Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
İkinci Dünya müharibəsinin uğurla başa çatmasında Partizan hərəkatının müstəsna yeri, danılmaz rolu vardı
Bütün varlığı, ruhu, duyğuları ilə Azərbaycan olan qəhrəman, igid oğullarımız Böyük Vətən müharibəsində həm də Partizan hərəkatına töhfələr vermişdilər. “Buchenvald, Mauthauzen, Dahau, Zakcenhauzen, Ravesburq, Treblinka kimi ölüm düşərgələrində Avropa antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı savaşmış, mübarizə aparmışdılar.
Tarixi mənbələr də sübut edir ki, “1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yaratmışdılar. Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında mindən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında altı yüz nəfərdən çox partizan vuruşmuşdu. Krımda, Baltikyani ölkələrdə, Ukrayna və Belorusiya cəbhələrində savaşan, düşmənə öldürücü zərbələr endirən partizan dəstələrinin içərisində fəaliyyət göstərən xalq qəhrəmanlarının çoxu sonralar Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər ki, onların sırasında Hitler Almaniyasının qorxulu röyasına çevrilən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə, əfsanəvi Mixaylo da vardı.
Hitlerin “dağıdıcı qüvvə, monqoloidlər” adlandırdığı müsəlmanlar onun qorxulu röyasına çevrildi
Qafqazın işğalı üçün “Eveldeys planı”nın həyata keçirilməsi müharibənin taktiki gedişində mühüm mərhələ idi. Plan faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş rayona bölünməli idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onla, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. Hitler hələ 1941-ci il iyunun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl “Mənim mübarizəm” adlı kitabında yazırdi ki, “Müsəlman manqolodilər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdır”.
İkinci Dünya müharibəsi özü ilə fəlakət, səfalət gətirsə də, xeyrin şər, haqqın haqsızlıq üzərində təntənəsi ilə başa çatdı. Əsgər oğlunu faşist feldmarşalına dəyişməyən Stalinin sırasında oğlu Cahangiri faşizm üzərində qələbə yolunda fəda etməkdən belə çəkinməyən Bağırovun da, Dağıstanı, Mahaçqalanı, Dəmirqapı Dərbəndi Bakı, Bakı nefti, Azərbaycan, əslində isə Yaxın və Orta Şərq üçün alınmaz qalaya çevirən polkovnik komissar Əziz Əliyevin də iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov da, Yuqoslaviyanın Milli Qəhrəmanı, Xalq Azadlıq Hərəkatının liderlərindən biri kimi tarix yaradan, Mixaylo ləqəbi ilə faşist Almaniyasının qorxulu nağılına çevrilə, həlak olmasından 13 il sonra Ulu Öndər Heydər Əliyevin təhqiqatları sayəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Mehdi Hüseynzadə də, Stalinqrad uğrunda gedən qanlı döyüşlərdə şahin kimi düşmən üzərinə yeriyən Hüseynbala Əliyev də, 416-cı, 223-cü, 77-ci, 402-ci, 396-cı diviziyaların məşhur qəhrəmanları da sübut etdilər ki, öz əsərlərində, çıxışlarında “dağıdıcı qüvvə, monqoloid” adlandırdığı müsəlmanları aşağılayan Adolf Hitlerin Sovet İttifaqının üzərinə yeriməsi tarixi cinayətdir.
Azərbaycan İkinci Dünya müharibəsində, bioresursları, iqtisadi kapitalı, qəhrəman oğul və qızları, eyni zamanda intellektual potensialı ilə savaşdı. Faşizm üzərində qələbənin təmin olunmasında təkcə neft və neft məhsulları ilə deyil, akademik Yusif Məmmədəliyevin “Neftin Oktan ədədi” nəzəriyyəsi, “Molotov kokteyli” ilə mühüm rol oynadı.
SSRİ Baş Qospitallar İdarəsinin Səhra Qospitallarının qurulmasında Bağırov qədər əməyi olan akademiklər Mirəsədulla Mirqasımovun, Mustafa bəy Topçubaşovun xüsusi xidmətləri oldu. Reyxstaqa sancılan Zəfər Bayrağını çiynində daşıyan qəhrəmanların sırasında Qamboy Vəzirov, Məzahir Abbasov, Ziya Bünyadov, Züleyxa Seyidmamedova, Fatma Cabbarova kimi igidlər yer aldı.
Qələmi Süngüyə çevirən Vətən – Azərbaycan
İkinci Dünya müharibəsindəki tarixi qələbədə tarix həm də, Süngü ilə Qələmin vəhdətində yarandı. Azərbaycanın məşhurr söz xiridarları, şair, yazıçıları, publisist və jurnalistləri, incəsənət xadimləri səngərlərə sipər, düşmənlərə çəpər igidlərin ilham mənbəyinə çevrildilər. Səməd Vurğunun, Süleyman Rüstəmin, Ənvər Məmmədxanlının, Rəsul Rzanın, Zeynal Cabbarzadənin, Mir Cəlalın, Cəfər Xəndanın, Abbas Zamanovun, Nəsir İmanquliyevin, Qulam Məmmədlinin, Mirzə İbrahimovun, Bülbülün, Əminə Dilbazinin, Əfrasiyab Bədəlbəylinin, Ələsgər Ələkbərovun barıt qoxulu sənət əsərləri, poetik inciləri məhz bu dövrdə yarandı. “Ananın öyüdü”, “Ana və poçtalyon”, “Buz heykəl” müharibənin dəhşətlərinin, Ana və Vətən sevgisini özündə ehtiva edən şah əsərlər idi.
