Varlığı ilə bu dünyaya gözəllik qatan Əzizağa Elsevər… Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Kəndimizin baş tərəfindən bir çay axırdı. Elə indi də axır. Qarayar çayı. Uşaqlıq xatirələrimin sevgisi, beşiyi Qarayar çayı. Yayda dili, topuğu quruyar, sahilləri bir-birinə əl uzadardı. Sıza-sıza, korun-korun axıb gedərdi. Yazda heç üzünü görmə. Kükrəyər, sir-sifətini dəyişdirərdi. Yatağına sığmaz, qarşısına çıxanı yıxıb dağıdardı. Burovar sıra dağlarının ətrini, çöllərin gül qoxulu nəfəsini sinəsinə sığıb gətirərdi. Bulanıq sular köpüklənər, dərədə yığılıb burular, sonra da hirsini-hikkəsini toplayıb üzüaşağı götürülərdi. Darıxanda sahilinə qaçar, danışar, pıçıltısını, nəğməsini dinləyər, ürəyimi doyunca boşaldardım. Sanki çay da məni duyar, içimdən keçəni oxuyardı. Ancaq heç vaxt məndən inciməz, yorulub usanmazdı. İçimdə bir hiss baş qaldırar, bir duyğu göyərərdi. Bu, nə idi bilmirdim. Məni məndən alır, fikrimi, xəyalımı çəkib uzaqlara aparırdı...- söyləyir.

 

Çox duyğusal adamdır. Romantik düşüncə tərzi var. Yaşı 70-i ötsə də uşaqlıq xatirələri heç vaxt onu rahat buraxmır. Qarayar çayının ecazkar səsi hələ də qulaqlarından getmir. Unutmadığı çox məqamlar var. Bu, onun mükəmməllik axtarışı və detallara olan diqqətindən irəli gəlir. Hər bir vəziyyəti dərinliklə təhlil edərək, ən yaxşı qərarı qəbul etməyə çalışır...

Deyir ki:- “Anamın sözləri tez-tez yaddaşıma tökülür, sonra qəfil gələn bu xoş, ilıq hissin dumanında əriyirdi. Anam: “Çaya çox yaxın getmə haa! Dilim qurusun, birdən yıxılarsan, götürüb gedər.”-deyərdi. Sonra gözləri ilə məni yeyə-yeyə: “Bəs onda mənim balam kim olar?”- soruşardı. Anam arxayın olmadığını görüb, qulağımı astaca çəkər, yanımı yüngülcə şapalaqlayıb:” Bax, haa... məndən deməkdir.”- söylərdi. Anama:”Yoox, daha getmərəm!..”- desəm də, özümlə bacarmırdım. Elə bil içimdə kimsə məni qıdıqlayır, çağırırdı. O, nagahani səs qulağımda cingildəyir, məni ovsununa, tilsiminə salırdı. Bir səhər yenə getmişdim Qarayarçayın görüşünə. Barmaqlarımı daraqlayıb bulanıq sularında oynatmış, əllərimlə ovuclayıb üzümü yumuşdum. Çay sevinmiş, suları ayağıma döşənib, ayaqqabımı yalamışdı. Qucağında gətirdiyi dağ çiçəyini ərməğan etmişdi. Əyilib çiçəyi götürmək istəyəndə, ehtiyatsızlıq edib, sürüşüb suya düşmüşdüm. Su məni axına itələmiş, oynayırmış kimi dar bir keçiddən keçirib geniş qoynuna salmışdı. Üzməyi bilmədiyimdən əl-qol atır, çırpınır, sahilə can atırdım. Çay dərin və aşağısı burulğanlı olduğundan tez-tez batıb çıxır, “Kömək edin!. Kömək edin!!.”- deyə çığırırdım.

O qədər saf-təmiz təbiəti var ki, onunla ünsiyyətdə olanda adam uşaqlaşır, durulur. Dünyanın dərd-sərindən, ağrı və əzablarından uzaqlaşıb həyata yenidən başlamaq istəyir. Bununla yanaşı o, çalışqan və çox məsuliyyətli adamdır. Hər zaman öz üzərinə düşən vəzifələri yerinə yetirmək üçün səy göstərir. İşi planlı görməyi xoşlayır və gözəl təşkilatçılıq qabiliyyəti var...

O, 1952-ci ilin sentyabr ayının 10-da Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya gəlib. Tam orta təhsilini Cəlilabad şəhər 7 saylı məktəbdə fərqlənmə ilə bitirərək həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunub və 1975-ci ildə həmin universitetin tarix fakültəsində ali təhsilə yiyələnib. 1975-1984-cü illərdə Sabirabad kənd orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışıb. 1984-cü ildən 1997-ci ilədək indiki AMEA-nın “ Elm” nəşriyyatında redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində işləyib. 1997-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın Böyük Vətən müharibəsi və müharibədən sonrakı dövr tarixi” şöbəsinə elmi işçi vəzifəsinə köçürülüb. 2001-ci ildə “Azərbaycan avtomobil nəqliyyatının bərpa və inkişaf etdirilməsi tarixi (1946-1960-cı illər)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. O, akademik nəşr olan çoxcildlik “Azərbaycan tarixi”nin VII cildinin müəlliflərindən biridir. Hazırda “Azərbaycan SSR-nin Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə əlaqələri tarixi (1946-1991-ci illər)” adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir...

