Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
General Sisianova sərkərdə əzəməti, müdhiş ölümü ilə belə dərs verən Cavad xan büküldüyü Bayraq, girov götürülüb Tiflisə aparılan Gəncə qalasının qapısı, Qalanın açarları, düşməni dizə çökdürən Qılıncı qədər əzizdi. Odlar Yurdu Azərbaycanın adı, əzəməti, əyilməzliyi qədər əzizdi.
1918-ci ilin iyununda Gəncəyə köçürülən Cümhuriyyətin yolları Bakıya bağlı idi. Tomsonun, Rasselin, Çar Rusiyasından qalanların, İnqilab Komitəsinin üzvlərinin erməni daşnaklarının, Antanta dövlətlərinin maraqları Xəzər hövzəsində kəsişirdi. Cümhuriyyətin paytaxta gəlişi isə ölkənin ərazi bütövlüyü üçün şərt idi. Cümhuriyyət qurucularının Qazi Mustafa Kamal Paşa Atatürkə ünvanladığı çağırış məktubu XI Qafqaz İslam Ordusunun, Nuru Paşanın xilaskarlıq missiyasının yerinə yetirilməsi isə yekunlaşdı. Batumdan Tiflisə, Oradan Gəncəyə varan Osmanlı əsgərləri üçün səslənən ilk bayatılar Nigar Rəfibəylinin yaddaşına məhz bu günlərdə yazıldı:
Kamyon gəlir yan gəlir,
Gəncəliyə can gəlir,
Gəncənin oğlanları
Bakı üçün can verir.
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın, onun igid əsgərlərini Gəncədə Rəfibəylilər, Bakıda Hacı Zeynalabdin Tağıyev öz mülkündə, malikanəsində yerləşdirdi. Onların bütün ehtiyaclarını, texniki təchizatını öz üzərinə aldı. Xudadat bəy Rəfibəyovun klinikasında döyüşlər zamanı yaralanan türk əsgərlərinin müalicəsi təşkil olundu. “İstiqlal Bəyannaməsi”nə imza atan Milli Hökumətin nazirləri, Parlamanın üzvü, Gəncə Dumasının qlasnısı kimi tarix yaradan Rəfibəylilərlə yanaşı, sərvətini Cümhuriyyət yolunda fəda edən qüdrətli simalar istiqlaldan şirin nemətin, azadlıqdan böyük sərvətin olmadığını sübut etdilər. Gəncə şəhər Dumasının üzvü, maarifçi və xeyriyyəçi, 1920-ci ildə Azərbaycanda bolşevik işğalına qarşı baş tutan “Gəncə üsyanı”nın təşkilatçılarından biri, eyni zamanda şəhidi, şair, yazıçı, publisist, dilçi alim Mikayıl Rəfilinin atası Hacı Həsən Rəfiyev, Ali Gildiyalı Tacir, Hacı Zeynalabdin Tağıyevin, Mirzə Nəsrulla bəy Əmirovun, Hacı İrahimxəlil bəy Mahmudbəyovun yaxın dostu, Gəncənin elmi-mədəni mühitinin inkişafına töhfələr verən, nüfuzlu mesenat, toxuculuq fabrikləri, sənaye müəssisələri ilə Yaxın və Orta Şərqdə, Avropada məşhur olan, Təbrizdə, Tiflisdə, İstanbulda, Tehranda, Nijni Novqorodda xalça mağazalarına, ticarət obyeklərinə, karvansaralara malik olan Xudadat bəy Rəfibəyovun təməlini qoyduğu Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, Ələkbər bəy Rəfibəyovun Əhməd bəy Ağaoğlu, Kərim bəy Mahmudbəyovla birlikdə qurduğu Difai Partiyasının üzvü, Gəncə Şəhər Dumasının qlasnısı Hacı Məhəmmədhüseyn Rəfibəyov, nüfuzlu mesenat, Cümhuriyyətin və Milli Ordunun himayədarlarının biri, tanınmış iş adamı və sənayeçi xalça-palaz