar ki, öz yüksək və bəlağətli ifadəsini tapmışdır. Quranda  və İslamın digər qaynaqlarında əhalinin sağlamlığı və ətraf mühitə qayğıkeş münasibət əsas götürülüb.  

İbtidai və qədim inanclarda, son monoteist dinlərdə, o cümlədən İslamda (Quranda, hədislərdə və məşhur İslam alimlərinin kəlamlarında) dəfələrlə bəyan olunmuşdur ki, təbiət müəyyən qanunlara və nizama tabedir. “əl-Hicr” surəsinin 85-ci ayəsində göy, yer və onların arasında olan hər şeyin yerli-yerində, bir-birinə uyğun şəkildə yaradıldığı, bütün canlı varlıqların qarşılıqlı əlaqədə olduğu göstərilir. Təsadüfi deyildir ki, imam Cəfər Sadiq kəlamlarının birində deyirdi: “Bu üç şey olmasa, yaşayışın nizamı pozular: təmiz hava, təmiz, bol su və münbit torpaq”.  

Quranın “əl-Nəhr” və “əl-Ənam” surələrində bitki həyatının müxtəlifliyindən, canlıların bir-biri ilə bağlı olmasından, ağac və yaşıllıqların həyatı təmin etməsindən bəhs olunur. Bu nizam və ölçülərin canlı varlıqların, o cümlədən insanların həyatı üçün mühüm əhəmiyyəti vardır. “əl-Muminun” surəsinin 71-ci ayəsində təbiətdə nizam-intizamın  pozulmasının dəhşətli nəticələrə səbəb olacağı aydın göstərilir. Orada deyilir: “Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar korlanıb gedər, aləm bir-birinə qarışıb nizamı pozulardı. Ona görə də dinimiz təbiətdəki ekoloji tarazlığın qorunmasının vacibliyini xüsusi olaraq vurğulayır.

Təbiət Allahın yaratdığı müqəddəs bir əmanət olaraq qəbul edilir və insanın bu əmanətə qarşı məsuliyyət daşıdığını göstərilir.İslam dini təlqin edir ki, ekoloji tarazlığı qorumaqla mükəlləf olan insan təbiət ünsürlərinə sonrakı nəslə ötürüləcək “əmanət” kimi ilə yanaşmalı, həmişə və hər yerdə buna bir missiya məfkurəsi tək baxmalıdır. Bilməlidir ki, təbiətin insan əli ilə dəyişdirilməsi və ya keyfiyyətsiz hala salınması tarazlığı pozan amildir ki, bu da canlı aləmin təsirlənməsinə və ya məhvinə aparır. Quran ətraf mühitə bu cür münasibəti “təcavüz” adlandırır və belə hərəkət edənləri ilahi rəhmətdən uzaq düşmüşlərdən sayır.  

Quranda və hədislərdə ekoloji amillərdən də geniş bəhs olunur. Belə ki, “əl-Ənam” surəsinin 6 və 99-cu, “əl-Əraf” surəsinin 57-58-ci, “əl-Hicr” surəsinin 12-ci ayələrində, digər surə və ayələrdə abiotik amillərin – torpağın, suyun, küləyin, günəşin (hərarətin və işığın) təsirlərindən söz açılır. Müqəddəs kitabda günəşə, küləyə, torpağa, buluda, göyə and içilməsi həmin amillərin canlıların həyatı üçün ciddi önəm kəsb etməsindən xəbər verir.  Ümumiyyətlə, dinimizdə su, bitki aləmi, torpaq, hava, heyvanlar və quşlar yaradılmışların ilkin substantları (mövcudluğu öz-özündən doğan və varlığı başqa şeylərdən asılı olmayan başlanğıc) hesab olunub, müqəddəs sayılır.

İslam dini təbii sərvətlərdən qənaətlə istifadə etməyi buyurur və israfçılığı pisləyir, həddi aşmamaq və nəfsə uymamaq məsləhət görülür. İhramda olarkən ov etməyin, məişətdə qızıl və gümüş əşyalardan yersiz istifadənin qadağan olunması, cümə günlərində heyvan qanı axıdılmasının təqdir edilməməsi və s. əslində israfçılığın qarşısını almaq məqsədi daşıyır. Məhəmməd peyğımbər buyururdu ki, “axar suyun kənarında olsanız belə, dəstəmaz alarkən suyu israf etməyin!”.

“əl-Ənam” surəsinin 141-ci ayəsində bitki yetişdirmək, “əl-Nəhl” surəsinin 6-cı ayəsində heyvan bəsləmək kimi amillərdən bəhs olunur. Quranda əncir, zeytun, xurma, buğda, üzüm, nar və digər  ağacların qədr-qiymətini bilmək tövsiyə olunur. 

