İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Stepan Aleksandr oğlu Paçikov. O, Azərbaycandandır. İllik 2 milyard dollar dövriyyəsi olan və çoxumuzun smartfonlarında yüklü olan "EverNote"nin yaradıcısıdır. Lakin Azərbaycanda çox az adam tanıyır Paçikovu. Bu yazı da onun haqqında oxucularımıza məlumat vermək məqsədi ilə qələmə alınıb.
S.Paçikov Vartaşen (indiki Oğuz) udilərindəndir. 01 fevral 1950-ci ildə Azərbaycan Respublikasının keçmiş Vartaşen kəndində (indi şəhərdir) anadan olmuşdur. Atası Aleksandr Paçikov milliyyətcə udin, anası Yekaterina Pankova isə milliyyətcə rus olub. Uşaqlığı və ilk məktəb illəri də Vartaşendə keçmişdir. Sonralar Mingəçevir məktəbində oxuduğu qeyd olunur.
Novosibirsk Dövlət Universitetində, Tbilisi Dövlət Universitetində və Moskva Dövlət Universitetində oxumuş, burada riyazi metodların iqtisadi tətbiqi üzrə fəxri magistr dərəcəsi almışdır. SSRİ Elmlər Akademiyasında qeyri-səlis məntiq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1986-cı ildə Moskvada ölkənin ilk kompüter klubunu qurub və Moskva Uşaq Kompüter Klubunun prezidenti olub. Burada uşaqlara kompüter proqramlaşdırması, veb dizaynı və s. öyrədilirdi. O dövrdə bu mərkəz Moskvada adi insanların kompüterdən istifadə edə biləcəyi yeganə yer idi.
S.Paçikov az sonra "ParaGraph" şirkətini qurur. Paçikovun ideyası onun "Apple" şirkəti ilə əməkdaşlığına səbəb olur. Şirkət ondan "Newton" noutbukları üçün əlyazmaların tanınması ilə bağlı proqram hazırlamağı xahiş edir. "Apple" Stepana bu proqramı hazırlamaq üçün 6 milyon dollar təklif edir. Ancaq bunun əvəzində Paçikov və komandası ABŞ-a köçməli idi.
O, 1992-cü ildə ABŞ-nın Kaliforniya əyalətindəki Kupertinoya köçür. Lakin "Newton" layihəsi uğursuz olur. Onun şirkəti "Alter Ego" adlı virtual vaxt maşını hazırlamağa başlayır. Məqsəd uşaqları olduqları tarixdən geriyə qaytarmaq və o dövrlə tanış etmək olur. O deyirdi: "Biz virtual reallığın qabaqcılları kimi virtual reallıq modelləşdirmə dili yaratdıq. Bu texnologiyanın köməyi ilə uşaqların Qədim Romaya və ya Qədim Yunanıstana qayıtmalarına, məsələn, Arximedlə görüşmələrinə imkan yaratdıq".
1990-cı illərin ortalarında Paçikov ABŞ-da "ParaScript"ın filialını açır. Burada planşetlərdə və sensor ekranlarda əl yazısı daxil edilməsi üçün Calligrapher adlı proqram təminatı yaradır. Sonralar həmin şirkət "Silicon Graphics" tərəfindən 81 milyon dollar ödənilərək alınır. Daha sonra o müasir planşetlərin babası sayılan "Apple Newton" üçün əllə yazılan mətinləri oxuyan "Calligrapher" proqramını hazırlayır. Apple bu proqrama görə Paçikova 6 milyon dollar ödəyir.
Bu gün minlərlə insanın istifadə etdiyi "EverNote" konsepsiyasının yaranmasına (2002-ci ildə) səbəb isə insanların unutqanlığıdır. Bir çox insan kimi Stepan da "EverNote"u sözün əsl mənasında insan beyninin davamı hesab edirdi. 2002-ci ildə Paçikov "EverNote"da işə başlayır. Məhsulun ilk prototipi və "Windows" üçün ilk beta versiyası iki il sonra buraxılır. "EverNote"un orijinal versiyası bulud hesablama və məlumat sinxronizasiyasından uzaq olur. Bununla da, Paçikov "Apple"da, "Newton"da heç vaxt tam tətbiq olunmayan əlyazmanın tanınması ideyasını reallaşdıra bilir. Paçikov "EverNote"u ilk növbədə özü üçün lazımlı hesab edərək deyirdi: "Bu hər şeydən əvvəl mənim özümə lazım olan bir məhsuldur". Bu tətbiqin yaradılmasından bir müddət sonra Paçikov parkinson xəstəliyinə tutulur və xəstəliyin xarakteri kimi də bu onda yaddaş itkisinə səbəb olur.
Paçikov "EverNote"u 2007-ci ildə Fil Libin adlı Rusiyada doğulan və ondan 20 yaş kiçik olan bir amerikalıya təslim edir. O, Filin işgüzarlığındən çox razı idi və bu onun diqqətini cəlb etmişdi. S.Paçikov deyirdi ki, "Mən, Libinin məndən daha yaxşı bir rejissor olacağına tamamilə əmin idim".
Lakin o, evernote xidmət xəttinin arxasındakı tətbiqin, xidmətlərin və baxışın əsas memarı oldu və olaraq qalır. Paçikov hələ də təsis etdiyi "EverNote" şirkətinin idarə heyətinin fəal üzvü kimi qurduğu şirkətə gəlir və şirkətin gələcəyi ilə bağlı rəhbərliklə fikirlərini bölüşür.
S.Paçikov çıxışlarının birində deyir: “Mən Azərbaycanda yerləşən Vartaşen (Oğuz) kəndində anadan olmuşam... Mən Qafqaz mədəniyyətində, Qafqaz musiqisi, rəqsləri arasında, Qafqaz mentalitetinin əhatəsində böyümüşəm... və Azərbaycan musiqilərini bəyənirəm. Mən onu dinləməkdən zövq alıram”.
Uzun illər öz doğma Vətənindən ayrı düşən S.Paçikov anadan olduğu yerləri bir daha görmək həsrəti ilə yaşayır. Oğuzun tanınmış ziyalılarından, Paçikovla son vaxtlara qədər əlaqə saxlayan və yazışan hörmətli Tahir müəllim Musayev söyləyir ki, onunla hər dəfə əlaqə saxlayanda keçmiş Vartaşenə (indiki Oğuza) gəlmək, oraları bir daha görmək, uşaqlıq dostları ilə görüşmək, atasının qəbrini ziyarət etmək istədiyini bildirir. Lakin parkinson xəstəliyinə tutulduğuna görə istəklərini həyata keçirməsi mümkün olmur.
Nə deyək, Allah şəfasını versin, arsuzu gerçəkləşçsin.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)