“Biri ikisində” Xaqani Şirvaniyə ithafən Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” dərgisinin “Biri ikisində” layihəsində bu dəfə sizlərə böyük Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi çərçivəsində yazılar təqdim edirik.

 

Qafar KƏNDLİ-HERİSÇİ

XAQANİ ŞİRVANİNİN HƏYATI

 

XII əsr Azərbaycan intibah ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xaqani Şirvani Şirvanın paytaxtı əski Şamaxı şəhərində anadan olmuşdur.

Xaqaninin doğum tarixi daha çox hicri 500, 515, 519, 520, 521, 522, 525-ci illər arasında göstərilmişdir. Ancaq bu gün artıq Xaqaninin 520 (1126) - ci ildə anadan olduğu tam dəqiqliklə müəyyənləşdirilmişdir.

Xaqaninin ölüm tarixi haqqında da fikirlər müxtəlifdir. Azərbaycan ziyalılarından Novruz Ağazadə 1930-cu ildə şairin məzar daşının estampajını çıxararaq Bakıya gətirmiş, bununla da şairin 595-ci ilin şəvval ayında (avqust, 1199) Təbrizdə vəfat etdiyi və Təbrizin Sürxab məhəlləsindəki “Məqbərətüş-şüəra” (“Şairlər qəbiristanı”) adlı qəbiristanda dəfn olunduğu müəyyən edilmişdir. Məzarının başdaşında “… İbrahim Xaqani İbn Əli Şirvani” sözləri yazılmışdır.

Şairin “Əbu Bədil”, “İbn Nəccar” və başqa bu kimi künyələri olmuş, şeirlərini “Əfzələddin”, “Həssanül-əcəm”, “Həqayiqi”, “Əfzəl” təxəllüsləri ilə yazsa da, “Xaqani” onun başlıca təxəllüsü olmuşdur.

Xaqani əsərlərində ata-anasından ən geniş ölçüdə söz açan bir şairdir. Kürəkəni Vəhidəddinə yazdığı məktuba görə, ata-anasının ilki olan Xaqanidə valideyn məhəbbəti çox qüvvətli olmuşdur. Atası “Əli Nəccar Şirvani” çağırılırdı. Şair atasını “mühəndis ləqəbli şeyx”, “qızıl əlli”, “yaradıcı”, “qoca dülgər”, “sənətin piri” kimi uca sözlərlə tərif edir. “Töhfətül-İraqeyn”də şair anasının Yaxın Şərqdə məşhur qadınlardan olan Rabiə ilə adaş olduğunu yazır, evdar qadın olan Rabiə könüllü olaraq İslamı qəbul etmiş, naməlum səbəbdən qul alverçisinə kəniz satılmışdır. Alverçi-tacir onu şairin yazdığına görə, Şamaxıya gətirmişdir. Şamaxıda isə Əli Nəccar Rabiə ilə ailə qurmuşdur. Rabiənin atası “Filakusi-Kəbir” ləqəbli bir ordu başçısı, babası isə nəsturilərin xəlifəsi olmuşdur.

Şairin yüksək mənəviyyatlı bir şəxsiyyət kimi yetişməsində Rabiənin əməyi çox olmuşdur. Ana oğluna düzgün yol göstərməyə çalışmış, gözəl və yaxşı öyüdlər vermişdir. Əli Nəccar gənc ikən yoxsulluq ucundan ailəni dolandıra bilmədikdə gənc İbrahimin “ruzisi Rabiənin cəhrəsindən və əyirdiyi yundan” çıxmışdır.

Gənc İbrahimin tərbiyə və təhsilində əmisi Kafiyəddinin və oğlu Vəhidəddinin böyük əməyi olmuşdur. O, ilk təhsilini əmisinin evində və həkimxanasında almışdır. Nəhv, sərf, riyaziyyat, ilahiyyat, təbiyyat və təfsir elminə “mudərrisi” – əmisi, “əqli, vəhmi və hissi” elmlərə “muidi” – əmisi oğlu sayəsində vaqif olmuşdur. Ərəb və fars dillərini öyrənmişdir.

25 il Xaqaniyə atalıq qayğısı göstərmiş Kafiyəddin Ömər Osman oğlu “Töhfətül-İraqeyn”ə görə 545 (1150-51)-ci ildə Şamaxıda ölmüşdür. Xaqani əmisinin ölümünə şeirlər yazmışdır. Bu yazılarda Kafiyəddinin alimliyindən, şəxsiyyətindən, şairə göstərdiyi qayğısından danışılır.

