Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki:- “Yeni dərsliklərin yazılması üçün AMEA və universitetlərin birgə fəaliyyətinə ehtiyac var. Kimsə etiraz etməz ki, müstəqillik dövründə AMEA-da çox ciddi tədqiqatlar aparılıb. Ədəbiyyat tariximizin yenidən dövrləşdirilməsinin nəzəriyyəsi və tətbiqi gerçəkləşib. Universitet tələbələrinin isə demək olar ki, bundan xəbəri yoxdur. Əksər universitetlərdə qədim dövr ədəbiyyatı anlayışı sovet qadağalarına uyğun tədris olunur, orta əsrlərin tədrisində sufizmə qarşı ehtiyatlılıq, XIX əsrin yalnız maarifçi realizm üzərində qurulması ənənəsi davam edir. XX əsrin ilk onilliklərinin dünya ədəbiyyatı və milli intibah kontekstində öyrənilməsi, sovet ədəbiyyatının sənətkarlıq və ideologiya münasibətlərində yaşadığı ziddiyyətlər, formalaşdırdığı özünəməxsus poetika lazımi səviyyədə tələbələrə mənimsədilmir...”
O,1960-cı ilin iyun ayının 27-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Vayxır kəndində dünyaya gəlib. 1976-1980-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat fakültəsində ali təhsilə yiyələnib. Bir müddət müəllimkimi fəaliyyət göstərib. 1983-1986-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olub. 1986-cı ildən Ədəbiyyat nəzəriyyəsi şöbəsində təyinatla gənc mütəxəssis kimi fəaliyyətə başlayıb və həmin şöbədə müxtəlif elmi vəzifələr tutmaqla 2012-ci ildə seçki yolu ilə şöbə müdiri seçilib. 1989-cu ildə"Cəfər Cabbarlı yaradıcılığının bədii metod təkamülü" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.2004-cü ildə isə "XX əsr Azərbaycan dramaturgiyasının poetikası (Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının dramaturgiyası əsasında)" dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib.2008-ci ildə disent, 2011-ci ildə professor elmi adına layiq görülüb. Onu da qeyd edim ki, o, Azərbaycanda Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə ilk qadın elmlər doktorudur...
“Tələbələr dərslik tapmaqda çətinlik çəkirlər. Onlara Elmlər Akademiyasının son illərdə çap olunan ədəbiyyat tarixləri dərslik kimi tövsiyə olunanda başqa bir problem üzə çıxır. Akademik tədqiqata əsaslanan ədəbiyyat tarixləri bəzən məlumat genişliyi ilə tələbəni yorur. Onlar oradan özləri üçün zəruri məlumatı seçməkdə çətinlik çəkirlər.İnternet resursları da dərs hazırlığı üçün bir o qədər də əlverişli deyil. İnternetdə elmi təhlil və doğru faktlarla bərabər, çox vaxt yanlış məlumat və subyektiv təhlillərə də yol verilir. Bu halda tələbə yanlışla doğrunu seçməkdə çətinlik yaşayır. Bir universitetdə yazılan dərslikdən başqa bir universitetin xəbəri olmur. Yeni yazılan dərsliklər geniş müzakirə olunmalı, onların uğur və kəsirləri, yenilikləri, faydaları üzə çıxarılmalıdır.”- söyləyir.
Onun araşdırdığı problemlər az öyrənilməsi və aktuallığı ilə diqqəti cəlb edir. Tədqiqatlarının əsas istiqaməti ənənəvi poetik strukturların yeni dövr və müasir ədəbiyyatda təzahür xüsusiyyətləri üzrədir. XX əsrin başlanğıcı Azərbaycan ədəbiyyatında metod qarışıqlığı probleminin əsaslandırılması, Azərbaycan dramaturgiyasının poetikasının milli özünəməxsusluğunun və dramatik növdə sufizmlə bağlı element və motivlərin davamının müqayisələrlə müəyyənlişdirilməsi, ədəbiyyatda neosufizm konsepsiyası alimin əsas elminailiyyətlərindəndir. Araşdırdığı mövzular üzrə Beynəlxalq və Respublika konfranslarında maraqlı məruzələrlə çıxış edib. Nüfuzlu elmi dərgilərdə məqalələri çap olunub. 10 kitab müəllifidir (biri həmmüəlliflə, biri kollektiv monoqrafiya olmaqla). 160-dan yuxarı məqaləsi var. Məqalələri Respublikadan kənarda da elmi ictimaiyyətə təqdim olunub...
