Ölkənin yeni bəlası- uşaq qaçaqmalçılığı, yaxud YUSİF SÖNMƏZ KİMDİR? Featured

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

Bu gün fərqli bir mövzu barədə danışmaq istəyirəm. Son günlər gündəmi zəbt edən orqan mafiyası və uşaq qaçaqmalçılığı ilə bağlı sosial medialarda yayılan tükürpədici iddialar istər-istəməz hər kəsdə ciddi narahatlıq doğurur. Ərinməyib yayılan iddialar və sosial media platformalarında yaranan ajiotajları nəzərə alıb mən də bir neçə araşdırma aparmağa başladım və nəticə etibarilə gördüm ki, yayılan məlumatlar boş iddiadan ibarət deyil.

 

Bunun əyani sübutlarından biri də bölgələr və paytaxtımızın polis bölmələrinə daxil olan şikayətlərdir. Narkotik və psixatrop maddələrin qanunsuz dövriyyəsindən sonrakı gündəm maddəsinin orqan mafiyası olacağını kimsə dilinə gətirsəydi biraz gülünc səslənərdi. Ancaq həqiqətən də belə oldu. Bir bəlanı aşmadan ikinci bir bəla ilə qarşı-qarşıya qaldıq. Bəs görəsən bu kimi faktlara qarşı necə önləm almaq olar?

Əvvəlki "uşaq oğruları" ən azından valideyndən və ya uşağın yanında böyük birini görəndə istər-istəməz çəkinirdi. Ancaq indikilər nəinki valideynlərdən çəkinir, hətta bəzi uşaqları məktəbin yeməkxanasından belə qaçırdacaq qədər "irəli" gedib. Buna görə də ilk növbədə məktəblərimizdə polis nəzarətinin gücləndirilməsi zəruridir. Ən azından təhlükə bir qədər azalana qədər. Amma əsas təhlükə yaxınlaşan yay fəslindədir. Havaların isinməsi və uşaqlarımızın çölə olan marağı məsələni bir qədər də qəlizləşdirir.

Bu bəla nəinki ölkəmizdə, hətta bütün Avropada,Asiyada da yayılan bir şeydir. Bu barədə tapdığım məlumatları da diqqətinizə çatdırmaq istəyirəm.

 

Türkiyədə orqan mafiyası ilə əlaqədə suçlu bilinərək haqqında dəfələrlə həbs qərarı verilən, hər dəfəsində isə müxtəlif vasitələrlə həbs edilməkdən canını qurtaran “Frankenşteyn” təxəllüslü şəxs Kosovada da belə qanunsuz transplantasiya ilə məşğul olub. Hətta Kosova onun haqqında İnterpol xətti ilə qırmızı bülletenlə axtarış elan edib. Məlumatda deyilir ki, Yusif Sönməz bir neçə il əvvəl Kosovadakı özəl klinikalardan birində 20 min dollar qarşılığında 23 yaşlı bir türk gəncin böyrəklərini İsrail vətəndaşına köçürüb.