Əmisi oğlu Vəhidəddin Osman Ömər oğlu tibb, nücum, hikmət, nəzm və nəsrdə, “elmi-ədəb”də dərin bilik sahibi olmuş, fəlsəfə və ilahiyyat elmində müasirlərindən seçilmiş, bacarıqlı təbib, cərrah və əczaçı, istedadlı musiqişünas kimi tanınmışdır. O, 559 (1103/04)-cu ildə Şamaxıda vəfat etmişdir.

573 (1178/79)-cü ilin başlanğıcında Təbrizdən kürəkəni Şəhabəddin Şirvaniyə göndərdiyi məktubundan öyrənirik ki, Xaqani ilk kərədən çox sevdiyi bir kəndli qızı ilə evlənmiş, 25 il onunla xoşbəxt yaşamışdır. Məktubda deyilir: “Kiçiyiniz mən 25 il tanrının bağışladığı bir kəndli qızını qorumaq, ona qayğı göstərməkdən ötrü Şirvanda nə qədər baş ağrısı və ürək ağrısı çəkdim ki, yazsam, havanın boşluqları dolar. Mənə qılınc çəkdilər. Mən onun üstünə bir günlüyə də olsa, başqa bir qadınla evlənmədim, onun arzusunu gözündə qoymadım… O mərhumənin xəstəliklərində onun qəmini çəkən, onun qulluqçusu, teşt qoyub-götürəni və ona gərək olan şeyləri verən mən idim. O, dünyadan ayrıldıqda, onun razılığı ilə Şirvandan dışarı çıxdım. And olsun o uca Tanrının duyulmaz varlığına ki, kiçiyiniz mənim vətənimdən uzaqda qalmağımın səbəbi ancaq o mərhumənin ölümüdür. Bu barədə dost və düşmənin başqa fikirləri olsa da, işin gedişinin doğrusu və düzü budur ki, dedim”.

Birinci arvadı öldükdə Xaqaninin, təxminən, 51-ə yaxın yaşı vardı. 551 (1156/57)-ci ildə oğlu Rəşid anadan olarkən anasının 18-19 yaşında olduğunu düşünsək, Xaqaninin birinci arvadı 531 (1136/37)-ci ildə anadan olmuş, 40 ilə yaxın yaşamışdır. Şair həyat yoldaşından 12 yaş böyük olmuşdur.

İkinci Məkkə səfərindən sonra 24 ilə yaxın Təbrizdə yaşayan şairin öz yazılarına görə, Təbrizə gəldikdə bir neçə ay subay yaşadıqdan sonra təbrizlilərin məsləhəti ilə Təbrizin adlı-sanlı adamlarından olan Mühəzzəbəddin Məhbub ibn əl-Vəhidin ocağından evlənmişdir. Şairin ikinci arvadı ilə neçə il yaşadığı məlum deyil. İkinci arvadı öldükdən sonra o, üçüncü kərə evlənmişdir. 

Xaqaninin əsərlərində ancaq birinci arvadından olan oğlanları Əmir Əbdülməcid və Rəşidəddindən söz gedir. Xaqani ikinci Məkkə səfərindən sonra Təbrizdə yazdığı bir şeirində oğlu Rəşidəddinin ölümündən, Əbdülməcid adlı başqa bir oğlunun Şirvanda yalqız qaldığından danışır. 20 yaşında ikən Şamaxıda vəfat edən Rəşid Xaqaninin ən sevimli övladı idi. Rəşiddən sonra, təxminən, 24 il yaşayan şair ölənə qədər sevimli oğlunun nisgilini unutmamış, “o, tez getdi, sən çox qaldın!” deyib özünü qınamışdır.

Şair üç qızı olduğunu, qızlarını Şirvanın ziyalılarına ərə verdiyini göstərmişdir. 586 (1190)-cı ildə Atabəy Qızıl Arslana göndərdiyi məktubdan kürəkənlərindən birinin Müəyyədəddin Mahmud Tiflisi olduğu aydın olur. O, Mühəzzəbəddinə göndərdiyi məktubda da Müəyyədəddindən danışmışdır. Müəyyədəddin 573(1177/78)-cü ildən Təbrizdə yaşamışdır. Xaqani Reydə xəstələnərkən “ölsəm də, oğlum Müəyyədəddinin yanında ölüm” deyərək Təbrizə tələsmişdir. Kürəkəni Müəyyədəddinin Təbrizdə – Xaqaninin yanında yaşadığı şairin başqa yazılarında da öz əksini tapıb.