karvanları Gəncədən Yaxın və Orta Şərqə, Türküstana işləyən, karvansaraları Böyük İpək Yolunda məşhur olan, 1920-ci ildə Azərbaycanda bolşevik işğalına qarşı baş tutan “Gəncə üsyanı”nın təşkilatçılarından və iştirakçılarından biri kimi güllələnən Abbas Rəfiyev, Xudadat bəy Rəfibəyov və Həsən bəy Ağayevlə birlikdə Yelizavetpol Tibb Cəmiyyətinin qurucusu, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci və beşinci hökumətlərində nazir vəzifələrini tutan, Cümhuriyyət Qızıl Ordunun qırmızı terroru ilə üzləşərkən Gəncə üsyanına rəhbərlik edənlərdən biri kimi sinəsini düşmənə sipər edən, antiterror əməliyyatında ittiham olunan, üsyan iflasa uğradıqdan sonra mühacirəti qəbul edib Osmanlıya köçən Musa bəy Rəfibəyov, nüfuzlu mesenat, iş adamı, Gəncə Şəhər Dumasının qlasnısı, Türk Ədəmi – Mərkəziyyət firqəsinin üzvü, Musavat Partiyasının Gəncə təşkilatının sədri, Cümhuriyyət zamanı Dövlət Bankının Gəncə şöbəsinin müdiri, 1920-ci ilin Aprel qiyamı, üsyanı zamanı bolşeviklərin qorxulu röyasına, ölüm mələyinə çevrilən, üsyan yatırıldıqdan sonra Türkiyə Cümhuriyyətinə köçüb mühacirəti qəbul edən, Cümhuriyyət Tiflisdən Gəncəyə köçürülərkən, bolşeviklərin hücumları ilə üzləşəndə məşhur “Şamxar hadisələri” zamanı şəhid olan Məhəmməd Rəfiyevin atası Məşədi Əli Rəfiyev, Gəncə Şəhər Dumasının üzvü, ictimai-siyasi xadim Kərim bəy bəy Rəfibəyov, Azərbaycan Xalq Cümhuriyyəti zamanı Şəki qəzasının rəisi Əyyub bəy Rəfibəyov, Azərbaycan Xalq Cümhuriyyəti Parlamanının üzvü Abuzər bəy Rzayev və adlarını sadalamadığımız onlarla Rəfibəyli soyadının daşıyıcıları Xasməmmədovlarla, Cümhuriyyətin digər ünlü simaları, tarixi şəxsiyyətləri ilə birlikdə milli kimlik və milli mənlik uğrunda mücadilənin mücahidləri kimi tarix yaratdılar, milli məfkurədən milli dövlətçiliyə yol gəldilər. Nigar xanım Xudadat bəy qızı Rəfibəyli belə bir əzəmətli soyun davamçısı, şəcərinin daşıyıcısı idi.
Sanmasınlar ki, öldük, bir başqa bahar üçün yarpaq tökdük
1920-ci ilin apreli Azərbaycana Qızıl ordunun Qırmızı terroru ilə qədəm qoydu. Cümhuriyyətin də, Cümhuriyyət qurucularının da başının üstünü qara buludlar aldı. Fətəli xan Xoyski, Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Firudin bəy Köçərli, Xudadat bəy Rəfibəyli daha təhlükəli simalar hesab olunaraq Əliheydər Qarayev kimi milli xainlərin üzündən elə ilk günlərdən “Gəncə qiyamı”nın təşkilatçıları kimi ölümün ağuşuna atıldı. Mənəvi terrorun, mühacirətin dalıyca isə qanlı repressiyalar tüğyan etdi.
Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadiriz.
-deyən, millət Musavat Partiyasının Cümhuriyyətdən sonrakı Baş katib Cəfər Cabbarlıya qoşulub söylədi:
Qaranlıq gecədə səni gözləyib,
Durmaqdan yoruldum, ey dan ulduzu!
Uzaq üfüqlərə göz gəzdirməkdən,
Az qala kor oldum, ey dan ulduzu!