Bundan sonra cinayətin üstü açılıb və onun haqqında axtarış elan edilib, yaxalanmadığı üçün isə İnterpol xətti ilə qırmızı bülletenlə axtarış qərarı çıxarılıb. 1999-cu ildə Kosova müharibəsi zamanı 300 serb əsgərin qaçırılmasının BMT tərəfindən ortaya çıxarılmasından sonra aydın olmuşdu ki, bu işin də arxasında “Frankenşteyn” - Yusif Sönməz dayanır. Serb əsgərlərini öldürərək, daxili orqanlarını çıxaran və bunları başqa ölkələrə göndərdiyi iddia edilən Yusif Erçin Sönməz həmin işdən sıyrıla bilmişdi. Qeyd edim ki, Yusif Erçin Sönməz adını ilk dəfə 1997-ci ildə jurnalist Uğur Dündar “Arena” proqramında “Kasıbların böyrəklərini varlılara satır” iddiası ilə ortaya çıxarmışdı. Bundan sonra 2000-ci ilə qədər 3 dəfə cərrahiyyə masası başında orqan çıxararkən yaxalanan Yusif Sönməz dünya çapında da məşhurlaşdı. Xaricdən kimsəsiz və imkansız insanları Türkiyəyə gətirib, onların daxili orqanlarını ucuz qiymətə alıb baha qiymətə satmaqla ad qazanan Yusif Sönməz haqqında ilk məhkəmə qərarı 2005-ci ildə çıxarılıb. O, qanunsuz transplantasiya əməliyyatları keçirdiyi üçün 1 il 10 gün həbs cəzası alıb. Türkiyə məhkəməsi 2005-ci ildə Yusif Erçin Sönməzin orqan mafiyası lideri olduğunu təsdiqləyib. Ancaq həmin il Türkiyədə çıxarılan yeni cəza qanununa əsasən Yusif Erçin Sönməz müəmmalı şəkildə həbsdə yatmaqdan qurtulub. Belə ki, 2 ildən az həbs cəzasına çarpdırılmış şəxslərin cəzaları ertələndiyi üçün “Frankenşteyn” də həbsə göndərilməyib.

 

Fəaliyyətini axsatmayan Yusif Sönməz növbəti dəfə 2007-ci ildə Ankarada yenə özəl bir klinikada, lakin bu dəfə öz adını daşıyan “Sönməz Hospital”da polis əməliyyatı nəticəsində yaxalandı. Hətta həmin əməliyyat zamanı orqan mafiyasının üzvləri bir müddət polislə atışmışdı. İki nəfər polis məmurunun yaralandığı atışmada yaxalanan Sönməzin klinikada 5 nəfəri əməliyyata hazırladığı öyrənilmişdi. Bu dəfə yaxalandıqda isə iki ay istintaq müddətində həbsdə yatdı. Lakin yenə məhkum edilmədən azadlığa buraxıldı. Qanundakı boşluqlar və mafiya dəstəyi bu adamı yenidən məsuliyyətdən qurtardı.

Yusif Sönməzin Avropanın bir çox ölkələrindəki kasıb insanların böyrək və ciyərlərini ucuz qiymətə alaraq, qat-qat baha qiymətə alıcılara satması faktları da mövcuddur. Belə ki, onun Rumıniya, Bolqarıstan, Belarus, Kosova, Serbiya, Moldova və s. kimi orta və aşağı səviyyəli ölkələrdən ucuz orqan alaraq, onları fransız, italyan, ingilis və yəhudilərə baha qiymətə satdığına dair yüzlərlə məlumat var. Hətta 2004-cü ilin əvvəllərində bolqar hökuməti Türkiyəyə hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciət edərək, Bolqarıstan vətəndaşlarının daxili orqanlarını qanunsuz şəkildə əməliyyat edərək çıxarıb satan Yusif Erçin Sönməzin yaxalanaraq Bolqarıstana təslim edilməsini tələb də etmişdi.

Yusif Erçin Sönməzin orqan mafiyasından əldə etdiyi pullar İsraildə fəaliyyət göstərən banklara köçürülür. Onu da qeyd edək ki, “Frankenşteyn” Yusif Erçin Sönməz 1999-cu ildə yenə eyni ittihamla – qanunsuz orqan dəyişdirmək ittihamı ilə Türkiyə qanunlarına əsasən cərrahlıqdan uzaqlaşdırılıb və fəaliyyətinə qadağa qoyulub…

DTX-nin ölkəmizdəki son əməliyyatı “mafiya ölməzdir” fikirlərini bir daha təsdiqləmiş oldu. Hər haldaz Azərbaycanda orqan mafiyasının bu günlərədək fəaliyyətini davam etdirdiyi bir daha təsdiqləndi. Amma biz xüsusi xidmət orqanlarımızın fədakarlıqla azərbaycanlı yusiferçinlərin çiçəklənməsinə imkan verməyəcəyinə çox əminik.

 

Şəkildə: “Frankenşteyn” - Yusif Erçin Sönməz

 

“Ədəbiyyat və incəsənət”

 

(05.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.