Xaqaninin 51 illik “Şirvan həyatı” Şirvanşah Mənuçehr və onun oğlu Axsitanın xaqanlığı illərinə düşür. Zəmanəsində “dövlətsiz biliyin və elmin mənasız sayıldığını” yazaraq güzəranının çətinliyindən şikayətlənən gənc 540(1145/46)-cı ildə 19-20 yaşlarında saraya yol tapdıqdan sonra artıq “dolanacağı” olduğunu bildirmişdir. Şirvanşah Mənuçehr sarayına yenicə gəlmiş gənc şairin bacarığına, biliyinə heyran olmuş və ona əmirlik çini vermişdir. Donluq və xələtdən başqa, Mənuçehrdən o zaman üçün böyük pul sayılan 30 min dirhəmlik illik kəsmət alırdı. Mənuçehr xaqanlığın dəbirliyini də ona tapşırmışdı. Bu çin dövlət sirri baxımından, az qala, baş xocalıq – baş vəzirlikdən də üstün idi.

540-548(1145/46-1153/54)-ci illərdə şairin həyatında baş verən başlıca hadisələr dövrünün görkəmli adamları – Xarəzmşah Atsız, Rəşidəddin Vətvat, Xalxal hökmdarı Muhəmməd bin Əbdürrəhman Toğanyürəklə əlaqə yaratması və əmisi Kafiyəddinin ölməsidir. Şairin 544 (1149/50)-cü ildə Atsıza fars və ərəbcə yazdığı iki qəsidə, sonralar yazdığı bir qitə bizə gəlib çatmışdır. 24 yaşında ikən Atsıza göndərdiyi qəsidədən Əlaəddin Atsızı 544(1149/50)-cü ildən tanıdığı aydınlaşır. Belə münasibətlərin yaranmasında Şirvan və Xarəzm arasındakı siyasi-iqtisadi yaxınlıqlar təsirsiz deyildi. Ancaq Xaqani ilə Atsız arasındakı əlaqəni yalnız siyasətə bağlamaq doğru deyildir. Tarixçi Əlaəddin bin Ata Məlik Cuveyninin yazdığına görə, “Atsız fəzl və bilikdə ad çıxarmışdı. Onun farsca yazdığı şeirləri və rübailəri vardır”, yəni Atsız bir şair kimi də Xaqani ilə əlaqə saxlaya bilərdi. Xaqaninin Əlaəddin Xarəzmşah Atsız və Rəşidəddin Vətvatla dostluq və yaradıcılıq əlaqələri şairin şöhrətini daha da artırırdı.

Həmin illərdə şairin Şirvanşahlar sarayında qarşısına çıxa biləcək “söz bahadırı” ancaq Arandan – Gəncədən olan məliküş-şüəra (şairlərin əmiri) Əbüləla Gəncəvi idi. Əbüləlanın sözləri ilə desək, “piri köhən” – qoca dədə ilə “bürnayi-novxastə” – yenicə ayağa durmuş gənc yaradıcılıqda qarşı-qarşıya dayanmışdılar. Bir-birlərini kəskin sözlərlə həcv edən hər iki şairdə mənəm-mənəmlik duyğusu öz sözünü deyirdi. Bu mənəm-mənəmlik Xaqanidə gənclikdən, Əbüləlada isə məliküş-şüəralıqdan irəli gəlirdi. Getdikcə kəskinləşən mübahisələr aralarında ustad-şagird hörmətinin aradan qalxmasına səbəb oldu və sonda siyasi bir rəng aldı. Bədxah qüvvələr Əbüləla-Xaqani münasibətlərindən məharətlə istifadə edərək, Xaqanini Mənuçehrin gözündən salmağa nail olurlar. Belə bir qarışıq vəziyyətdə şair “hadisələrin sıxıntısından” qurtarmaq üçün çıxış yolunu səfərdə gördü. Əslində, səfərə çıxmaq, ölkələr gəzmək onun çoxdankı arzusu idi. Beləliklə, Xaqani 547(1152/53)-ci ilin sonlarında Mənuçehrdən izn alaraq birinci İraq səfərinə çıxdı.

“Töhfətül-İraqeyn”ə görə, şair ilk dəfə Kuhistan və İraqa getmək üçün Şamaxıdan yola düşmüş, Kuhistanı və İraqı gəzdikdən sonra Şirvana qayıtmışdır. O, bu səfərdə ikən 548(1153)-ci ilin məhərrəm ayında (mart) taxta çıxmış Sultan Muhəmməd Mahmud oğlu İraq sultanı, Cəlaləddin Dərgəzini isə onun baş vəziri idi. Cəlaləddin 549(1154/55)-cu ilin sonunadək bu çini daşımışdır. 548(1153/54)-ci ilin yaz və yay aylarında İraqda olan Xaqani 548(1153/54)-ci ilin sonlarında baş verən “oğuz qarışıqlıqlarından” əvvəl səfərini başa vurmuşdur. 549(1154)-cu ilin əvvəllərində Xaqani artıq Şirvanda idi. Yazdığına görə o, Kuhistanda olarkən onun “yeddi vilayətini” gəzmişdir.