Gəncənin ilk türk və müsəlman general-qubernatoru, ilk səhiyyə naziri Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyovun qoluna qandal vurulub zindana aparıldığı gün Gəncədə yer yerindən oynadı. Gəncə qalasında Cavad xanın kürəyinə xəncər saplandığı vaxtlarda olduğu kimi. Xudadat bəy milli kimlik və milli mənlik mücahidi adında bolşevik terroruna məruz qaldığı gün Cavad xanın Şəhidlik zirvəsinə ucaldığı gündən 116 il 149 gün ötürdü. Gəncənin general-qubernatoru sıradan bir şəxsiyyət, dövlət xadimi deyildi. İkinci paytaxtda Cümhuriyyətin döyünən ürəyi, vuran nəbzi idi. General-qubernator təyin olunan gün ona Mərkəzdən bir görəv verilmişdi: “Əmin-amanlıq yaratmaq!” Xudadat bəy istintaqa verdiyi izahatda bu barədə yazırdı: “Quberniyanı idarə etməyə başlayarkən məndən tələb olunmuşdu ki, əmin-amanlıq yaradım. Görülən tədbirlər nəticəsində bütün quberniyadan quldur dəstələri təmizləndi”. 30-cu illərin dəhşətli repressiyaları başlamamış qeyd etdiyimiz kimi 20-ci illərin mənəvi terroru başladı. Cümhuriyyətin əsas sütunları onun qurbanına çevrildi. Firudin bəy Köçərli qapısına gələn bolşevikləri ac-yalavac bilib çörək və çıraqla, Xudadat bəy Rəfibəyov isə xəstə zənn edib həkim çantası ilə qarşıladı. Tarixi mənbələr, arxiv sənədləri də sübut edir ki, həbs etdikdən sonra Gəncənin qana boyanacağından nigaran olan bolşeviklər gecəylə onu qatara mindirib Bakıya yola salırlar. Bütün Gəncə ayağa qalxır. Dəmiryol vağzalına qədər Cümhuriyyətin general-qubernatorunu, Cavad xanın və Ələkbər bəy Rəfibəyovun vərəsəsini, özünün bəylərbəyini yola salır. Üsyan çıxmasın deyə Xudadat bəy əhalini “anlaşılmazlıq olduğuna, istintaqdan sonra tezliklə görüşəcəklərinə inandırır”. Şamxarun məşhur atlı diviziyası (Onlar tarixdə Cümhuriyyəti Tiflisdən Gəncəyə köçürən Milli Ordunun əsas qvardiyasının tərkib hissəsi idilər. Ş.C.) 500 atlı cəngavərlə vağzala qədər gəlir və Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyovun tək bir canı üçün bir anın içərisində 200-dən çox bolşevik əsgərini ot kimi biçib yerə sərirlər. Onlar yalnız ”Xudadat bəydən günahsız olduğunu, tezliklə bəraət alıb Gəncəyə dönəcəyini eşitdikdən sonra geriyə çəkilirlər”.
1918-ci ilin yazında Gəncəyə iki Kamyon gəlmişdi. Biri Tiflisdən, biri Osmanlıdan. Biri Cümhuriyyət qurucularını və özgürlüyün rəmzi olan Al Bayrağı, digəri isə Cümhuriyyətin və Azərbaycanın xilaskarı, erməni daşnaklarının, Xəzər hövzəsini əldən vermək üçün Bakının qapısını Cümhuriyyətin qurucularının üzünə bağlayan cəlladların qorxulu röyası XI Qafqaz İslam Ordusunun komutanı Nuru Paşanı gətirmişdi. Məğrur, müdrik, əyilməz gəncəlilər onu adına şeirlər, bayatılar ad etmişdi. “Kamyon gəlir yan gəlir, Gəncəliyə can gəlir!” deyib qürur hissi keçirmiş, ayaqlarının altında qoçlar, qurbanlar kəsmişdilər. Kədərli olsa da, qeyd edək ki, bu gedən kamyonun da, varlığı ilə ölüm karvanını şərəfləndirən Sarvanın da geri dönüşü yox idi. “Nəsimi” filmində incə bir məqam var: Şeyxin qızı Şəmsin qəlbini ələ ala bilməyən Miraşah Dövlət bəyin başını döyüş meydanında bədənindən ayırır, gətirib Sevdiyinin qabağına atır. Sarsılan, ancaq qara sevdasının eşqinə sınmayan Şəms: “Dövlət bəyin ölüsü də, gözəldir!” nidası ilə Miranşahın dünyasını tari-mar edir.
Yükü ağır kamyonun, Gəncədən gecə qopan qatarın möhnəti də, zinəti də Cavad xanın nəticəsi, Ələkbər bəy Rəfibəyovun varisi, Cümhuriyyətin ilk paytaxtının səlahiyyətli nümayəndəsi – general-qubernator Xudadat bəy Rəfibəyov idi.