Deyir ki:- “Ali təhsildə ədəbiyyatın tədrisini müasirlik və müstəqillik dünyagörüşü səviyyəsinə gətirmək, dərslik və tələbə ünsiyyətinin psixoloji baryerini aradan qaldırmaq üçün bir sıra zəruri addımların atılması vacibdir: Onlardan birincisi- tədris proqramlarında nəzərdə tutulan mövzular müzakirə və koordinasiya olunmalıdır. İkincisi- tədrisin əsas layihəsi proqramdır və proqramlar keçən əsrin birinci yarısının çərçivələrindən çıxmalıdır. Üçüncüsü- AMEA-nın tədqiqatlarının nəticələri dərsliklərdə nəzərə alınmalıdır. Dərsliklərin yazılmasında AMEA və universitetlər birgə fəaliyyət göstərməlidir. Dördüncüsü- alternativ dərsliklər yazılmalı, onların elmi səviyyəsi və tədris üçün nə dərəcədə əlverişli olması, praktiki təsir imkanları nəzərə alınmalıdır. Beşincisi- dərs vəsaitlərinin sayı artırılmalıdır. Altıncısı isə- universitetlərarası münasibətlər və əlaqələr gücləndirilməlidir.
AMEA-nın əməkdaşı və universitetdə ədəbiyyat fənnini tədris edən bir professor kimi qarşılaşdığım mənzərədən çıxış edərək bu qənaətə gəlirəm. Ədəbiyyatşünas alimlərin, pedaqoqların bir araya gələrək tədris proqramlarını və dərslikləri müzakirə etmələrinə, birgə fəaliyyət göstərmələrinə ciddi ehtiyac var.”
O, elmi əhəmiyyətli bir sıra layihələrin yerinə yetirilməsində rəhbər və iştirakçı kimi yer alıb. Elmin İnkişafı Fondunun2013-cü ildə keçirdiyi əsas qrant layihəsi müsabiqəsinin nəticələrinə görə,onun "Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri" mövzusunda təqdim etdiyi layihə qalib elan olunub.Pilot layihəsi kimi dəyərləndirilərək layihənin elmi nəticələri ikicildlik kitab halında çap edilib. Rəhbəri olduğu layihə üzrə 4 kitab, 30-a yaxın məqalə çap olunaraq elmi ictimaiyyətə çatdırılıb. Elmi rəhbəri olduğu onlarla doktorant uğurla dissertasiya müdafiə edərək müvafuq dərəcələrdə diplom almış və ya müdafiə ərəfəsindədirlər. Çox sayda elmlər və fəlsəfə doktorluğu dissertasiyalarının rəsmi opponenti olub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü, Dissertasiya şurası sədrinin müavini, Yeni dövr Azərbaycan ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi üzrə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının da sədr müavinidir...
Sakit və emosional xanımdır. Qayğı göstərməyi, eləcə də insanlar tərəfindən qayğı görməyi xoşlayır. Çox romantik və bir o qədər də kövrək ruhludur. Keçmişə, milli dəyərlərə bağlı adamdır. Sirr saxlamağı, etibarlı dost olmağı bacarır. Ürəyi sevgi ilə doludur, necə deyərlər, xəsislikdən uzaqdır. Xeyirxahlıq etməkdən, əl tutmaqdan zövq alır. Qiybəti, paxıllığı sevmir...
Bəli, bu dəfə sizə filologiya elmləri doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməddən danışıram. Bu gün - iyunun 27-si onun yubileyidir, 65 yaşı tamam olur. Bu münasibətlə Tahirə xanımı təbrik edir, möhkəm can sağlığı arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)