İraqdan Şamaxıya qayıdan Xaqani saraya ayaq basmaq belə, istəmir. Mənuçehrin tapşırığı ilə saraya gəlməli olan şairlə Mənuçehr arasındakı danışıqlar “incə” yerə gəlib çatmışdı. Bu görüşdən sonra Mənuçehrlə Xaqani arasındakı soyuqluq daha da artdı və 552(1157/58)-ci ildə şairin həbsi ilə nəticələndi. “Mən” rədifli həbsiyyə belə bir şəraitdə yarandı.

Xaqaninin fikir böhranına son qoymaqda Nəcməddin Əhməd Simgərin mühüm yardımı olmuşdur. O illərdə Nəcməddin Dərbənddə yaşayırdı. Nəcməddinin atası Şirvanşah Fəribürzün ən yaxın adamlarından biri idi. Xaqani 552(1157/1158)-ci ildə Dərbənddə olarkən Nəcməddinin xanəgahında qonaq olmuş, məktublarında onun və Şeyx Osmanın adlarını çəkmişdir. Uzun gecələri şairlə söhbətdə keçirən Nəcməddin Əhməd Xaqaniyə mənəvi dəstək olmuşdur. “Töhfətül-İraqeyn”dəki Xızır surəti də onun prototipi hesab olunur. Nəcməddin Xaqaniyə yazdığı qitədə şairi “təmiz ruhun surəti”, “söz mülkünün əmiri” kimi sözlərlə anmışdır. Xaqaninin Nəcməddin Əhməd Simgərə cavab olaraq yazdığı qəsidədə Şirvanın 545-552(1154/55-1157/58)-ci illərdəki vəziyyəti təsvir olunmuş, Əbüləlanın başçılığı ilə şairə qarşı çıxanların hərəkətlərindən danışılmışdır.

Xaqani 551(1156/57)-ci ildə Kəbə sorağı ilə Şamaxıdan yola çıxaraq yenidən İraqa gəldi. Bu, Xaqaninin ikinci İraq səfəri idi. O, bu səfərində ölkənin şəhər və kəndlərini gəzmiş, iraqlı ziyalılardan hörmət-izzət görmüş, 551(1156/57)-ci ildə Sultan Muhamməd bin Mahmudun Həmədanın beş mənzilliyində olan ordu düşərgəsində olmuş, Sultan onu qəbul etmişdir.

Bağdadda Abbasi xəlifəsi onu böyük hörmətlə qarşılamışdı. Bu təntənəli qəbulun təşkilində Xaqaninin çoxdan tanıdığı Cəmaləddin Mosuli çox iş görmüş, əl-Müqtəfini Xaqani və onun yaradıcılığı ilə tanış etmişdi. Xəlifənin türk qızından doğulan və atasından sonra xəlifə olan oğlu Yusuf da qəbulda iştirak etmişdi. Xaqani əl-Müqtəfinin xəlifəlik sarayının mədəni-siyasi çinlərindən birini – dəbirlik təklifini qəbul etməmişdir. Şair Bağdadın elmi, mədəni həyatı ilə yaxından maraqlanmış, Bağdadın tanınmış alimlərindən Şəhabəddin Əbu Nasr Yusuf Dəməşqi və qardaşı Fəxrəddinin, İmam Əbu Hasən İbn əl-Xəlli və başqalarını hörmətlə anmışdır.

Şair Bağdaddan çıxaraq Kufəyə gəlmiş, oradan Nəcdə sarı yola düşmüş, Badiyədə, Məkkədə olmuşdur. Kufədən Məkkəyə, Məkkədən Mədinəyə, Mədinədən Şama gedən yolların üstündə yerləşən abadlıqları, şəhər və kəndləri gəzmişdir. Məkkədə böyük hörmətlə qarşılanmış, Kəbədə yazdığı qəsidəsi qızıl suyu ilə köçürülmüşdür. Həmin qəsidədə Xaqani Bağdaddan Məkkəyə necə gəldiyini, başına gələn çətinlikləri qələmə almışdır. Məkkə və Mədinədən Şama gələn və Şamın tarixi yerlərini gəzən, məşhur adamlarının qəbrini ziyarət edən şair, daha sonra Mosula gəlmiş və yaxın dostu - Mosul Atabəyinin vəziri Cəmaləddin Mosulinin qəbulunda olmuşdur.

Mosuldan Şamaxıya qayıdan Xaqani daha güclü çəkişmələrlə üz-üzə gəldi. Böyük ümidlə vətənə qayıdan şairin hər addımı izlənilir, çox adamla görüşməyə qoymurdular. Şairlə Mənuçehrin şəxsən özü maraqlanırdı. Xəfiyyələrin gətirdikləri məlumat dərhal Mənuçehrə çatdırılırdı. O, dustaq edilmədən göz dustağı olmuşdu.