İstintaqdakılar onun gəncəlilərə inamla söylədiklərini demədilər. Bəraətinə, geri dönüşünə də yer qoymadılar. Xudadat bəyin üzünə duran, əleyhinə izahat verənlərin əksəriyyəti erməni daşnaklarının içərəsindən seçilmişdi. Babakev Xyants adlı erməninin XI Qızıl Ordunun xüsusi müstəntiqinə verildiyi ifadədə deyilirdi: “Xudadat bəy xristian kəndlərini talan edən silahlı birləşmələr təşkil edərək onların qətlə yetirilməsinə çalışırdı”... Bu yersiz, həqiqətdən uzaq ifadəni oxuyan Xudadat bəyin müstəntiq Şafikyana cavabı onun bir dövlət xadimi, sərkərdə kimi əzəmətini sübut etməklə yanaşı, həm də şahzadə, vərəsə qüdrətini, Qacarlar sülaləsinə məxsus iradəsini nümayiş etdirən amillərdəndir. “Mənim fəaliyyətim barədə rəyi yalnız ermənilər deyil, ruslar, almanlar, gürcülər, yəhudilər, digər millətlərdən olanlar və Qızıl Xaç kimi təşkilatlar verə bilər. Qatı daşnak olduğu üçün dəfələrlə həbsxanaya salınmış Babakev Xyantsın ərizəsi həqiqətə uyğun deyildir”.
Xudadat bəy Rəfibəyov bu dünyaya qüdrətli şəcərənin daşıyıcısı, mənsub olduğu millətin, məmləkətin siyasi taleyini həll edən, Cümhuriyyətin aparıcı simalarından biri, neştərini süngüyə, süngüsünü qələmə çevirib təbabətdən siyasətə yol gələn Lider, Kəlamla Qələmin vəhdətində Rəfibəyli soyadının yasaq olduğunu, yarpaq tökümü yaşadığı dönəmlərdə Mövlana Cəlaləddin Rumiyə qoşulub: “Sanmasınlar ki, öldük, bir başqa bahar üçün yarpaq tökdük!” nidası ilə poeziyanın həbibi, ala gözlü nigarı kimi şöhrətlənən, adı, soyadı, imzası ilə qəvi düşməndən öc alan, Əbədi İstiqlala inamını, ümidini itirməyən Nigar Rəfibəylinin atası kimi gəlmişdi. 42 yaşında köçə karvan haqqa sarvan dünyanın hicran kəcavəsinə minib Qorqut ata misalı sulara qərq oldu. Daha doğrusu qərq edildi. O gün 1920-ci il iyunun biriydi. O gün al gözlü Xəzər Qacarların, Əfşarların, Osmanlı sultanlarının al qanına boyanmışdı. O gün tarixə sonralar 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi daxil olacaqdı. O gün nigaran Nigar Rəfibəylinin cəmi-cümlətanı yeddi yaşı vardı. Onun körpə qəlbinə dəymişdilər, sevdiyini, güvəndiyini sulara qərq etmişdilər...
Mülkü, malikanəsi müsadirə edildi...
Şura hökumətinin, bolşevik Rusiyasının Xudadat bəy Rəfibəyova kini, qəzəbi soyumadı. Onu Nargin adasında güllələyib Xəzərin sularına qərq edən rejim üzü Cavad xandan üzü bu yana miras olaraq qalan mülkünü, malikanəsini, əmlakını müsadirə etdi. Ailəsini, övladlarını Gəncədən, Gəncə qalasından, Xan bağından çıxardı. Sürgünə yolladı. Sarayda yaşamaq hüququnu əlindən aldı. Qacarların, Əfşarların, Osmanlı sultanlarının bu torpaqlardan izini silmək üçün mümkün olmayanları mümkünə çevirdi. Gözəllər gözəli Cəvahir xanıma Qaçaq Nəbinin Həcərinə, Mikayıl Müşfiqin Dilbərinə gələn xəbərlərdən gəldi. Cəllad Əliheydər Qarayev “Onunla evlənəcəyi təqdirdə” Xudadat bəyin ölüm hökmünü sürgünlə əvəz etdirəcəyinə söz verirdi. Cəvahir xanım əsilzadə idi. Bir yandan Xasməmmədovlara, o biri yandan Rəfibəylilərə bağlı idi. Bir Qacar törəsi üçün hər bir kəlmənin öz hökmü vardı. O, qatil Əliheydər Qarayevə, “sapı özümüzdən olan cəllad Baltasına”, 30-cu illərdə baltası ilə öz başını kəsən “bolşevik məmuruna” xəbər yolladı: “Atın yerinə, eşşək bağlaya bilmərəm”. Bu bir qüdrətli xatunun əzəməti idi. Ondan Nadir şah Əfşara, Əfşarlar İmperiyasının qurucusuna, oğulları Sam Mirzənin və İsmayıl Mirzənin atasına belə qardaşı Şah Təhmasibin, qardaşı oğullarının qanını belə bağışlamayan Səfəvi Şahbanusu və Naibəsi Raziyə Sultanın, Cavad xanı və oğlu Hüseynqulu xanı xəyanətin nəticəsində Şəhid edən general Sisianovun Gəncə qalasının işğalından iki gün sonra təzminat olaraq məcməyidə gətirdi iki kisə qızılı onun üzünə “Osmanlı tokatı” olaraq çırpan Bəyim xanımın iyi ətri gəlirdi. Bəyim xanım Cavad xanı Çar cəlladına dəyişmədiyi kimi, Cəvahir xanım da onun törəsini- Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyovu Bolşevik cəlladına – Əliheydər Qarayevə tay tutmadı...