Onun ən böyük güclərindən biri analitik düşüncə tərzidir. O, problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün effektiv yollar tapa bilir. Həmçinin, səmimi və etibarlı dost və əməkdaşdır. Başqalarına kömək etməkdən xoşlanır və bu səbəbdən də tez-tez etibarlı adam kimi tanınır...

Şair, jurnalist, gəmi kapitanı Faiq Balabəyli onu belə xarakterizə edir: “Kifayət qədər təəssübkeş adamdır, alimdir, yazıçıdır. Orta məktəbdə müəllimim olub və yaddaşımın heç vaxt silinməyəcək yerində adını saxlamışam. Deyim ki, müəllimimin sevimli şagirdlərindən biri olmuşam, çətinlik çəkərəm, amma onun mənim haqqımda yazdığı məqaləsində fikirlərini oxumuşam və mənə çox xoş olub. Sən demə müəlimim mənim heç də sıradan bir şagird olmamağım qənaətində olub. Hələ biz orta məktəbdə oxuyarkən onun- gənc müəllimimizin hekayələri dövrü mətbuatda dərc olunurdu, kitabı çıxmışdı və bu həqiqətən də bütün kəndin, biz şagirdlərin ürəyincə olan hadisələr idi...”

O, 1990-1991-ci illərdə “Azadlıq” qəzetində korrektor, 1992-1995-ci illərdə Qərb Universitetinin “Menecer” litseyində müəllim, sonra direktor, 1995-1996-cı illərdə “Savalan”, 1996-1997-ci illərdə “Şəhriyar” qəzetlərində ədəbiyyat şöbəsinin müdiri, 1998-1999-cu illərdə “Respublika” qəzetinin əməkdaşı, 1999-2001-ci illərdə “Təzə həyat” qəzetinin redaktoru, 2001-2003-cü illərdə Bakı şəhəri Yasamal rayon 21 saylı tam orta məktəbdə fəaliyyət göstərən gecə məktəbində tarix müəllimi, Xətai rayonundakı 147 saylı texniki humanitar litseydə tarix-ictimaiyyat müəllimi, 2003-2005-ci illərdə Kooperasiya Universitetində müəllim, 2003-2008-ci illərdə Lənkəran Dövlət Universitetində müəllim işləyib. Hazırda Bakı Qızlar Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent kimi pedaqoji fəaliyyət göstərməkdədir...

Deyir ki:- “Ömrümdən illər yarpaq-yarpaq düşürdü. Məktəbi də, institutu da bitirdim. Qardaşlarımın hərəsi bir tərəfdə, uzaq-uzaq şəhərlərdə oxudu, bacılarım nişanlandı. Valideyinlərim yaşlıydı. Daha əlləri də iş tutmurdu. Ehtiyac, sıxıntı da elə bil ki, bir tərəfdən bizi tanımışdı, heç gözləyib eləmədən də, utanmadan tez-tez qapımızı döyürdü. Aldıqlarımız da qapıdan girməmiş, sanki pəncərədən çıxırdı. Qayğılar qayğıları üstələyirdi. İçimdən keçəni dilimə gətirə bilmirdim. Bir də, danışmağa nə üzlə danışacaqdım ki?! Qarayarçayın yuxusuna şirin layla çaldığı kənddə müəllim işləyirdim. Gəncliyimin ucalığından sadəlövh uşaqlığımın qayğısız günlərinə hərdən həsrətlə baxırdım. Öz-özümə gülümsəyir, arxada qalan o təmiz, bəmbəyaz günlərimin şirinliyinə bürünmək, ovsununda itmək istəyirdim. Günlər atını çapıb gedirdi, mənimsə əllərim həsrətimin ünvanında uzanıb qalırdı...

Onun həmçinin, özünütəkmilləşdirmə və öyrənmə səriştəsi var. Yeni biliklər əldə etmək və öz bacarıqlarını inkişaf etdirmək üçün daim çalışır. Eyni zamanda sağlam həyat tərzinə və fiziki rifaha böyük önəm verir.O, elmi-tədqiqat və pedaqoji fəaliyyətlə bərabər, həm də bədii-publisistik fəaliyyətlə də məşğul olur. Onun 70-dən çox hekayəsi, 300-dən çox bədii-publisistik yazıları müxtəlif qəzet və jurnallarda, almanaxlarda çap edilib. Povest və hekayələrdən ibarət- “ İki kölgə”, “ Əbədiyyət yolçusu” və “ Anam üçün darıxmışam” kitablarının müəllifidir...

Bəli, söhbət ədəbi aləmdə Əzizağa Elsevər kimi tanınan, Əzizağa Bəhrəm oğlu Ələkbərovdan gedir. Varlığı ilə bu dünyaya gözəllik qatan insanlardan birindən...

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.