Xaqani Şamaxını “darüz-zülm” (“zülm evi”) adlandırmaqda təqsirləndirilirdi. 552-554(1157/58-59)-cü illər şairin böyük təhlükələrlə, çətinliklərlə üz-üzə gəldiyi illərdir. Xaqani bu illərdə yenidən səfərə çıxmış, Təbriz, Həmədan, Qəzvin, Bağdad, Dərbənd və Gəncədə olmuşdur.

552(1157/58)-ci il Xaqaninin həyatının ağır ili olmaqla yanaşı, həm də yaradıcılığının təkmilləşdiyi bir ildir. Şairin şöhrəti artdıqca, düşmənləri də çoxalırdı. Bu illərdə şair İraqda çox məşhurlaşmışdı. “Töhfətül-İraqeyn” bütün İraqda əldən-ələ gəzirdi. Şair “Töhfətül-İraqeyn”ə sonradan yazdığı girişdə bu əsərdəki şeirlərin İraq bazarlarından “üzüağ və başıuca çıxdığını” yazır. Şairin əsərləri Xorasanda, Bağdadda, Mosulda da geniş yayılırdı.

Bəzi mənbələrdə şairin Mənuçehrin xaqanlığı illərində, bəzilərində isə Axsitanın hakimiyyəti illərində həbs edilməsindən danışılır. Bunların hər ikisi doğrudur. Xaqani ata və oğulun xaqanlığı illərində iki dəfə həbs edilmişdir.

Xaqani ilk olaraq 552(1157/58)-ci ildə Mənuçehr Şirvan xaqanı ikən dustaq edilmişdir. Şair Mənuçehrin hakimiyyəti illərində yazdığı “Sövqəndnamə” (“Andnamə”) əsərində zülmdən narazılıq etdiyindən həbsə salındığını, Mənuçehrlə arasında gərginlik olduğundan “həkim” dediyi yaxınlarından birinin tapşırığı ilə bu şeiri Şirvanşahın vəziri Rəziəddin Əbunəsr Nizamülmülkə göndərərək günahkar olmadığını, ədalət istərkən “cəfa” gördüyünü bildirmişdir.

“Sövqəndnamə”dən sonra Xaqani ayaqlarında kündə, boynunda və əllərində zəncir orta çağlar Azərbaycan ədəbiyyatının şah əsərlərindən biri sayılan məşhur “Həbsiyyə”ni yazdı. Şadiabadidən Rzaquluxan Hidayətə kimi, bir çox ədib və alim şairin “Həbsiyyə”sinə şərhlər yazmış, Əmir Xosrov Dəhləvidən Sadıq bəy Sadiqi Əfşara kimi və ondan sonra yazıb-yaradan şairlərin çoxu bu əsərə nəzirələrlə cavab vermişlər. Sonralar Xaqaninin zindanlarda yazdığı şeirlər “Həbsiyyət” (“Həbsiyyələr”) adlandırılmışdır. “Töhfətül-İraqeyn” şairin sözü ilə desək, “Səfərnamə” adlansa da, özü bir “Həbsiyyə”dir. “Həbsiyyə” və “Töhfətül-İraqeyn” şairin şah əsərləridir.

552(1157/58)-ci ildə həbsdən azad edilən Xaqani atası Əli Nəccarın evində “Töhfətül-İraqeyn”ə yeni bölmələr artıraraq ona “Töhfətül-xəvatir və zübdətül-nəvazir” (“Xatirələr ərməğanı və görülmüşlərin seçilmişləri”) adını vermiş, qırx günə bu inciləri sapa düzmüşdür. Atası Əli Nəccarın adına yazdığı dərin məzmunlu şeirini də bu günlərdə yazmışdır. Mənuçehr həbsdən azad etdiyi Xaqaniyə yaxınlaşmaq istəsə də, Xaqani artıq saraydan uzaq gəzirdi…

552(1157/58)-ci ilin sonlarında şairi Dərbənddə görürük. Onun əvvəl də Dərbənd ziyalıları, yaradıcı insanları, hakim dairələri arasında böyük nüfuzu vardı. Həmin illərdə Şamaxı ilə Dərbənd arasında çəkişmə var idi və Şirvanşahlardan narazı olan Xaqani üçün Dərbənd çevrəsi daha təhlükəsiz idi. O vaxt “sahibül-Dərbənd” – Dərbəndin hakimi Seyfəddin Arslan Müzəffər idi. 552(1157/58)-ci ilin sonlarında Dərbəndə gəlib çıxan Xaqani Dərbənd ziyalıları və əmirliyi tərəfindən yaxşı qarşılandı. Şairin Seyfəddinə ərəbcə və farsca yazdığı qəsidədə, Alandağda olan Seyfəddinə göndərdiyi məktubunda, Dərbənddə ikən yazdığı bir neçə şeirində bu haqda maraqlı məlumatlar verilir.