Bu il faşizm üzərində qələbənin 80 illiyidi. Bu təkcə Alman faşizmi üzərində qələbə deyil, bütün ədalətsizliyə, haqsızlığa qarşı savaşın, mübarizənin qələbəsi, xalqların birliyinin, bütövlüyünün rəmzidir. Düzdür, İkinci Dünya müharibəsindən sonra quruluş, zaman, rejim dəyişib, təbədüllatlar, soyuq müharibələr dünyanı savaş meydanına çevirib. Yaxın və Orta Şərqdə qan su yerinə axıb. İkinci Dünya müharibəsində bir, əlbir olan dövlətlər - Rusiya və Ukrayna qəvi düşmənə çevrilib, qardaş qardaşa qənim kəsilib. Evələr, ailələr, kəndlər, şəhərlər dağılıb. Dünən fərman verən bu gün can versə də, bu gün fərman verənlərin sabahı bəlli deyil, bəlli olan odur ki, dünyanın bütün ədalətli insanları fəlakətdən, səfalətdən xilasın yolunu müharibənin dayandırılmasında görür.
1945-ci ilin 9 mayı faşizm üzərində qələbəni təmin etdi. 2020-ci ilin 8 noyabrı da erməni faşizmi üzərində qələbənin əsasına çevrildi. Bu gün mövcud olan münaqişə ocaqlarının söndürülməsi, mövcud müharibələrin dayandırılması üçün dünyanın tərəqqipərvər insanlarının bir araya gəlməsinə ehtiyac var.
Dünya bizim ümumi evimiz olsa da, BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, Amerikanın, daha doğrusu Ağ evin aldığı qərarlara elə onların özünün də ehtiyacı var.
Kimin nə, necə düşünməsindən asılı olmayaraq 9 mayı Qələbə günüdür
Faşizm ölüm, müharibə, fəlakət və səfalətdir. Hitler Almaniyasının bölüşdürülmüş dünyanı yenidən bölüşdürmək uğrunda savaşı məhvə məhkum oldu. 80 ildir qeyd olunan Böyük qələbənin, tarixi zəfərin təntənəsi bu gün də dinindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi sülhə, sabitliyə, əmin-amanlığa, birliyə, bütövlüyə çağırır.
Kimin nə, necə düşünməsindən asılı olmayaraq 9 mayı Qələbə günü kimi qeyd edir, Bakı qəhrəman şəhərlər sırasında yer almasa da, İkinci Dünya müharibəsinin Qəhrəmanları ilə qürur duyuruq! Onların ömründən, günündən keçən ayları, illəri, ömrümüz, günümüz bilirik.
İkinci Dünya müharibəsinin ilk illərində Ali Baş Komandan İosif Stalin, Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov Azərbaycan Milli Diviziyalarının yaranması, onların ruh yüksəkliyinin, maddi-mənəvi, hərbi-texniki təchizatının təmin edilməsi üçün qərarlar aldı. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Bağırovun SSRİ-nin və Dağıstanın rəsmi şəxsləri ilə dialoqunu özündə əks etdirən Fond 1-də, 27-ci siyahıda, 22-ci qutuda, 145-ci işdə mühafizə olunan, qorunan rəsmi sənədlər də sübut edir ki, bu qərarların icrası üçün Dağıstan Vilayət Partiya Komitəsinin Birinci katibi Əziz Məmmədkərimoğlu Əliyevin xüsusi xidmətləri olub. Mahaçqalada formalaşdırılıb, Belorusiya, Ukrayna, Moskva, Stalinqrad cəbhələrinin yarılmasında mühüm rol oynayan diviziyalarımız Ali Baş Komandan Stalin tərəfindən dəfələrlə təltif olunub. Mümkün olmayanları mümkünə çevirən Stalin, Jukov, Molotov, Rokossovski kimi qüdrətli liderlərin sırasında yer alan polkovnik-komissar Əziz Əliyev Dağıstanın lideri, 47-48-ci cəbhələrin üzvü kimi tarix yaradıb.
Faşizm üzərində qələbənin ayrı-ayrı yubiley mərasimlərində Ulu öndər Heydər Əliyev istər hakimiyyətinin birinci, istər də ikinci mərhələsində Böyük Vətən müharibəsi qəhrəmanları, onların xatirəsinin əbədiləşdirilməsi, milli diviziyaların abidələrinin ucaldılması ilə bağlı qərarlar alıb.