Cəvahir xanımın bu tarixi qərarından, özü də bir Qacar Şahbunusu kimi hökmlə səslənən qərarından sonra Xudadat bəy güllələnir, ailənin sürgün illəri başlayır. Sürgündə keçən müdhiş illər Cəvahir xanımın sinəsinə dağları dağ üstə çəkir. Oğlu Kamil mühacirətin sərt üzünü ömrü boyu Osmalıda yaşayır. Təbib atasının mələk libasını əynindən yerə qoymur. Rəşidin taleyi Şimalda buz bağlayır. Geoloq kimi Rusiyada nüfuz qazansa da dağılan tifaqının acısını unuda bilmir. Nigarın nigaran günləri, qəmli “Bakı Gündəliyi” onu 30-cu illərin Şükriyyəsinin kədər dastanının ünvanına çevirir.
30-cu illərin müdhiş repressiyaları zamanı Əhməd Cavaddan sonra Şükriyyə xanımı övladları ilə birlikdə zindana salırlar. İstintaq zamanı erməni müstəntiq tərəfindən incidilən Şükriyyə xanımın acısına dözə bilməyən azərbaycanlı müstəntiq Şükriyyə xanıma deyir: “Sizə kömək etmək istəyirəm. Soyadınızı dəyişin. Bu sizin Orta Asiyaya deyil, Şimalı Qafqaza sürgün edilməyinizə şərait yaradar”.
Qürurun, ləyaqətin, “Azərbaycan himni” qədər əzəmətin rəmzi olan Şükriyyə xanım cavab verir: “Oğlum, mən bəy titulumu Axundzadəyə dəyişdim. Əhməd Cavadı kimə dəyişim? Bu tarixi cavabdan, daha doğrusu bir əsilzadəyə layiq cavabdan iki gün sonra o, övladları ilə sürgün qatarına mindirilib Türküstana göndərilir. Yolda övladlarının birini itirir. Sürgün illərinin əzabını yaşasa da, bəraət illərinə qədər dözür, tablayır. Firudin bəy Köçərli Gəncə təcridxanasında güllələnəndən sonra Badisəba xanım da bolşevik terrorunu yaşamışdı. Köçdən köçə qoşulmuşdu. Firudun bəyin əlyazmalarını, çırağını, gümüşü alışqanı, külqabını, stəkanını və qaşığını yanından ayırmamışdı. Ömrünün sonuna kimi yolunu gözləmişdi, dönəcəyinə ümidini, inamını itirməmişdi. Cəvahir xanım da belə olmuşdu. O, Xudadat bəyin sevgisini güzgü kimi qırılan taleyində yaşatmışdı. Gözünün nurunu, anadan olanda bacısı Suğranın adını verdiyi – Nigarını qorumuşdu. Nigar Rəfibəyli kimi yetişdirib Cümhuriyyətin qatillərinə göz dağı olmuşdu. Gəncədən Bakıya sürgün edilən gün onu ala gözlü Xəzərin sahilinə, qırağına aparmışdı. Atasının kəfəninin, mədfəninin ünvanını göstərmişdi...
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)