Dərbənddə neçə gün qaldığı bəlli deyil. Ancaq çox keçmədən burada da darıxır. Şairin əvvəlcə Dərbənddə, sonra – 554(1159)-cü ildə isə Gəncədə xəstələndiyi, yorğan-döşəyə düşdüyü məlumdur.

Yataqdan qalxar-qalxmaz Şirvan xaqanı Mənuçehrdən məktub alır. Məktubda Mənuçehr Xaqaninin yubanmadan Şamaxıya gəlməsini tələb edirdi: “Öz xoşuna gəl, gəlməsən, zorla gətirəcəyik”. Mənuçehrin məktubunda Şirvanda siyasi vəziyyətin çox ağır olduğu bildirilir, “sənin bizə tez çatmağın, həm də tez çatmağın gərəkdir” deyilirdi.

Nasirəddin İbrahim Bəkuviyə yazdığı məktuba görə, Xaqani Gəncədən – Nasirəddin İbrahimin yanından Bərdəyə gəlmiş, orada sürgündə olan əmisi oğlu Vəhidəddin Osmanla görüşmüşdür. Bərdədə ikən Mənuçehrdən aldığı məktuba görə o, əmisi oğlu ilə birlikdə Şamaxıya qayıtmalı idi. Mənuçehr Xaqanini və Vəhidəddini Şamaxıya çağırmaqla onların nüfuzundan və məsləhətlərindən bəhrələnmək istəyirdi. Bərdədən Kür çayının qırağına gələn şair Mənuçehrin ovlağına, Şirvan xaqanının ordu düşərgəsinə getmiş, Baqilani bəndinin açılışında iştirak etmiş və Mənuçehrə yazdığı qəsidəni Kafiyəddin təxəllüslü şair dostunun yardımı ilə hökmdara oxumuşdur.

Xaqaninin əmisi oğlu Vəhidəddinə və Mənuçehrin ölümündən sonra Gəncəyə – Nasirəddin İbrahim Bəkuviyə yazdığı məktubunda həyatının 555-559 (1160-1163)-cu illərindən daha çox danışılır. Bu məktuba görə, Xaqani Şirvana qayıtdıqda Mənuçehr idarəetmədə dəbir-katib Xaqaninin məsləhətlərini dinləsə də, şairi istəməyənlər yenə də onu Şirvan xaqanının gözündən salmağa çalışmışlar. Həmin dövrdə Mənuçehrə qarşı hakimiyyət çevrilişinə cəhd olunur. Çevriliş iştirakçılarının fikrincə, Şirvanın 60 saray məmuru öldürülməli, iki yüz adlı-sanlı adamın evi dağıdılmalı idi. Həmin 60 adamdan biri də Xaqani idi. Çevrilişin üstü açıldıqda, onun iştirakçılarına divan tutulur. Lakin vəzifə başına gələnlər arasında da şairi istəməyənlər az deyildi.

Xaqani Baqilani bəndinin bərpası ilə bağlı Gəncədən Şamaxıya qayıtdıqda Şirvanda siyasi vəziyyət yaxşı deyildi. 559(1163/64)-cu ildə Novruz bayramı ərəfəsində Mənuçehrin vəfatı Şirvandakı vəziyyəti daha da çətinləşdirdi. Mənuçehrin yerinə əyləşən Şirvanşah Firidun hakimiyyət uğrunda gedən çəkişmələrdə öldürüldü. Hakimiyyətə Axsitan gəldi.

Xaqani yaradıcılığının ikinci dövründə ayrıca bir mərhələ təşkil edən 559-571(1163/1175/76)-ci illər Axsitan xanlığının birinci onilliyinə təsadüf edir. Şairin sarayla və yeni xaqanla çəkişmələri başladı. Həmin dövrdə Xaqani tez-tez mərhum Şirvan xaqanı Mənuçehri xatırlayır, onun ağıl, bilik, ədalət və mərdliyindən danışır, Şirvanda artıq əmin-amanlığın, dincliyin olmadığından, ədlin ayaq altında tapdalanmasından şikayətlənirdi.

Belə cəsarətli fikirlərinə görə, yeni xaqan Axsitan Xaqaninin dustaq edilməsinə buyruq verdi. Şair ikinci dəfə həbs olundu. O, üç ay zindanda qaldı. Bu hadisə 559 (1163-64)-cu ildə Axsitanın hakimiyyəti ələ keçirməsindən az sonra baş vermişdi. Zindanda yazılmış “Yenə də” rədifli qitədə şair yenə ayaqlarına kündə vurulduğunu bildirir.