1941-ci ildə Bağırovun qərarı, SSRİ Zaqafqaziya Cəbhəsinin komandanı Tülenevin dərkənarı, Ali Baş Komandan, marşal İosif Stalinin əmri ilə yaradılan 416 Toqanroq Diviziyasının fəaliyyətinin gücləndirilməsi haqqında Azərbaycan KP MK-nın Birinci katibi Bağırovla Dağıstan KP MK-nın Birinci katibi Əziz Əliyev, arasında olan dialoqları, o dövrün məşhur simaları, Beriya, Tyülinov, Çeplakov, Yakubov, Gerasimov kimi məsul şəxslərlə yazışmalarını özündə əks etdirən Azərbaycan KP MK-nın 1942-ci il fevralın 21-də çağrılan bürosunun qərarı, Milli Diviziyaların siyasi hazırlığının inkişafı ilə bağlı ön cəbhəyə göndəriləcək şair və yazıçıların siyahısının təsdiqini özündə ehtiva edən Fond 1-də, 27 siyahıda, 364-cü işdə, 45-ci qutuda qorunan sənədlər Azərbaycan xalqının tarixi savaşdakı yerini və rolunu müəyyənləşdirir. Tarixlə müasirlik arasında körpü olan Ulu Öndər Heydər Əliyevin imzası ilə təsdiqlənən 1973-cü il 13 mart tarixli KP MK-nın Bürosunun 61 saylı protokolunda öz əksini tapan sənədlər rəşadətli döyüş yoluna görə Suvarov ordeni və Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunan 416-cı Toqanroq Diviziyasının şərəfinə Rostov şəhərində abidənin ucaldılması ilə bağlı alınan qərarı özündə əks etdirir. Fond 1-də, 60-cı siyahıda, 21-ci işdə, 4-cü qutuda qorunan sənədlər sübut edir ki, faşizm üzərində qələbənin 30 illiyi, eyni zamanda diviziyanın yaranmasının 30 illiyi şərəfinə ucaldılan abidənin 1975-ci ilin 9 mayında təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyev tarixi nitqi ilə ilahi ədaləti yerinə qoymaqla yanaşı, qəhrəmanlar yetirən Qəhrəman Diyarın – Odlar Yurdu Azərbaycanın haqqına sahib çıxıb.
Bu il faşizm üzərində qələbənin 80, erməni faşizmi üzərində qələbənin 5 illiyidir. İkinci Dünya müharibəsi bir millət, məmləkət olaraq bizim üçün 300 min insanın itkisi, faciəsi, minlərlə əsgər və zabitin əlil, şikəst olması, Birinci və İkinci Qarabağ savaşı isə iyirmi mindən çox igidin Şəhidlik zirvəsinə ucalması, bir o qədər də insanın, bir parası Vətən olan Qazilərin yarımcan olması ilə nəticələndi.
İkinci Dünya müharibəsindən sonra yerlə-yeksan edilmiş Stalinqrad, Kerç, Odessa, Melitapol, Moskva, Sovetspol kimi şəhərlər yenidən tikilib quruldu. İnsan insana söykəndi. Sovet İttifaqı Böyük Vətən müharibəsinin yarasını sardı.
İkinci Dünya müharibəsində olduğu kimi 44 günlük Vətən müharibəsi də bizi bir xalq, Millət, Məmləkət olaraq bir etdi, bütöv etdi. Dəmir Yumruğa döndərdi! Ruhların şəhərinə, kəndinə çevrilən Şərqi Zəngəzura, Qarabağa can gəldi. İndi üzü Zəngəzur dəhlizinə, Doğudan Batıya, Türküstandan, Zəngəzurdan, Qarabağdan Naxçıvana, Anadoludan TURAN qopan dillərə, illərə, ilçələrəyik. “Qarabağ Azərbaycandır!” nidası ilə “Biz Zəngəzur dəhlizini açacağıq. Bu bizim haqqımızdır. Kimsənin bunu əlimizdən almağa gücü yetməz!” deyən, iki dünya bir olsa da, üstünə aləm yerisə də, verdiyi sözü tutan, yerinə yetirən, Sözü imzası olan Liderimizin, Prezident İlham Əliyevin imzaladığı 2025-ci il 21 aprel tarixli “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı, Moskvada keçiriləcək Qələbə paradına Milli Ordumuzun əsgər və zabit heyətindən, müxtəlif qoşun növlərindən ibarət dəstənin göndərilməsi, ölkəmizin ən yüksək səviyyədə təmsil olunması bir daha sübut edir ki, “Heç kəs unudulmur, heç nə yaddan çıxmır!” Necə ki, dünyanın rənginin, ahənginin necə, hansı biçimdə olmasından asılı olmayaraq qisas qiyamətə qalmır. Faşizm üzərində qələbə Ədalətin təntənəsi, Sülhün, sabitliyin, əmin-amanlığın qorunması, dünyanın xilası, insanlığın nicatıdır.
Tanrı istənilən müharibədə, haqq savaşında şəhid olanların ruhunu şad, məkanını cənnət, məqamını uca etsin. “Heç kəs unudulmur, heç nə yaddan çıxmır” nidası, “Ana Vətən çağırır!” sevdası ilə səngərlərə sipər, düşmənlərə çəpər olan qəhrəmanlıq dərsini qəhrəmanlardan alan Əsgərlərimizi qorusun!
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)