Quranda və hədislərdə heyvanat və bitki aləminə humanist münasibət bəslənildiyini görməkdəyik. Florida Universitetinin professoru, ekoloq R.Foltz yazır ki, “Ətraf mühitə və heyvanlara ən çox diqqət göstərən və yer verən Qurandır”. İslam dinində heyvanlara qarşı hər cür qeyri-insani münasibət pislənilir. Hətta şəriət heyvan kəsmək üçün iti əşyadan istifadə edilməsini tələb edir ki, kəsilən heyvan çox da əziyyət çəkməsin. Heyvanın döşünün yaralanmaması üçün, sağan adamın dırnaqlarını qısaltması belə bəyənilən əməl sayılır. Heyvan balalarının və ya digər heyvanların gözləri qarşısında kəsilməməlidir. Yemək üçün diri heyvandan ət qoparmaq (məsələn, qoyunun quyruğunu), kəsməmişdən oncə onun dərisini soymaq  və s. qadagandır. Susamış heyvana su vermək isə savab hesab olunur.

Yeməli bitkilər üstündə namaz qılmaq belə yasaqlanır. Çöldə yemək yeyilərsə, qida qalıqlarının quşlara və heyvanlara verilməsi məsləhət bilinir. Bar verən ağac müqəddəs sayılır, belə ağacların kəsilməsi və ya icarəyə verilməsi məsləhət bilinmir.   “Kim yolçuların və heyvanların kölgələndiyi ağacı boşuna və haqsız olaraq kəsərsə, Allah onu başıaşağı cəhənnəmə atar” deyilir.  

Peyğmbər bitki və ev heyvanları ilə yanaşı,  çöl quşlarına və heyvanlarına da xüsusi qayğı göstərməyi tövsiyə edirdi. Şəriətə görə, heyvanların və quşların qaça və uça bilməyən balalarını anasından ayırmaq və ya ovlamaq, heyvan döyüşdürmək, onları daş-qalaq etmək, qarışqaları yandırmaq və s. qadağan olunmuşdur. Peyğəmbər arını, şanapipiyi, hörümçək quşunu və digər ziyansız quşları öldürməyi də qadağan etmişdi.  

Dəhşətli nəticələrə səbəb ola biləcək təbii fəlakətlərin (erroziya, zəlzələ, tufan, qasırğa, daşqın və s.) önlənməsi üçün ayət namazının müəyyən olunması təbiətə qayğıkeşliyin daha bir sübutu sayıla bilər.

İslam dinində təbiətin və ətraf mühitin mühafizəsi bütün ciddiliyi ilə  tələb olunur. Göstərilir ki, təbiətə hörmət, Allahın yaratdıqlarına hörmətdir və bu, insanın dünya üzərindəki məsuliyyətinin bir hissəsidir. Həm də ətraf mühitin qorunması yalnız bir məsuliyyət deyil, eyni zamanda bir ibadətdir. İslam təbiətin bir əmanət olduğunu və ona hörmətlə yanaşmağı öyrədir.Təbiətə zərər vermək, onu məhv etmək insanın özünə qarşı zülmüdür. Çünki təbiətdə baş verən immanent dəyişikliklər öz növbəsində cəmiyyətə cavab reaksiyası verir, ekoloji ziddiyyətləri gücləndirir, onların  kəskinləşməsinə səbəb olur. “İnsanların öz əlləri ilə etdiyi əməllərin nəticəsi olaraq quruda və dənizdə fəsadlar törəyir. (Rum,41)

Antisanitariyanı günah sayan  Peyğmbərimizin “sizdən biri suya bövl etməsin!” hədisi də təbiət ünsürlərinin təmizliyini qorumağın vacibliyini bildirir. Bundan başqa Peyğəmbər Qurban bayramı zamanı kəsilən qurbanların artıq hissələrinin dərhal basdırılması və kəsim yerlərinin təmizlənməsini əmr edirdi. O, küçələrə tullantı tökülməsini də qadağan etmiş, yerə düşən zibilin qaldırılaraq ətrafdan təmizlənməsini sədəqə kimi qiymətləndirmişdi. O, deyirdi ki, “tullantı şeytanın məkanıdır”. Başqa bir hədisdə oxuyuruq ki, “hər kim yoldan daşı (zibili) götürsə, onun adına yaxşılıq yazılar”.