Xaqaninin külliyyatına salınmış mədhiyyələrin əksəriyyəti Şirvanşah Axsitanın adına yazılmışdır. O, Təbrizdən Axsitana göndərdiyi məktubda onun adına yazdığı şeirlərlə “Şahnamə” bağladığını bildirir. Lakin yazdıqlarından göründüyü kimi, ölkənin idarə edilməsində şairlə xaqan arasında fikir ayrılığı olmuşdur. Ədaləti idarəçiliyin əsası hesab edən Xaqani hökmdarı ədalətə və insansevərliyə çağırmağı özünə borc bilirdi. Bəzən şair bununla da kifayətlənmir, zülmə, ədalətsizliyə qarşı çıxır, özü demişkən, “dilini saxlamırdı”, yəni şairlə Axsitan arasındakı soyuqluğun, çəkişmənin əsas səbəbi dövlətin idarə olunması ilə bağlı idi. Şairin ədalət anlayışı ilə Axsitanın əməl etdiyi ədalət arasında kəskin fərq var idi.

569-70(1173/74/75)-ci illərdə Axsitanın Xaqaniyə qarşı soyuqluğu daha da artır. Yazdığına görə, Axsitan bu günlərdə onun “iqta” və “baratını” geri almışdı. 571(1175/76)-ci ildə şairin ailəsində bir-birinin ardınca baş verən hadisələr – 20 yaşlı oğlunun, yenicə doğulmuş qızının və sevimli arvadının ölümü, eləcə də hakim dairələr ilə üz-üzə gəlməsi onu birdəfəlik Şirvandan uzaqlaşmağa məcbur etdi.

571(1175/76)-ci ilin ikinci yarısında Xaqani Məkkə səfəri adı ilə Şamaxıdan uzaqlaşmaq qərarına gəlir. Həmin vaxt Bağdadın xəlifəsi əl-Müstəzi (566-575 (1170/71-1179/80) idi. Şairin yazdığına görə, həmin vaxt Məkkədə qarışıqlıq idi. Xaqani ikinci Məkkə səfərində xəlifənin qəbulunda olmuşdur.

Birinci Məkkə səfərində olduğu kimi, Xaqani yenə Bağdadın gözəlliyindən yazsa da, şəhərdəki mənəvi düşkünlüyü bəyənməmişdir. Həmin səfər əsnasında şairin Mədain şəhərinin xarabalıqlarından duyduğu ruhi sarsıntı, dərin kədər nəticəsində dünya ədəbiyyatının incilərindən biri – məşhur “Mədain xərabələri” əsəri yarandı.

Bağdaddan Mosul yolu ilə Diyarbəkrə gələn şair bir neçə gün sonra Təbrizə yola düşmüşdür. Təbrizlilər böyük bir izdihamla Təbriz yaxınlığında bir kəndə qonaq düşən şairin yanına gələrək onu təmtəraqla şəhərə gətirmişlər.

Xaqaninin Təbrizə gəldiyini eşidən Axsitan şairə məktub yazaraq onu Şirvana dəvət etsə də, Təbrizi özünə ikinci vətən seçən Xaqani 572(1176)-ci ilin payızından 595(1199)-ci ilin şəvvalına – ömrünün sonunadək Təbrizdə yaşamışdır. Məktublarından məlum olur ki, ilin qış aylarını Təbrizdə olmuş, qalan aylarını səyahətdə keçirmiş, “Axar su kimi bir yerdə dayanmamışdır”.

Xaqani 572(1176/77)-ci ilin payızında Təbrizə gəldikdə, əvvəl Ağsunqurlu Əhmədililər sülaləsinin əlində olan şəhər artıq bir ildən çox idi ki, Eldəgizlərin əlinə keçmişdi. Təbrizdə yaşadığı illərdə saraylardan uzaq gəzən şair Qızıl Arslana ünvanladığı məktubda da “şahlarla üzülüşdüyünü” yazmışdır.

Şirvana geri qayıtmaq üçün dəfələrlə təklif alan şair Şirvana qayıtmayacağının səbəbini ikinci Məkkə səfərindən sonra Axsitanın məktubuna göndərdiyi cavabda, “Bundan artıq dözə bilməz” rədifli qəsidədə açıqlamış, Şirvanda çəkdiyi sıxıntıları Axsitana sadalayaraq, artıq “Padşahların dərgahından uzaq olduğunu” bildirmişdir. Şair Şirvana dönməsə də, Təbrizdə yaşadığı 24 il ərzində doğma yurdla əlaqəsini kəsməmiş, Şirvanın ziyalıları və dövlət xadimləri ilə mütəmadi olaraq məktublaşmışdır.

