Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
O, 1952-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olub. Orta təhsilini başa vurandan sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsilə yiyələnib. On beş il "Azərbaycan gəncləri" qəzetində müxbir, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışıb. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatında azərbaycandilli mətbuat üzrə bölmənin müdiri, Mətbuat xidməti rəhbərinin müavini, 1992–1993-cü illərdə "Yurd" jurnalı baş redaktorunun 1-ci müavini, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində mətbuat katibi, spikerin köməkçisi, 2001–2004-cü illərdə "Maarifçi" qəzetinin və "Advokat+" jurnalının baş redaktoru vəzifələrində işləyib.
2005-ci ildən isə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. 2009-cu ildən həmin İnstitutun Müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdiridir...
Deyir ki:- “Təhlil edərkən belə bir qənaətə gəlmək olar ki, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanda milli və dini zəmində qarşıdurma yaratmaq cəhdləri barədə yazılan məqalələr janr, forma, üslub cəhətdən müxtəlif və rəngarəng olsalar da, ideya-məzmun xüsusiyyətlərinə görə yaxın və oxşardırlar. Belə ki, törədilən qırğınlar birmənalı olaraq Çar Rusiyası müstəmləkəçilik siyasətinin və bədnam "erməni məsələsi"nin tərkib hissəsi kimi qiymətləndirilərək şərh edilib. Publisistika siyasi kələklərin Azərbaycan multikultural mühitinə heç bir aidiyyəti olmadığını və millətlərarası münasibətlərdəki mövcud tarazlığı poza bilmədiyini göstərib. Heç bir insaniyyətə zidd fikirlərə yol verilmədən milli-ayrı seçkiliyə qarşı ikrah hissi yaradılıb, zülm və istibdaddan, milli qırğınlardan nicat yolu mütləqiyyətin devrilməsində görülüb, azadlıq uğrunda mübarizənin formalaşmasına mane olan hallar, amillər tənqid atəşinə tutularaq, xüsusən də xalqımızın başını qatan erməni-daşnaklarının təxribatçı əməlləri ifşa edilib. Nəhayət, publisistikanın belə bir dəyişməz, qərarlı səciyyəsinin formalaşmasında Azərbaycan xalqının tolerant həyat tərzi əsaslı dərəcədə rol oynayıb.”
2001-ci ildə "Qarabağ uğrunda mübarizə və 90-cı illərin Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru, 2012-ci ildə isə "Azərbaycan nəsr və dramaturgiyasında Qarabağ mövzusu" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. Onun həyat və yaradıcılıq fəaliyyətindən bəhs edən "Soraq kitabçası" adlı kitab nəşr edilib...
AMEA-nın Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva onun haqqında yazır: “Dəyərli elmi əsərlər müəllifi olduğu kimi, maraqlı bədii yaradıcılığı ilə də oxucuların diqqətini cəlb edir. Çünki həqiqi sənət əsərləri o zaman əbədiyaşarlıq qazanır ki, o, elmə söykənmiş olsun. Onun yaradıcılığında bu iki önəmli cəhət vəhdət təşkil edir. Yaradıcılığının mövzu dairəsi, problematikası, ideya zənginliyi, dili və üslubu həmişə ədəbi tənqidin diqqət mərkəzində olub. Bəkir Nəbiyev, Nizami Cəfərov, Camal Mustafayev, Şamil Salmanlı, Vaqif Yusifli və başqa görkəmli elm adamları onun yaradıcılığını müxtəlif prizmadan tədqiqata cəlb edərək, çağdaş ədəbiyyatımızdakı yerini, mövqeyini müəyyənləşdiriblər və sənət aləmində orijinal qələm sahibi, alimliyi ilə yazıçılığı bir arada birləşdirən istedadlı yazıçı kimi dəyərləndiriblər...”
Ciddi və sakit təbiəti var. Son dərəcə səbirli adamdır, praktik və analitikdir. Özünə güvənir və işlərində qətiyyətlidir. İdarəetmə bacarığı yüksəkdir. Sadiq dost, mehriban yoldaş, qayğıkeş ata və əla ailə başçısısıdır. Güclü zehni var, yaradıcılıq qabiliyyəti çoxşaxəlidir. O, həm elmi əsər, həm bədii əsər, o cümlədən də maraqlı publisist yazılar ərsəyə gətirə bilir.
“Publisist yaradıcılığı ədəbi prosesin çox mühüm və məhsuldar bir qolunu təşkil edir. Biz həyat axarının ahəngini, dövrün nəbzinin döyüntüsünü ədəbi yaradıcılığın digər növlərindən daha çox publisistikada hiss edirik. Publisistika- zamanın, mühitin tələblərinə müvafiq olaraq yaradıcılıq potensialını aktiv ictimai fəaliyyət üsuluna çevirmək vasitəsi, sənətkarın həyata nüfuzunun başlıca barometri, mövcud problemin həlli istiqamətində düşünməyə və hərəkətə sövq edən yeni fikir, ideya, enerji ötürücüsüdür...”- söyləyir.
Ümumilikdə, 19 kitabı nəşr edilib. "Yurd yeri", "Məhəbbət qocalmır", "Çörəkli adam", "Qamış", "Təqib" və digər hekayə və pyesləri uzun illər radio və televiziya ilə hələ də səsləndirilir, nümayiş etdirilir...
Xülasə, filologiya elmlər doktoru, bir sıra yaradıcılıq müsabiqələrinin mükafatçısı, yazıçı, jurnalist Elçin Mehrəliyev haqqında söhbətimi burada yekunlaşdırıram. Və onu hamılıqla növbəti ad günü münasibətilə təbrik edirik. Axı, mayın 18-i onun doğum günüdür... Özü də 73-cü.
“Ədəbiyyat və incəsənət”
(18.05.2025)