İslam dünyasında torpaq və ondan istifadə olunması məsələsinə olduqca zəruri,toxunulmaz və müqəddəs bir nemət kimi baxılır.Torpağın becərilməsi haqqında şəriət müqaviləsində onun yararlı olması, yararlı hala salınması və yararlı saxlanması vacib şərtlərdən biri kimi irəli sürülür. Torpaq həyatın çox vacib komponentlərindən biri hesab olunur. Hədislərin birində deyilir: “Kim torpağın bir qarışına zülm etsə, yerin yeddi qatı onun boğazına dolanar”.

 İslam dini ancaq təbiətin mühafizəsi ilə kifayətlənmir, həm də onu zənginləşdirməyi tələb edir. Bu iş hər bir insanın borcu hesab olunur və savab sayılır. Məhəmməd peyğımbər hədislərin birində belə buyurur: "Kim bir ağac əkər və o ağac meyvə verərsə, Allah həmin meyvələrin sayı qədər ona savab verər". Bir digər  hədisə deyilir ki, ələ götürülmüş fidanı qiyamət saatı çatsa belə, macal tapıb əkmək lazımdır.   Quranda bir çox surələrin adları (“Fil”, “İnək”, “Hörümçək”, “Bal arısı”, “Qarışqa”, “Atlar”) heyvan adları ilədir ki, bu da heyvana olan münasibətin ifadəsidir. Din at, dəvə, balıq, delfin, qoyun-keçi, fil, inək və s. heyvanların qədr-qiymətini bilməyi və onları bəsləməyi tövsiyə edir. 

 Dinimiz təbiətə və ekoloji mühitə zərər vuranların – onlardan şəxsi məqsədləri üçün israfçılıqla və düşməncəsinə istifadə edənlərin, qoyulmuş normaları pozanların ciddi cəzalandırılmasını irəli sürür. Məsələn, “əl-Əraf” surəsinin 163-cü ayəsində qadağan olunmuş vaxtda balıq ovlayanların Allah tərəfindən ciddi cəzalandırılacağı qeyd olunur. İmam Sadiq deyirmiş: “Heç vaxt ağacları kəsməyin. Ağacları kəsənə şiddətli əzab vardır”. Nəsainin hədislər kitabında isə belə yazılır: “Kim haqlı bir səbəb olmadan bir sərçəni öldürsə, o canlı qiyamət günü Allaha şikayət edər və “Ey Rəbbim, filan adam məni heç bir səbəb olmadan öldürdü” deyər. Şəriət ev heyvanlarının öldürülməsi və onlara xəsarət yetirilməsi üstündə diyə cəriməsi müəyyən edir.    

Gördüyümüz kimi, İslam dini ekoloji mədəniyyət və maarifləndirmənin formulunu təqdim etmişdir. Yuxarıda qeyd etdiklərimiz  bu formulun əsas mündəricatını təşkil edir.

Bizcə, qlobal ekoloji problemlərin həllində, ekoloji şüurun, əxlaq və etikanın formalaşdırılmasında dinlərin, o cümlədən də İslam dininin adı yerli və beynəlxalq təşkilatlarla bir sırada çəkilməlidir. Məscid  dini icmalarda (həmçinin ölkəmizdəki kilsə və sinaqoqlarda) moizələr zamanı, müxtəlif rəsmi və qeyri-rəsmi tədbirlərdə,  ekomaarifləndirmə işlərində İslam dininin ekoloji mədəniyyət formulundan geniş istifadə olunmalıdır. Araşdırmalar göstərir ki, bu cür məlumatlarla maarifləndirmə ətraf mühitin canlıların həyatına təsiri haqqında insanların biliklərini daha da dərinləşdirir, onları ekoloji kəşfiyyat və təmizlik işlərinə təşviq edir. Ekoloji şüurun və əxlaqın formalaşmasına daha çox kömək edir. Çünki İslam dininin buyuruqları insanların şüuruna və düşüncəsinə daha  güclü təsir göstərir. İslam həm də müəyyən həyat tərzindən, məişət qaydaları və adətlərindən ibarət olduğuna görə, bunlara dinə laqeyd adamlar belə riayət edirlər.           

Quranın təbirincə, insan Allahın yerdəki xəlifəsidir. Xəlifə olaraq o, Allahın əmanəti olan təbiəti, onun substantlarını və ətraf aləmi qorumaq üçün məsuliyyət daşıyır və bunun üçün Yaradan qarşısında  cavabdehdir. Buradan da belə anlaşılır ki, xəlifə (insan) ilahi əmanəti özündən sonrakı nəsilə  ötürməyə borcludur. Və bu onun Allah qarşısında borcudur.

Gəlin borcumuzu ləyaqətlə yerinə yetirək!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

 

 

                                                                                              

 

 

    

 

 

 

 

                   

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.