579(1182/83)-cu ildə filosof Eynəddin Zəncani Təbrizə gələrək Xaqaniyə Azərbaycan alimi Qütbəddin Əbhəridən məktub gətirdikdə, şairin yazdığına görə, o, Əxlat yaxınlığında imiş. Şair ikinci Məkkə səfərindən sonra dəfələrlə Kiçik Asiya, Ərciş, Diyarbəkr, Muş və başqa yerlərdə olmuş,  hər yerdə sevgi ilə qarşılanmışdır. Ərciş və Muş səfərləri ilə bağlı olan şeirlərində şair Ərciş şəhərinin rəisi Şəmsəddin Mahmud bin Əlinin ona göstərdiyi qayğıdan danışır. Əxlat və Ərcişin yaxınlarında yaşayan nəsturilər də şairi böyük sevinclə qarşılamışlar. Sonralar Konyada olduğu, Qılınc Arslan Səlcuqi ilə görüşdüyü “Əst” rədifli rübaisindən bəlli olur. Xaqani Şamaxıda yaşadığı illərdə iki dəfə Xorasana getmək istəsə də, bu istəyinə çata bilmir. Şair 573(1177/78)-cü ildə Xorasan səfəri məqsədilə Reyə gəlmişdir. Lakin Xorasana getməsinə icazə verilməmişdir; saraylardan üz çevirməsini ona böyük günah saymışlar. Təbrizə qayıdan şair görkəmli Azərbaycan tarixçisi, hüquqşünas və yazıçısı Qazi Rüknəddin Xoyi ilə görüşmüşdür. “Raiyyə” əsərində də şair Qazi Rüknəddin Xoyi, Rüknəddin Razi, Əminəddin və Tacəddin Razinin adlarını çəkir. “Raiyyə” Xaqaninin Xorasan məqsədli Rey səfərinin yekunu sayılmalıdır. 580(1185)-ci ildə Xaqani yenə də Xorasana getmək üçün Kuhistana gəlmiş, lakin yenə də Xorasana buraxılmamışdır. O, “Xorasanda taparam” rədifli şeirini həmin günlərdə yazmışdır. Bu illərdə Cəmaləddin Mosulinin oğlu ilə yaxın olan Xaqani Mosul Atabəyi Seyfəddin, onun vəziri Mücahidəddin Qaymazla da yaxınlıq etmişdir.

Xaqani həyatının 580-595(1185/1199)-ci illərini Təbrizdə keçirmişdir. Həmin illərdə Marağa, Xoy, Ruindej, Zəncan, Qəzvin, Dərgəzin, Həmədan və Mərəndi dönə-dönə gəzmişdir. O dövrdə yazdığı şeirlərində dostları Qütb, Şəms, Nəcm, Əbubəkr və Şəhabın adlarını çəkmiş, Cəmaləddin İsfahani, Rafei, Cəlaləddin Xari, Əsirəddin Əxsikəti, Mücirəddin Beyləqani, Zəhirəddin Fəryabi və başqa alim-şairlərlə əlaqə saxlamışdır. Zəhirəddin Fəryabiyə yazdığı məktub bizə gəlib çatmışdır.

Xoy şəhərinin rəisi və Eldəgizlər dövlətinin görkəmli xadimi, alim, ədib Xacə İmad Xoylu Xaqaninin ən yaxın arxadaşlarından biri idi. Xacə İmad Xoylu Xaqani və Nizaminin ən yaxın himayədarlarından sayılır. Deməli, şairin əlaqə saxladığı, yazışdığı şəxslərin əksəriyyəti Azərbaycanın adlı-sanlı adamları olmuşdur. Bu da XII yüzillikdə Azərbaycanda mədəni həyatın inkişaf etdiyini göstərir.

Təqiyəddinin yazdığına görə, Xaqani ömrünün sonlarında “badi fətq” (qarın boşluğunun yırtılması) xəstəliyinə tutulmuş və xəstəliyin kəskinləşməsi nəticəsində də vəfat etmişdir. O, 75 il yaşamış, 595-ci ilin şəvval (1199-cu ilin avqust) ayında dünyasını dəyişib Təbrizdə “Məqbərətüş-şüəra” qəbristanında basdırılmışdır. Şairin məzarı XII yüzillikdən bəri, Təbrizdə böyük hörmətlə qorunur. Son illər “Məqbərətüş-şüəra”da basdırılmış bir sıra görkəmli şəxsiyyətlərə, o cümlədən Xaqaniyə abidə ucaldılmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.