Yusifcanlılar doğma kəndlərinə qovuşdular... Featured

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

İllərdi torpaqlarımız düşmən tapdağında olarkən biz işğal günlərini qeyd edərdik. Bu gün isə doğma torpaqlarımıza möhtəşəm qayıdışımızı qeyd edirik. Bir neçə gün öncə - 12 iyun 2025–ci il tarixində Ağdam rayonu, Yusifcanlı kəndinin sakinləri 12 iyun 1993-cu ildə, təxminən elə bu saatlarda (səhər 9:00-10:00) qəfil, ayaqyalın-başaçıq tərk etməyə məcbur olduqları (həmin gün kəndin evləri yandırılmış, dinc sakinlər şəhid edilmiş və əsir götürülmüşdü) doğma kəndlərini ziyarət ediblər.

 

Yusifcanlı kəndindən olan tanınmış yazıçı, şair Zaur Ustacın verdiyi məlumata görə, yeni çəkilən Ağdam – Füzuli magistral yolunun hərəkət istiqamətində, sol tərəfdə Yusifcanlı kəhrizinin gözündən təxminən 150-200 m məsafədə kəndə gedən əsas yolun sağ tərəfində üzərində “Yusifcanlı” yazılmış bildiriş və kəndin girəcəyində “Yusifcanlı şəhidləri” məlumat lövhələri quraşdırılıb.

 Sonra kənd camaatı ötən o ağrılı-acılı günləri xatırlayıb və Şanlı Zəfərimizdən qürurla söhbət açaraq şəhidlərimizin ruhuna dua oxuyub, qazilərimizə cansağlığı arzulayıblar. “Yaşasın Müzəffər Ordumuz və Ali Baş Komandanımız” nidası ilə gələcək planlarından danışıblar. 

Beləcə, bir kəndin doğma insanları birlikdə düz 32 ildən sonra öz doğma kəndlərində, kəhriz suyundan olan çay süfrəsi arxasında sevincini bölüşərək bu unudulmaz günü fotolarla tarixə, yaddaşa çeviriblər.

Gözümüz aydın olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.